Aprelin 25-də Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas Bakıya rəsmi səfər etdi. Səfər çərçivəsində xanım Kallas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ikitərəfli görüş keçirdi, ardınca isə Azərbaycan Respublikasının xarici işlər naziri ilə danışıqlar apardı.
Görüşlər zamanı tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud münasibətlərin vəziyyətini nəzərdən keçirib, siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Azərbaycan Xarici İşlər Nazirliyində keçirilən birgə mətbuat konfransında hər iki tərəf danışıqları məhsuldar qiymətləndirərək qarşılıqlı əlaqələrin gələcəkdə daha da dərinləşməsi üçün real potensialın mövcud olduğunu vurğuladılar.
Bu səfər ikitərəfli münasibətlərdə dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. Avropa İttifaqının Azərbaycanın strateji əhəmiyyətini qəbul etməsi və münasibətləri canlandırmaq niyyətini nümayiş etdirməsi diqqətəlayiq haldır. Son illərdə bu münasibətlərdə yaranmış durğunluq bir sıra amillərlə izah olunurdu. Bunlara Avropa Parlamentinin qəbul etdiyi qətnamələr, Aİ-nin əvvəlki ali nümayəndəsinin Azərbaycana dair verdiyi bəyanatlar, Avropa Sülh Mexanizmi çərçivəsində Ermənistana hərbi yardım ayrılması, həmçinin Avropa İttifaqının müşahidə missiyasının Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsi daxildir. Xüsusilə sonuncu məsələyə toxunaraq qeyd etmək lazımdır ki, tərəflər arasında razılaşdırılmış sülh müqaviləsinin mətni sərhəd boyunca üçüncü tərəf hərbi qüvvələrinin yerləşdirilməməsini nəzərdə tutur.
Mətbuat konfransında çıxış edən Ali Nümayəndə Kaya Kallas qeyd etdi: “Azərbaycan regionda vacib tərəfdaşdır, Avropa İttifaqı üçün enerji sahəsində etibarlı tərəfdaş kimi yüksək qiymətləndirilir və biz münasibətlərimizi möhkəmləndirmək istiqamətində mühüm addımlar atmışıq. Siz Avropa İttifaqının enerji təchizatını şaxələndirməsinə və enerji təhlükəsizliyimizin gücləndirilməsinə yardım göstərmisiniz – bu, dünyanın misilsiz çətinliklərlə üzləşdiyi bir dövrdə olduqca önəmlidir.” O, həmçinin vurğuladı ki, danışıqlar zamanı ticarət əlaqələrinin genişləndirilməsi və regionda nəqliyyat əlaqələrinin inkişafı məsələləri, eləcə də Aİ ilə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yeni bağlantıların qurulması imkanları da müzakirə olunub.
Kaya Kallasın səsləndirdiyi fikirlər Avropa İttifaqının Azərbaycanın Qara dəniz ilə Xəzər dənizi arasında əsas nəqliyyat qovşağı kimi strateji əhəmiyyətini, eyni zamanda Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qəbul etdiyini bir daha təsdiqlədi. 2020-ci ilin sonunda Trans-Adriatik Boru Kəmərinin (TAP) istismara verilməsindən sonra Azərbaycan artıq on Avropa ölkəsini, o cümlədən səkkiz Aİ üzvünü təbii qazla təmin edir.
Son illərdə Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini gücləndirən iki əsas amil mövcuddur. Birincisi, Rusiya-Ukrayna müharibəsi Avropa İttifaqını enerji marşrutlarını şaxələndirməyə məcbur edib. İkincisi isə ABŞ ilə Aİ arasında yaranan ticarət gərginlikləri Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixracının xərclərinin artmasına səbəb ola biləcəyi üçün İttifaq getdikcə daha çox sabit, münasib qiymətə boru kəməri qazı təmin edə bilən tərəfdaşlara üstünlük verməyə başlayıb – bu isə xüsusən, qeyri-sabit geosiyasi və iqtisadi şərait fonunda Azərbaycanın rolunu daha da önəmli edir.
*Məqalənin ingilis dilində olan tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: