AZƏRBAYCAN FRANSANIN AFRİKADA DA MÜSTƏMLƏKƏÇİLİK SİYASƏTİNİN İFŞASI VƏ ÇÖKÜŞÜNDƏ HƏLLEDİCİ ROL OYNAYIR

Afrika qitəsinin təbii sərvətlərinin istismarında Fransa ənənəvi olaraq əsas Qərb ölkələrindən biri olub. Elə indi də bir sıra Afrika ölkələrinin, xüsusən də müstəmləkə əsarətində saxladığı xalqların siyasi həyatına və iqtisadi inkişafına Fransa müxtəlif yollarla təsir göstərməyə çalışır. Ümumiyyətlə, Afrikada  bir çox yerli xalqların həyatının kökündən dəyişməsində, inkişafına mənfi rakursdan təsir edən kataklizmlər yaşamasında Fransa yüksək paya malikdir.  Fransa və digər bir sıra Qərb ölkələrinin XV əsrdən sonra Afrikaya daha çox ayaq açmaları,  onların başlatdıqları qul ticarəti qitə sakinlərinə misilsiz fəlakətlər yaşatdı. Dörd əsrdən çox davam edən sistemli qul ticarəti Afrika tarixin ən böyük “qara ləkələr”indəndir. Yenə də qul ticarətinin çiçəklənməsində əsas rollardan biri məhz Fransaya məxsus olub.

XVII əsrin ortalarında Fransa  Yeni Dünya adlanan ərazilərdə  Kayennanı, Martinikanı, Qvadelupanı, Haiti adasının bir hissəsini müstəmləkəyə çevirdikdən sonra buraya Afrikadan, əsas etibarı ilə də Seneqaldan çoxsaylı qullar gətirməyə başladı. Qul əməyi sayəsində əldə olunan  fantastik həcmdə gəlirlər Fransaya gedir, bu ölkənin inkişafının əsaslarından birini təşkil edirdi.  Atlantik və Hind okeanları üzərindən həyata keçirilən qul ticarətində iştirak, xüsusən də Şimali Amerika koloniyalarında afrikalı qulların istismarından əldə edilən gəlirlər Fransaya böyük kapital axınını təmin edən əsas mənbəyə çevrilirdi. Elə Fransada sənayenin inkişafının əsasında da qul ticarətindən, Afrika xalqlarının istismarından əldə olunan böyük həcmdə vəsaitlər dayanırdı. Qul ticarəti ilə zənginləşən fransızlar müxtəlif titullarla ən yüksək zadəganlar sırasına daxil olurdular. Məhz belələri sonradan iri kapitalistlərə çevrildilər. Davam edən qul ticarəti və müstəmləkə istismarı isə Afrikada əsarət altına alınmış xalqları böyük əzablara, problemlərə düçar etdi. Bu hal  milyonlarla afrikalının ölümünün də əsas səbəbi, həm də Afrikanın inkişafdan geridə qalmasına və qitə xalqlarının kütləvi yoxsulluqla üzləşməsinin əsasında dayanırdı. XIX əsrdən etibarən, ticarət müstəmləkəçiliyi sənaye kolonializmi  əvəzləməyə başladı və burada yenə də Fransa əsas iştirakçılardan biri kimi çıxış edirdi.

Maraqlı nüanslardan biri də odur ki, Böyük Fransız İnqilabının “azadlıq, bərabərlik, qardaşlıq” şüarı Afrikada keçərli deyildi. Əksinə, Fransa istismar etdiyi Afrika xalqlarını  “xristianlaşdırmaq” üçün yeni zorakı metodlardan faydalanırdı. Bunlar fonunda Fransanın Afrikadakı siyasətinin tamamilə irqçi xarakter alması da özünü qabarıq surətdə büruzə verirdi.  Afrikanın təbii sərvətlərinin də istismarını davamlı şəkildə genişləndirən Fransa müstəmləkə sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirməkdə davam edirdi. Bu hal Şimali Afrikada, Seneqal çayı boyunca olan ərazilərdə daha çox müşahidə olunurdu. Artıq XIX əsrinə sonlarına yaxın Fransanın Afrikada nəzarət və istismar etdiyi ərazilərin sahəsi  9 milyon kvadratkilometrdən çox idi.  Həmin ərazilərdə milyonlarla insan Fransa zülmünə məruz qalır, olduqca acınacaqlı həyat yaşayırdılar. Daim siyasi və sosial ayrı-seçkiliyin tətbiq olunduğu bu yerlərdə  kütləvi torpaq müsadirələri hesabına əldə olunan yüksək gəlir Fransanı daha da zənginləşdirirdi. Ötən əsrdə də ən qəddar formada tətbiq edilən müstəmləkəçilik üsullarına Fransa son qoymadı, halbuki, bu ölkə elə o vaxtda özünü demokratiyanın beşiklərindən biri, insan haqlarının müdafiəçisi adlandırırdı. Amma müstəmləkə altında saxladığı ərzilərə yenilərini əlavə etmək üçün ən dəhşətli istismar üsullarından yararlanırdı. Konqo hövzəsində yüz minlərlə insanın ölümünə səbəb olan məcburi əmək sistemi yaradılması bunun ən bariz sübutlarından biri oldu.  Həmin vaxt Fransa işğal zamanı bütöv rayonlar, şəhərlər, kəndlər dağıdılır, minlərlə dinc sakin qətlə yetirilirdi. Ələ keçirilən ərazilərdə ənənəvi hakimiyyət institutlarını da məhv edən Fransa “birbaşa nəzarət” praktikasını tətbiq edir, yaxın bildiyi şəxsləri iqtidara gətirirdi. Əslində, bu da siyasi köləliyin tətbiqindən başqa bir şey deyildi.

