Minsk Qrupunun vaxtı bitib: Bu qurum Azərbaycan-Ermənistan sülhünə niyə mane olur?

1992-ci ildə ATƏT-in təşəbbüsü ilə yaradılan Minsk Qrupu Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım məqsədi daşıyırdı. ABŞ, Fransa və Rusiya bu qrupun həmsədrləri kimi çıxış edirdilər. Lakin son otuz il ərzində Minsk Qrupu münaqişənin həlli istiqamətində real nəticələr əldə edə bilmədi. Münaqişə “dondurulmuş” vəziyyətdə qalaraq tərəflər arasında qarşılıqlı etimadsızlığın daha da dərinləşməsinə səbəb oldu.

Hazırkı mərhələdə Ermənistan və Azərbaycan arasında sülh danışıqları birbaşa və vasitəçilərsiz həyata keçirilir. Bu danışıqlar hər iki tərəfin siyasi iradəsi sayəsində mümkün olub və regionda təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün yeni bir çərçivənin formalaşması baxımından mühüm fürsət yaradır. Danışıqların müvəffəqiyyəti təkcə Azərbaycan və Ermənistanın deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün həlledici əhəmiyyət daşıyır.

Bu prosesi daha da irəli aparmaq üçün bir sıra zəruri addımların atılması vacibdir. Onlardan biri – öz missiyasını yerinə yetirə bilməmiş ATƏT-in Minsk Qrupunun ləğv olunmasıdır. Digəri isə Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd olan müddəaların aradan qaldırılmasıdır. Minsk Qrupunun fəaliyyətinə son qoyulması danışıqlar prosesini köhnəlmiş və nəticə verməyən formatlardan azad edəcək, tərəflərin həyati maraqları əsasında konstruktiv dialoqun qurulmasına imkan yaradacaq. Yalnız keçmişin ziddiyyətlərindən azad olaraq, dayanıqlı sülhə və qarşılıqlı anlaşmaya nail olmaq mümkündür.

Bu kontekstdə, Ermənistan sülh sazişi imzalanmazdan qabaq ATƏT-in Minsk Qrupunun ləğvini rəsmi şəkildə dəstəkləməklə mühüm bir addım ata bilər. Bu addımı sülh sazişinin imzalanması ilə eyni vaxtda deyil, daha öncədən atmaq, daha səmimi sülh istəyi kimi qiymətləndirilə bilər. Əks halda, bu məsələni sazişlə eyni mərhələyə saxlamaq məsuliyyətdən yayınmaq cəhdi kimi də görünə bilər. Simvolik xarakter daşımasına baxmayaraq, bu cür addım həm Bakıya, həm də beynəlxalq ictimaiyyətə vacib bir mesaj verərdi – yəni İrəvanın sülh, infrastrukturun inkişafı və regional əməkdaşlığa əsaslanan yeni gündəliyə hazır olduğunu nümayiş etdirərdi.

Əks təqdirdə, Ermənistanın Minsk Qrupunu qoruyub saxlamaq strategiyası daha geniş strateji yanaşmanın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Belə ki, ilkin baxışda konstruktiv görünən bu mövqe çərçivəsində Ermənistan Minsk Qrupunun ləğvinə razılıq verdiyini ifadə edə, lakin eyni zamanda bu məsələdə konsensusa gəlinməyəcəyinə ümid edə bilər. Bu yolla, ölkə özünü sülh tərəfdarı kimi təqdim etməyə davam edər, lakin əslində gərginliyin azaldılması istiqamətində real addımlardan yayınmış olar.

*Məqalənin ingilis dilində olan tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.eureporter.co/azerbaijan/2025/04/30/time-to-dissolve-why-the-minsk-group-hinders-azerbaijan-armenia-peace-process/