Hindistan və Pakistan arasında eskalasiya getdikcə sürətlənir və hadisələr artan templə baş verir. Münaqişənin mənbəyi müasir Hindistan və Pakistan dövlətlərinin yaranması ilə bağlı olduğu üçün tarixi kontekstə toxunmayacağıq.
Qeyd edək ki, ölkələr arasındakı sərhəd kifayət qədər uzundur – təxminən 3000 km. Əsas gərginlik şimaldadır ki, burada vəziyyət mürəkkəbdir – Hindistan, Pakistan, Çin və bir qədər də Əfqanıstan əraziləri bir-birinə qarışıb.
Üstəlik, aktiv hərbi əməliyyatların keçirilə biləcəyi ərazi Pakistanın paytaxtına yaxındır. Ona görə də Pakistan üçün bu, nüvə silahından istifadə təhlükəsi baxımından mühüm komponentdir.
Hər iki ölkənin nüvə silahı var və bu amil əlavə maraq və narahatlıq doğurur.
Digər maraqlı amil isə Çin faktorudur. Pakistanın şimal hissəsi Çinlə həmsərhəddir – 500 km-dən çox. Pakistan və Çinin nəqliyyat arteriyaları Pekin üçün strateji əhəmiyyət kəsb edir, “Bir kəmər – bir yol” layihəsinin bu hissəsi – şimala və okeana çıxışı təmin edir. Əgər regionda hərbi münaqişə Çinin strateji layihələrini təhdid edərsə, Çin kənarda qala bilməz və qalmamalıdır.
Yüksələn Hindistan
Son bir neçə ildə Hindistan həm iqtisadi, həm də hərbi cəhətdən inkişaf edir. Xaricdəki hind diasporu dünyanın aparıcı ölkələrində və transmilli korporasiyalarda fəal mövqe tutur. Baş nazir Modinin faşist rejimi ölkədə hakimiyyəti gücləndirir və belə şəraitdə Yeni Dehli üçün müharibə dövlətlərin yüksək liqasına çıxış yolunda vacib elementdir.
Pakistan siyasi və iqtisadi sahədə böhran yaşayır, lakin Hindistanla müharibə cəmiyyətin konsolidasiyasına kömək edir. Bununla yanaşı, Pakistan ənənəvi olaraq peşəkar orduya malikdir və quru qoşunları ordunun aparıcı qüvvəsidir.
Cənubi Qafqaz bu qarşıdurmada hardadır?
Son illərdə Hindistan və Pakistan bizim regionda strateji tərəfdaşlar əldə ediblər. Pakistan Azərbaycanla ənənəvi yaxın münasibətlərə malikdir, Hindistan isə Ermənistan istiqamətində fəallaşıb. Hər iki istiqamətdə də tərəfdaşlığın hərbi komponenti mərkəzi yer tutur.
Hindistan və Pakistan arasında qarşıdurmanın Cənubi Qafqaz regionuna təsiri minimaldır. Bakı və İrəvan yalnız strateji tərəfdaşlarına dəstək bəyanatları ilə kifayətlənəcəklər.
Azərbaycana təsiri
Azərbaycanın müttəfiqi Türkiyə ilə strateji tərəfdaşı İsrail arasında qarşıdurmanın növbəti raundu məhz burada baş verir. Türkiyə Pakistanı dəstəkləyir, ölkələr arasında hərbi əməkdaşlığın tarixi bir neçə onilliklərə gedib çıxır. Türkiyənin hərbi müşavirləri artıq İslamabaddadır. İsrail Hindistanın hərbi-texniki sahədə aparıcı tərəfdaşlarından biridir. Düzdür, Hindistan-Pakistan müharibəsi coğrafi baxımdan Türkiyə və İsrailə o qədər də yaxın deyil və buna görə də hər iki ölkə üçün ekzistensial xarakter daşımır. Lakin Ankara və Təl-Əviv fərqli coğrafiyada bir-birini “çimdikləmək” fürsətini əldən verməyəcəklər.
Yekun
Hindistan-Pakistan qarşıdurmasında hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, Azərbaycan üçün Pakistanın öz mövqelərini müdafiə etməsi, ən yaxşı halda isə qalib gəlməsi vacibdir.