BİZİM AİLƏMİZ TÜRK DÜNYASIDIR

Türk Dövlətləri Təşkilatının yaranmasının 15 illik yubileyi təşkilatın keçdiyi yola nəzər salmaq üçün tarixi hadisədir. 2009-cu ildə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iştirakı ilə Naxçıvan sazişi əsasında yaranan Türk Dövlətləri Təşkilatının əsas məqsədi bu dövlətlər arasında siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirməyə, onların həmrəyliyinə, qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni platformanın yaradılması nail olmaq idi. Xüsusilə, 1990-cı illərdə Sovet İttifaqının dağılması ilə müstəqillik qazanmış türkdilli dövlətlər üçün bu cür inteqrasiya mexanizminə həddən artıq ehtiyac vardı. Naxçıvan sazişi türk dövlətlərinin həyatında məhz bu ehtiyacın təmin olunması və  qarşıya qoyulan hədəflərə çatmaq naminə əsas mərhələ oldu. 2009-cu ildən sonra təşkilatın sıraları genişləndi, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan başqa bura Özbəkistan və Macarıstan da qoşuldu.

Ötən 15 ildə Türk Dövlətləri Təşkilatının iqtisadi təşkilatlanması sahəsində xeyli iş görülüb. Xüsusilə, Azərbaycan, Türkiyə və Qazaxıstan enerji resursları və infrastruktur layihələri vasitəsilə güclü iqtisadi əməkdaşlıq qurub. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi böyük layihələr, türk dövlətlərinin ticarət əlaqələrini və enerji təchizatını gücləndirib. Bu layihələr yalnız regional deyil, həm də qlobal miqyasda strateji əhəmiyyət kəsb edir.

Təşkilat türk dövlətləri arasında təhlükəsizlik sahəsində də əməkdaşlığı dərinləşdirməyə çalışır. Xüsusilə son illərdə Qarabağ münaqişəsi, Suriya müharibəsi və Mərkəzi Asiyada baş verən geosiyasi hadisələr fonunda türk dövlətlərinin bir-birinə dəstək verməsi diqqət çəkir. Azərbaycanın 30 il işğal altında qalan torpaqlarını 2020-ci ildə Ermənistanın işğalından azad etməsi  Türk Dövlətləri Təşkilatının həyatında da böyük tarixi hadisə idi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu hadisəni bütün türk dünyasının qələbəsi adlandırır və deyir ki, Azərbaycan əsgəri təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının üzünü ağ edib. Prezident İlham Əliyevin Vətən müharibəsindəki parlaq qələbəsinin nəticəsidir ki, dövlət başçısı təşkilatın İstanbul zirvə görüşündə “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmuşdu. TÜRKSOY isə Şuşanı 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan etmişdi.

Azərbaycanın Türk Dövlətləri Təşkilatının tədbirlərində fəal iştirakı tarixi zərurətdir. Çünki bu ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyevin türk dövlətləri ilə aktiv dialoqu öz gündəliyinə daxil etməsi, türkdilli respublikaların dövlət başçıları arasında müntəzəm qarşılıqlı səfərlərin həyata keçirilməsi də məhz Azərbaycanın səyləri nəticəsində baş verir. Onu da qeyd edək ki, Azərbaycan bu ölkələrlə əlaqələrə ikitərəfli yox, həm də çoxtərəfli əməkdaşlıq platforması kimi baxır. Dünyada türk birliyinin yaradılması istiqamətində Türkiyənin göstərdiyi səyləri indi ölkəmiz uğurla davam etdirir və Azərbaycanın öndərliyində proses daha sürətli və effektiv xarakter alıb. Təbii ki, bu sevginin təməli tarixə dayanır. Bizi onlarla ortaq tarix, zəngin mədəniyyət, dil, din və qan birliyi bağlayır.

Türk Dövlətləri Təşkilatı ötən dövrdə ortaq tarix və mədəniyyətə malik dövlətlərin mədəniyyət və təhsil sahəsində də əməkdaşlığını gücləndirmək üçün addımlar atıb. Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumlar vasitəsilə türk mədəniyyəti, dili və ədəbiyyatı üzrə ortaq layihələr həyata keçirilib. Bundan əlavə, tələbə mübadiləsi və təhsil proqramları da təşkilatın əsas fəaliyyət sahələrindən biri olub. Bu günlərdə ortaq türk əlifbasının qəbul olunması təşkilata üzv ölkələrin mədəni mübadiləsində əhəmiyyətli hadisə kimi çıxış etməyə başlayıb.

Bu gün bütün dünyada qaynar nöqtələrin sayının çoxaldığı bir dövrdə türk coğrafiyası sabitlik məkanı kimi diqqəti cəlb edir. Bu da ilk növbədə həmin ərazilərdə bu sabitliyi təmin edən siyasi sistemlərin olmasından irəli gəlir. Lakin arxayınlaşmaq olmaz və yəqin ki, gələcəkdə təşkilatın hərbi strukturunun yaradılması ən aktualı məsələlərdən biri kimi görünəcək. Bu, ilk növbədə təşkilatın əhatə etdiyi coğrafiya xarici müdaxilələrdən qorumaq üçün lazımdır. Bu baxımdan hərbi strukturun yaradılması üzv dövlətlərin ordularının birgə təlimlər keçirməsinə və müdafiə sənayesi sahəsində əməkdaşlığa şərait yarada bilər. Bu, türk dövlətlərinin hərbi texnologiyalarını müasirləşdirməklə yanaşı, birgə əməliyyatlara hazırlıq səviyyəsini də artırar. Nəzərə alaq ki, Türkiyə 2020-ci ildəki birinci Qarabağ müharibəsi dövründə istifadəsində olan yüksək texnologiyalı pilotsuz uçuş aparatları ilə hərbi texnologiyalar sahəsində ciddi irəliləyiş əldə edib. Belə texnologiyaların digər türk dövlətlərinə də ötürülməsi onların müdafiə gücünü daha da artırar. Hərbi strukturun yaradılması kollektiv müdafiə mexanizmlərinin yaradılmasına da imkan verər. Bu, türk dövlətlərinin qarşılıqlı hərbi müdafiəsini təmin etməklə yanaşı, onların beynəlxalq arenada daha güclü mövqeyə malik olmasını təmin edər. Türk Dövlətləri Təşkilatının gələcəkdə daha geniş əməkdaşlıq potensialına malik olduğunu söyləmək üçün olduqca ciddi əsaslar var. Xüsusilə enerji, nəqliyyat və texnoloji inkişaf sahələrində türk dövlətləri arasında yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsi mümkün görünür. Bu mənada təşkilatın dünya siyasətində regional və qlobal  oyunçuya çevrilməsi üçün səylər artırılmalıdır. Çünki biz bir ailəyik. Prezident İlham Əliyevin təbirincə desək, “bizim ailəmiz türk dünyasıdır”.