HİNDİSTAN-PAKİSTAN QARŞIDURMASI: YEKUN SÜLH, YOXSA UÇURUM?

Dünya ictimaiyyətinin diqqəti yenidən Hindistan-Pakistan qarşıdurmasına yönəlib. Kəşmir bölgəsində artan hərbi gərginlik, sərhəd boyu atəşkəsin pozulması və hər iki tərəfdə revanşist ritorikanın yüksəlməsi bu iki nüvə dövləti arasında silahlı toqquşma ehtimalını artırır. Əslində, bu qarşıdurma yeni deyil. Hindistan və Pakistan 1947-ci ildən bəri üç dəfə açıq müharibə aparıb və çoxsaylı diplomatik və hərbi gərginlik yaşayıb. 1947-ci ildə Britaniya Hindistanının bölünməsi nəticəsində yaranan bu iki dövlət, xüsusilə Kəşmir məsələsində daim bir-birinə qarşı çıxıb. Son illərdə isə Hindistanda yüksələn hindu millətçiliyi və Pakistanda kəskin anti-Hindistan ritorikası bu münasibətləri daha da gərginləşdirib. Budəfəki gərginliyə səbəb olan əsas hadisə Kəşmir bölgəsində hind hərbçilərinə qarşı təşkil olunan və nəticədə 14 əsgərin həlak olduğu hücumdur. Hindistan hökuməti bu hücumun arxasında Pakistanın xüsusi xidmət orqanlarını və bölgədəki ekstremist qrupları görür. Pakistan isə ittihamları rədd edir və Hindistanın “daxili böhranlarını xarici düşmən obrazı ilə ört-basdır etdiyini” bildirir.

Bu qarşıdurmanı yalnız iki ölkə arasındakı lokal münaqişə kimi görmək düzgün deyil. Ona görə ki, indiki mərhələdə vəziyyətin təhlükəli məzmun kəsb etməsinin səbəbi yalnız regional deyil, həm də beynəlxalq sistemin tənəzzülüdür. Bu hadisə beynəlxalq nizamın – xüsusilə də İkinci Dünya Müharibəsindən sonra qurulan beynəlxalq təhlükəsizlik arxitekturasının zəiflədiyini göstərir. BMT Təhlükəsizlik Şurası uzun illərdir Kəşmir probleminin həlli ilə bağlı qətnamələr qəbul etsə də, onların heç biri yerinə yetirilməyib. Qlobal güclər, xüsusilə ABŞ, Çin və Rusiya Hindistan və Pakistanla öz ikitərəfli maraqlarına əsaslanan siyasət yürütməkdə davam edirlər. Qlobal güc balansının pozulduğu və kollektiv təhlükəsizlik mexanizmlərinin zəiflədiyi bir dövrdə iki nüvə dövlətinin bir-birinə qarşı hərbi təhdid səsləndirməsi təkcə regional deyil, planetar miqyasda təhlükə yaradır.

Bəs mövcud vəziyyət neçə istiqamətdə inkişaf edə bilər? Bununla bağlı bir neçə versiya mövcuddur. Birinci versiyaya görə, hazırda baş verənlər məhdud silahlı toqquşma səviyyəsində qalacaq. Belə ki, 1999-cu ildəki Kargil müharibəsində olduğu kimi, tərəflər lokal səviyyəli silahlı qarşıdurmaya girə, bu halda isə regionda humanitar böhran və iqtisadi tənəzzül baş verə bilər. İkincisi, diplomatik vasitəçilik səylərinin aktivləşməsidir. Bəzi dövlətlər – xüsusilə Çin, Səudiyyə Ərəbistanı və Türkiyə tərəflər arasında vasitəçi rolunu oynaya bilər. Lakin bu cəhdlərin uğurlu olması hər iki tərəfin siyasi iradəsindən asılıdır. Üçüncüsü, yeni sülh mexanizminin təqdim olunmasıdır. Hindistan və Pakistan arasında 1972-ci il Simla sazişi və 2003-cü il atəşkəs razılaşması kimi sənədlər mövcuddur. Bu çərçivədə yenilənmiş bir mexanizm yaradıla və tərəflər yeni inam tədbirləri ilə prosesə başlaya bilər. Dördüncüsü, beynəlxalq təzyiq mexanizminin işə salınmışdır ki, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalar vasitəsilə tərəflər qarşılıqlı güzəştlərə getmək məcburiyyətində qala bilər. Lakin hazırda BMT sisteminin effektivliyi sual altındadır. Bununla belə hazırki mərhələdə münasibətlərin sabitləşməsi üçün bir neçə strateji addım zəruridir. İlk növbədə informasiya müharibəsinə son qoyulmalıdır. Hər iki ölkədə medianın və siyasi elitanın milli ideologiyadan çıxış edərək populist çıxışlar etməsi dayandırılmalıdır. Çünki yalan informasiyalar və nifrət nitqi gərginliyi daha da alovlandırır. Bununla yanaşı, Hindistanın 2019-cu ildə Cammu və Kəşmirin xüsusi statusunu ləğv etməsindən sonra yaranan yeni gərginliyə son qoymaq üçün Kəşmirin statusuna dair real dialoq başlanmalıdır. Bundan əlavə, enerji, su ehtiyatları və ticarət sahəsində əməkdaşlıq bu münasibətləri daha konstruktiv müstəviyə keçməli, uzunmüddətli sabitlik üçün xalqlar arasında qarşılıqlı inam yaradılmalı, mədəniyyət mübadilələri və gənclərin birgə proqramlarda iştirakına xüsusi diqqət yetirilməlidir. Ən əsası isə bu münaqişənin həlli təkcə iki dövlətin deyil, bütün beynəlxalq ictimaiyyətin məsuliyyətidir. Əgər dünya sabitlik və hüququ əsas alan bir nizam istəyirsə, bu böhran da həlinə qovuşmalıdır.