Avropa rəsmiləri və diplomatları arasında köhnə qitənin təhlükəsizliyinin necə artırılması sualı ətrafında müzakirələr səngimək bilmir. Bu Avropa İttifaqının NATO-ya inam azalmasıyla bağlıdır. Avropa Parlamentinin sədri Roberta Metsolanın Avropa Müdafiə İttifaqının yaradılması təşəbbüsü ilə çıxış etməsi buna misaldır. Metsola deyib ki, Avropa İttifaqının quracağı müdafiə və təhlükəsizlik ittifaqı NATO-nu tamamlayıcı bir qüvvə olacaq: “Avropa İttifaqı həmişə daha güclü olmalıdır. Başqalarından gözlədiklərimizi əvvəlcə özümüz təmin etməli və ardıcıl, təsirli addımlar atmalıyıq”. Avropa Müdafiə İttifaqının yaradılması zəruridirsə, onda belə çıxr ki, NATO Avropanı qorumaq iqtidarında deyil. Halbuki, NATO üzvlərinin əksəriyyəti Avropa ölkəsidir.
Bu arada, Avropa İttifaqı ilə Yaponiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq paktının imzalanması köhnə qitənin maraqlarının sərhədləri aşdığını göstərir. Bu pakt gələn ilin yanvarın 1-də qüvvəyə minəcək. Tokioda təhlükəsizlik paktını imzalayan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Josep Borrell Yaponiyanın paytaxtında eyni zamanda strateji dialoqun ilk iclasında iştirak edib. Borrell Yaponiyanın xarici işlər naziri Takeşi İvaya ilə görüşdə Avropa İttifaqı ilə Yaponiya arasında təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsi məsələlərini müzakirə edib. Avropa İttifaqının rəsmisi Yaponiyanın müdafiə naziri Gen Nakatani ilə görüşdə dəniz və kibertəhlükəsizlik, eləcə də kosmos sahəsində əməkdaşlığı müzakirə edib. Borrel müzakirələrdən sonra şəxsi səhifəsində təhlükəsizlik paktını əhəmiyyətini belə izah edib: “Avropa İttifaqı ilə Yaponiya arasında münasibətlərin dərinləşməsi hər iki tərəfin əhalisini daha təhlükəsiz gələcəyə doğru aparacaq”.
Yaponiyanın təhlükəsizliyi ilə bağlı artan narahatlığı bir neçə amillə əlaqəlidir. Çin bölgədə hərbi gücünü artıb, dəniz qüvvələrini gücləndirib, yeni sualtı gəmilər istehsal edib, Çin Rusiya ilə birgə dənizlərdə birgə hərbi təlimlərin sayını artırıb, Şimali Koreyanın raket sınaqları narahatlıq doğuran digər amildir. Yaponiyanın ABŞ-la strateji müttəfiqliyinə və bu dövlətlə müxtəlif regional birliklərdə iştirakına baxmayaraq, Tokio əlavə təhlükəsizlik təminatlarına ehtiyac duyur. Digər tərəfdən Rusiya-Ukrayna müharibəsi Tokionun Kremllə münasibətlərini xeyli dərəcədə gərginləşdirib.
Avropa İttifaqı hərbi təşkilat deyil, silahlı qüvvələri yoxdur. Bu baxımdan Avropa İttifaqının Yaponiyanı necə qoruyacağı sual altındadır. Yaponiyanın birgə hərbi təlimlərə, hərbi əməkdaşlığı dərinləşdirməyə ehtiyacı var. Bu Avropa İttifaqının imkanı xaricindədir. Buna baxmayaraq, Tokioda hesab edirlər ki, Donald Tramp yenidən ABŞ prezidenti seçilərsə, Vaşinqtonun Yaponiyanın müdafiəsinə marağı azala bilər. Buna görə də Tokio alternativlər axtarmaq məcburiyyətindədir. Ancaq Avropa İttifaqı hərbi blok deyil və bölgədə vəziyyətin gərginləşəcəyi halında Yaponiyanı qoruyacaq alətlərə malik deyil. Avropa Müdafiə İttifaqı ideya kimi irəli sürülüb, bunun reallaşması çətindir.
Avropa İttifaqının NATO-nu əvəz etməyə çalışmasının uğursuz cəhdini Ermənistan nümunəsində də göstərmək olar. Avropa İttifaqı müşahidə missiyasının Ermənistandakı fəaliyyəti NATO-nu əvəz etməyə bənzəyir. Müşahidə missiyası Ermənistan-Azərbaycan sərhədində monitorinq aparır. Halbuki, buna ehtiyac yoxdur, sərhəddə sakitlikdir.