Ermənistan parlamentinin Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsini birinci oxunuşda qəbul etməsi bu ölkənin siyasi reallıqlardan nə qədər uzaq düşdüyünü bir daha göstərir. Özünün iqtisadi, hərbi və geosiyasi gerçəkliklərini nəzərə almadan Avropa İttifaqı ilə inteqrasiyanı mümkün sayan Ermənistan rəhbərliyi, əslində, yalnız daxili auditoriyanı sakitləşdirmək və Qərbin maraqlarına xoş görünmək üçün bu addımı atır. Lakin reallıq odur ki, Ermənistan hələ də Rusiyanın güclü təsiri altında olan, iqtisadi baxımdan zəif və qeyri-müəyyən gələcəyə malik bir ölkədir. Bu vəziyyətdə Avropa İttifaqına üzv olmaq bir yana, hətta yaxınlaşmaq belə, illüziyadan başqa bir şey deyil.
Ermənistanın Avropa İttifaqına qoşulmaq istəyi bir neçə səbəbdən absurddur. Birincisi, “Ermənistanın həqiqi hakiminin kimdir” sualına cavab tapmaq lazımdır. İndi heç kimə sirr deyil ki, Ermənistanın siyasi elitası nə qədər Qərbə yaxınlaşmaq istəsə də, ölkənin faktiki idarəedici gücü hələ də Rusiyadır. İrəvan Moskvanın siyasi, iqtisadi və hərbi nəzarəti altındadır. Belə ki, Ermənistan hələ də Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Əsas enerji resurslarını Rusiyadan asılı vəziyyətdə saxlayır. Ermənistanın qaz təchizatı tamamilə “Qazprom”un nəzarətindədir. Ölkədə Rusiya hərbi bazaları mövcuddur və sərhəd təhlükəsizliyinin bir hissəsini hələ də Rusiya qüvvələri təmin edir. Bütün bunlar Ermənistanın müstəqil qərar qəbul etmək imkanlarını məhdudlaşdırır. Avropa İttifaqına üzvlük üçün ən əsas şərtlərdən biri də ölkənin xarici və müdafiə siyasətində tam müstəqil olmasıdır. Ermənistan isə hələ də Moskvanın icazəsi olmadan əsas strateji qərarları verə bilmir.
İkinci amil iqtisadi reallıqlarla bağlıdır. Ermənistanın Avropa İttifaqına üzvlük arzusunun iqtisadi baxımdan nə qədər qeyri-real olduğu da açıq-aşkardır. Avropa İttifaqına üzv olmaq istəyən ölkə güclü və dayanıqlı iqtisadiyyata malik olmalı, Ümumi Daxili Məhsul baxımından Avropa İttifaqı standartlarına yaxınlaşmalıdır. Bundan əlavə, o, Avropa bazarına uyğun iqtisadi və hüquqi islahatlar həyata keçirməlidir. Ermənistanda isə vəziyyət fərqlidir. Onun iqtisadiyyatı zəif və kövrəkdir. Ölkənin ÜDM-i Avropa İttifaqı ölkələri ilə müqayisədə çox aşağıdır. Xarici sərmayələrə ciddi ehtiyac var, lakin siyasi qeyri-sabitlik və korrupsiya bu sərmayələri cəlb etməyə imkan vermir. Bundan başqa, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və Avropa İttifaqına inteqrasiya etmək üçün bu birlikdən çıxmalı, ciddi iqtisadi dəyişikliklər etməlidir. Bu isə Ermənistanın onsuz da zəif iqtisadiyyatını daha da böhrana sala bilər.
Ermənistanın Avropa İttifaqına üzvlüyünü mümkünsüz edən üçüncü amil isə siyasi qeyri-müəyyənliklə əlaqədardır. Belə olan halda Ermənistan rəhbərliyinin Avropa İttifaqına yaxınlaşmaq cəhdlərinin daha çox daxili auditoriyanı manipulyasiya etməyə yaradığı anlaşılır. Yəni Nikol Paşinyan hökuməti Ermənistan cəmiyyətindəki Avropaya inteqrasiya arzularını şişirdərək, ölkəni faktiki olaraq heç vaxt əldə edə bilməyəcəyi bir hədəfə yönəltməyə çalışır. Bununla da real problemləri – iqtisadi durğunluğu, əhalinin sosial vəziyyətinin pisləşməsini və siyasi sabitliyin olmamasını kölgədə saxlamaq istəyir. Digər tərəfdən, bu cəhd Rusiyadan qopmaq üçün edilən bir jest kimi görünə bilər. Lakin Moskva bu tip addımlara heç vaxt səssiz qalmayıb. Gürcüstan və Ukraynanın Avropa ilə yaxınlaşma cəhdlərinin necə nəticələndiyi bəllidir. Ermənistanın Rusiya ilə açıq qarşıdurmaya girməyə nə hərbi, nə də iqtisadi gücü var. Bu baxımdan, Paşinyan hökumətinin Avropa İttifaqına doğru atdığı addımlar daha çox simvolik xarakter daşıyır və ciddi nəticə doğurması ehtimalı çox azdır.
Ermənistan artıq uzun illərdir ki, siyasi qərarsızlıq içindədir. Bir tərəfdən Rusiyanın təsirindən qurtulmaq istəyir, digər tərəfdən isə Moskvadan tam asılıdır. Qərbə inteqrasiya etmək arzusunu dilə gətirir, lakin bunun üçün heç bir real addım ata bilmir. Əgər İrəvan həqiqətən Avropa İttifaqına inteqrasiya etmək istəyirsə, ilk növbədə Moskvanın təsirindən tam çıxmalı, iqtisadiyyatını gücləndirməli və hüquqi islahatlar aparmalıdır. Lakin Ermənistanın hazırkı vəziyyətində bu, demək olar ki, mümkün deyil. Buna görə də Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı parlament müzakirələrinin siyasi manipulyasiyadan başqa bir şey olmadığı ortadadır. Bu, nə Avropa İttifaqının, nə də Rusiyanın ciddi qəbul etdiyi bir prosesdir. Reallıq isə budur: Ermənistan hələ uzun müddət qeyri-müəyyənlik içində qalacaq və öz strateji mövqeyini müəyyənləşdirə bilmədiyi üçün həm Qərb, həm də Şərq qarşısında etibarsız tərəfdaş kimi görünəcək.