AZƏRBAYCAN ABŞ-LA MÜNASİBƏTLƏRDƏ BƏRABƏRHÜQUQLU YANAŞMANIN BƏRPASINI ARZULAYIR

Azərbaycan Prezidenti İlham Əliyevin Çin televiziyasına verdiyi müsahibə ölkəmizin beynəlxalq münasibətlərdəki mövqeyi, Qərb dövlətlərinin siyasi qeyri-müəyyənliyi və ABŞ-la gələcək əməkdaşlığa dair aydın mesajlar ehtiva edirdi. Prezidentin sözlərindən belə nəticəyə gəlmək olar ki, Azərbaycan ABŞ-la münasibətlərin yeni mərhələyə qədəm qoymasını gözləyir və bu əməkdaşlıqda konstruktiv, bərabərhüquqlu yanaşmanın bərpasını arzulayır.

Prezident İlham Əliyev xüsusilə Bayden administrasiyasının son dörd ildəki hakimiyyəti dövründə ABŞ-ın Azərbaycana münasibətində ədalətsizliyə yol verdiyini vurğulayıb.  Lakin onu da bildirib ki, bunun əksinə olaraq, Donald Trampın birinci prezidentliyi zamanı ölkələrimiz arasındakı əlaqələr daha sağlam və müsbət çərçivədə inkişaf edirdi. Həqiqətən də Trampın hakimiyyəti dövründə ABŞ-ın Cənubi Qafqaz siyasəti daha neytral idi və regional aktorların suveren hüquqlarına hörmət edilirdi. Bundan fərqli olaraq Bayden administrasiyası Azərbaycana qarşı ikili standartlar tətbiq etməyə başladı. İndi isə Azərbaycan ümid edir ki, ABŞ-ın yeni administrasiyası ölkəmizlə daha sağlam əməkdaşlıq qurmaq niyyəti nümayiş etdirəcək. Bu mənada Bakının əsas gözləntiləri ABŞ-ın Cənubi Qafqaz regionuna obyektiv yanaşmasını təmin etmək, tərəfsiz vasitəçi mövqeyində çıxış etməsinə nail olmaq və iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində daha güclü əməkdaşlıq qurmaqdır.

Azərbaycan üçün bu siyasi qeyri-müəyyənliklər fonunda ən vacib məqam isə yeni ABŞ administrasiyası ilə sabit və müsbət münasibətlərin qurulmasıdır. Bakı üçün əsas məsələ Qərb dövlətlərinin daxili siyasi oyunlarında tərəf olmamaq, beynəlxalq münasibətlərdə balanslı siyasət yürütmək və milli maraqlarını qorumaqdır. Yəni Azərbaycan ABŞ-la münasibətlərin əvvəlki uğurlu məcraya qayıtmasını istəyir. Prezident İlham Əliyevin çıxışından görünür ki, Bakı Vaşinqtonla əməkdaşlıq üçün açıqdır və tərəflərin bir-birinə hörmət çərçivəsində yeni dialoq platforması yaratması zəruridir. Bu çərçivədə Azərbaycanın Amerikanın yeni administrasiyadan gözləntiləri ilk növbədə siyasi münasibətlərin yenidən inkişaf etdirilməsi, ABŞ-ın Azərbaycana qarşı ədalətli və obyektiv siyasət aparmasıdır. Bundan əlavə, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji, nəqliyyat və texnologiya sahələrində strateji əməkdaşlığın gücləndirilməsi də diqqət mərkəzində saxlanmalıdır. Həmçinin təhlükəsizlik və sabitliyin təmin olunması çərçivəsində ABŞ-ın Cənubi Qafqazda sabitliyin qorunmasına dəstək verməsi və balanslı mövqe nümayiş etdirməsi Bakı tərəfindən arzuolunan vəziyyətdir. Bu sırada ikili standartlardan uzaq dayanmaq, ərazi bütövlüyü və suverenlik məsələsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin tanınması və bu məsələdə birtərəfli yanaşmalardan çəkinilməsi Azərbaycanın Tramp adminstrasiyasından əsas gözləntilərinə daxildir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri də Avropa liderlərinin siyasi qeyri-müəyyənlik içində olması ilə bağlı fikirləridir. O, xüsusilə vurğulayır ki, bir sıra Avropa liderləri Donald Trampın əvvəlki dövrdə hakimiyyətdə olmadığı zaman ona qarşı ədalətsiz mövqe sərgiləyib və indi vəziyyətin dəyişməsindən narahatdırlar. Prezident İlham Əliyevin sözlərinə görə, bu narahatlıq artıq real siyasi nəticələr doğurur. O, nümunə olaraq Kanadanın Baş naziri Castin Trudonun istefasını göstərib və bildirib ki, Trampın sadəcə bir cümləsi bu prosesə təsir edə bilib. Bu, gələcəkdə də müəyyən Avropa liderləri üçün çətinliklər yaradacaq.

Bir sözlə, Azərbaycan öz xarici siyasətində praqmatik və reallıqlara əsaslanan yanaşmanı üstün tutur. Prezident İlham Əliyevin müsahibəsindəki fikirlər də bunu təsdiqləyir. Bakı ABŞ-la yeni bir səhifə açmağa hazırdır və bu prosesin qarşılıqlı hörmət, strateji maraqların uzlaşdırılması və tarazlı yanaşma əsasında aparılmasını gözləyir.