Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya səfəri çərçivəsində Prezident Emmanuel Makronla keçirəcəyi görüş Ermənistan-Fransa əlaqələrinin siyasi və iqtisadi sahələrdə dərinləşməsi məqsədinə xidmət edəcək. Çünki Fransa Ermənistanın Cənubi Qafqazda vacib müttəfiqidir və Paris bu bölgədə mövcudluğunu İrəvanın vasitəsilə təmin etməyə çalışır. Heç şübhəsiz ki, bu səfər Ermənistanla Fransa arasında hərbi-texniki əməkdaşlığın gücləndirilməsinə də xidmət edəcək. Sürətlə Ermənistanı silahlandıran Fransa bununla Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı həyata keçirilən fəaliyyətlərə zərbə vuracaq.
Nikol Paşinyan Emmanuel Makronu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı aparılan müzakirələr barədə məlumatlandıracaq. Bu baxımdan Makronun ənənəvi qızışdırıcı mövqeyini yenidən işə salması, sülh danışıqlarına mane olmaq cəhdlərinin yenidən reallaşması əsas müzakirə mövzusu kimi görünür. Ermənistanı mümkün sülh prosesindən kənarlaşdırmaq, Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına töhfə verməmək, əksinə mane olmaq siyasəti müxtəlif təlimatlar formasında Nikol Paşinyanın diqqətinə çatdırılacaq.
Fransa Ermənistanın Rusiya ilə münasibətlərdə ciddi gərginliklərin yaranmasında da mühüm rola malikdir. Rəsmi Paris Ermənistanı Qərbə yaxınlaşdırmaqla İrəvanla Moskva arasında bütün körpüləri yandırır. Proseslər onu göstərir ki, Makronun Paşinyana Ermənistanı Rusiya təsirindən çıxarıb Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirməklə bağlı verdiyi tövsiyələr işə yaramır. Çünki bu, ilk növbədə Ermənistanın müstəqil xarici siyasət yürütmək imkanlarını əlindən alır, digər tərəfdən Avropa İttifaqında Ermənistan məsələsində hamı Makron kimi düşünmür.
Fransanın təsiri altında olan Nikol Paşinyan Ermənistanın Qərbə inteqrasiyasını sürətləndirmək istəyir. Beynəlxalq Frankofoniya Təşkilatının sammiti çərçivəsində onun Qərb liderləri ilə görüşləri də bu prosesi gücləndirmək cəhdidir. Yoxsa heç bir fransız icmasının yaşamadığı, fransız mədəniyyətinin olmadığı bir ölkənin bu təşkilatın sammitində iştirakı ilk baxışda təəccüblü qarşılanardı. Əslində isə Fransa Ermənistanı bu cür tədbirlərə dəvət etməklə onun saxta demokratiyasını populyarlaşdırmağa çalışır.
Frankofoniya üzvü olan ölkələr arasında diplomatik dəstək axtarışı Ermənistanın gizli məqsədlərinin olmasına dəlalət edir. Xüsusilə Afrika və Asiya ölkələrindəki Frankofoniya dövlətlərinin dəstəyini almaq və bu dəstəkdən beynəlxalq arenada Azərbaycan və Türkiyəyə qarşı istifadə etmək İrəvanın məqsədləri sırasına daxildir. Digər tərəfdən Ermənistan beynəlxalq imicini yaxşılaşdırmağa, “kiçik, lakin mühüm bir oyunçu” təəssüratı yaratmağa çalışır. Ermənistan bu təşkilatda təmsil olunmaqla özünü Avropa mədəniyyətinə və dəyərlərinə sırımağa cəhd edir.