Daha bir cəhət o idi ki, koloniyaların qarət edilməsi qeyri-bərabər mübadilə əsasında aparılırdı. Afrika sərvətlərini və məhsullarını demək olar ki, pulsuz əldə edən Fransa qitəyə gətirilən ərzaq və sənaye mallarının qiymətlərini Avropadakından bir neçə dəfə baha satırdı. Müstəmləkə ərazilərində  milli kapitalın fəaliyyət dairəsi də tam məhdudlaşdırılırdı. Həmin ərazilərdə mədən və digər iri sənaye müəssisələri, banklar, topdansatış ticarəti, nəqliyyat, plantasiyalar və təsərrüfatlar Fransa iş adamlarının mülkiyyətində və ya nəzarətində idi. Bu da koloniyalarda iqtisadi geriliyi və çoxsaylı sosial-iqtisadi problemlərin meydana çıxmasını şərtləndirirdi. Müstəmləkə altına alınan ərazilərin mədəni sərvətlərin talan edilməsi Fransa təmsilçilərinin sevimli məşğuliyyətlərindən biri oldu. Təsadüfi deyil ki, elə indi də Fransa muzeylərində Afrikadan qəsb edilən eksponatların sayı olduqca çoxdur.  Araşdırmalar göstərir ki, Fransaya azı 30 Afrika dövlətinin tarixi və mədəni sərvətlərinin çoxlu maddi nümunələri  qəsb olunaraq aparılıb. Kaledoniya ərazilərində çoxsaylı qətllər və soyqırımları törədən Fransa nə buna, nə də istismarçı siyasətinə görə nəinki hansısa kompensasiya ödəməyib, heç əməlləri səbəbindən üzr də istəməyib.

Ötən əsrin ilk yarısında, xüsusən də İkinci Dünya Müharibəsindən sonra bir çox Afrika ölkəsi Fransa müstəmləkəçiliyinə qarşı apardığı mübarizədə uğur qazana bildi. Elə bu əsrdə də Fransa bir çox Afrika ölkəsindən qovuldu. Amma buna baxmayaraq, Fransa 1960-cı illərin əvvəllərində yaratdığı “Frankfoniya” ilə müstəmləkələri üzərində qeyri-rəsmi qəyyumluq sistemi qurmağa çalışır.  Amma “Frankfoniya” sistemi hazırda kəskin böhran içərisindədir. Bütün bunlara rəğmən, Fransa hələ müstəmləkəçilik siyasətindən əl çəkmir. Afrikada hələ də bəzi xalqlar Fransa müstəmləkəçiliyi altında əzilirlər. Paris tarixi kolonializm siyasətini hər vəchlə davam etdirməyə çalışır.

Fransa müstəmləkəçiliyi altında əzilən Afrika xalqlarının da haqq səsinin, azadlıq istəyinin dünyaya çatdırılmasında bu gün Azərbaycan həlledici rol oynayır. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans da buna xidmət edir. Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Mayot adasının nümayəndələri iştirak ediblər. Burada bir daha  Fransanın neokolonializm siyasəti, həyata keçirdiyi qanunsuzluqlar dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirilib. Təbii ki, bütün bunların müvafiq nəticə verəcəyinə heç bir şübhə yoxdur. Elə bu səbəbdəndir ki, neokolonializmə qarşı Azərbaycanın liderliyi ilə başlanan yeni mübarizəyə müstəmləkə əsarətində yaşayan xalqların ümidləri və inamı olduqca yüksəkdir.