Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq münasibətlər sisteminə yeni, suveren aktor kimi daxil olmuşdur. Müstəqilliyin ilk illərində qarşıda duran əsas vəzifələrdən biri milli maraqlara əsaslanan, müstəqil və çevik xarici siyasət strategiyası formalaşdırmaq idi. Geosiyasi baxımdan mürəkkəb bölgədə yerləşən Azərbaycan üçün bu istiqamətdə uğur qazanmaq asan olmamışdır. Lakin ötən dövrün təhlili göstərir ki, Azərbaycan öz müstəqil xarici siyasət xəttini qorumağı, bu siyasəti regional və qlobal proseslərlə uzlaşdırmağı bacarmışdır.
Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri onun çoxvektorlu olmasıdır. Rəsmi Bakı beynəlxalq münasibətlərdə bloklara qoşulmaqdan çəkinərək, müxtəlif güc mərkəzləri ilə paralel və tarazlı münasibətlər qurmağa üstünlük vermişdir. Bu yanaşma Azərbaycana daha geniş diplomatik manevr imkanları yaratmaqla yanaşı, ölkənin müstəqil qərarvermə hüququnun qorunmasına xidmət etmişdir. Azərbaycanın xarici siyasətinin çoxvektorlu xarakteri xüsusilə 2025-ci ilin aprel ayında Prezident İlham Əliyevin Çinə etdiyi dövlət səfəri zamanı bir daha təsdiqlənmişdir. Bu səfər nəticəsində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilmiş, əməkdaşlığın yeni mərhələsi başlanmışdır. Azərbaycanın dünyanın aparıcı iqtisadi güclərindən biri ilə əlaqələrini dərinləşdirməsi onun xarici siyasətinin dinamikliyini və çevikliyini bir daha nümayiş etdirmişdir.
Azərbaycanın beynəlxalq müstəvidə qazandığı ən mühüm uğurlardan biri etibarlı tərəfdaş imicinin formalaşdırılmasıdır. Ölkə enerji, nəqliyyat və təhlükəsizlik sahələrində bir sıra regional və qlobal layihələrin aparıcı iştirakçısı kimi çıxış edir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyindəki rolunu təsdiqləyən mühüm təşəbbüslərdir. Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmiryolu xətti Avrasiya məkanında logistika və nəqliyyat əlaqələrinin möhkəmlənməsində Azərbaycanın artan əhəmiyyətini göstərir.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən bu layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan strateji əhəmiyyətə malikdir. Belə ki, bu layihələr regional əməkdaşlığın dərinləşməsinə, qarşılıqlı iqtisadi asılılığın artmasına və nəticə etibarilə regionda sabitliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın bu sahədə oynadığı rol beynəlxalq aləmdə onun nüfuzunu artırmış, ölkəni etibarlı iqtisadi və siyasi tərəfdaş kimi tanıtmışdır.
Azərbaycanın xarici siyasətində milli maraqların qorunması prinsipial xətt olaraq qalır. Xüsusilə, ölkənin ərazi bütövlüyünün təmin olunması bu siyasətin əsas prioritetlərindən biri olmuşdur. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, həm də uzun illər aparılan düşünülmüş və ardıcıl diplomatik fəaliyyətin nəticəsi idi. Azərbaycanın diplomatiyası münaqişənin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyin müdafiə olunması istiqamətində mühüm işlər görmüşdür.
Azərbaycan beynəlxalq təşkilatlarda fəal iştirak edərək öz xarici siyasət prioritetlərini uğurla müdafiə etmişdir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı kimi qurumlarda Azərbaycanın təşəbbüsləri və fəallığı onun beynəlxalq nüfuzunun güclənməsinə şərait yaratmışdır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkə dünya dövlətləri qarşısında balanslaşdırılmış, prinsipial və konstruktiv xarici siyasət xəttini nümayiş etdirmişdir.
Azərbaycanın müstəqil xarici siyasəti yalnız regional deyil, həm də qlobal səviyyədə sülhə və təhlükəsizliyə töhfə verir. Cənubi Qafqazda sabitliyin və davamlı inkişafın təmin olunması istiqamətində atılan addımlar, o cümlədən Ermənistanla sülh danışıqları prosesində tutulan mövqe Azərbaycanın praqmatik və gələcəyə yönəlik siyasət yürütməsinin göstəricisidir. Azərbaycan yeni regional əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edərək, bölgədə uzunmüddətli sabitlik və əməkdaşlıq perspektivlərini təşviq edir.
Ölkənin artan beynəlxalq rolu və qlobal çağırışlara aktiv reaksiyası, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bir daha təsdiqlənmişdir. İqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin qorunması və davamlı inkişaf mövzularında Azərbaycanın fəallığı, ölkənin xarici siyasətində yeni prioritet istiqamətlərin formalaşdığını göstərir. Bu, Azərbaycanın yalnız enerji istehsalçısı və tranzit ölkəsi kimi deyil, həm də qlobal ekoloji çağırışların həllində fəal tərəfdaş kimi çıxış etdiyini nümayiş etdirir.
Nəticə etibarilə, Azərbaycanın xarici siyasəti müstəqillik, milli maraqların qorunması, çoxvektorlu yanaşma və beynəlxalq əməkdaşlığın təşviqi prinsiplərinə əsaslanır. Bu siyasət ölkənin suverenliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına və regional sabitliyin möhkəmlənməsinə xidmət edir. Qlobal qeyri-müəyyənlik və dəyişkənlik şəraitində Azərbaycanın bu kursu davam etdirməsi, milli maraqların müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır.
*Məqalə ingilis dilində “Eurasia Review” nəşrində də dərc edilib: