TRAMP İRANI BOMBALAMAYACAQ, ÇOX GÜMAN Kİ, PUTİN DƏ ONA “YOX” DEMƏYİB

ABŞ Prezidenti Donald Trampın xarici siyasətə dair bəzi bəyanatları beynəlxalq münasibətlərdəki ənənəvi mövqelərin və diplomatiyanın sərhədlərini yenidən müəyyənləşdirməyə imkan yaradır. Onun İranı bombalamayacağı və İran Prezidenti Məsud Pezeşkianla görüşə bələcəyi ilə bağlı dedikləri ABŞ-ın uzunmüddətli “maksimal təzyiq” siyasətinə alternativ kimi qəbul edilir. Lakin istisna edilmir ki, Trampın İranla bağlı dediklərinin arxasında, əslində, siyasi məqsədlərə, beynəlxalq siyasi arenada nüfuz qazanmağa xidmət edən niyyət da dayanır.

Trampın “İranı bombalamayacağam” deməsi bir tərəfdən beynəlxalq ictimaiyyətə münaqişəni daha da dərinləşdirməmək mesajı verir. Eyni zamanda, tərəfdarlarını təhlükəsizlik zəmanəti ilə təmin etmək məqsədi güdür. Lakin bu bəyanat İrana qarşı sərt təzyiq siyasətinin və hərbi müdaxilə riskinin qətiyyətlə aradan qaldırılacağına dair inandırıcı sübut kimi qəbul oluna bilməz. Məsələn, 2018-ci ildə Tramp İrana qarşı sərt çıxışlar edirdi. Onun çıxışları İrana hərbi müdaxilə ideyalarını da gündəmə gərtirmişdi. İndi isə o, başqa fikirdədir və bu cür dəyişən, eyni zamanda qarışıq paradoksal mövqe həm tərəfdarlarda, həm də beynəlxalq ictimaiyyətdə ona qarşı etimadsızlıq yarada bilər. Lakin onu da deməliyik ki, Tramp adminstrasiyası müharibə risqlərini minimuma endirməyə çalışır. Bu baxımdan İranla qarşı hər hansı hərbi eskolasiya indiki Amerika hakimiyyətinin maraqlarına uyğun gəlmir, Vaşinqton Amerika pullarını başqa coğrafiyalarda xərcləmək ideyasından əl çəkmək istəyir. Bununla Tramp həm də beynəlxalq arenada daha yumşaq imic yaratmaq arzusunu ortaya qoyur, həqiqi müdafiə strategiyasından çox, ictimai rəyi cəlb etməyə üstünlük verir.

Trampın İran Prezidenti Məsud Pezeşkianla görüş imkanı barədə bəyanatı həm mövcud status-kvonun dəyişməsi, həm də iki ölkə arasında bir növ yeni dialoqun başlanğıcı kimi şərh edilə bilər. Lakin ötən illərin təcrübəsi göstərib ki, belə görüşlər adətən reallıqdan uzaq olur, daha çox siyasi imic qazanmağa xidmət edir. Digər tərəfdən İran hakimiyyətində ideoloji və siyasi fikir parçalanması prezidentin rolunu əsaslı şəkildə azaldıb. Təsadüfi deyil ki, Trampın Pezeşkianla görüşü barədə bəyanatından dərhal sonra ali dini rəhbər Xamineyinin belə bir görüşə ehtiyacın olmadığı barədə bəyanat verməsi məhz bundan qaynaqlanır. Lakin bütün hallarda İran rəsmiləri ilə görüş fikri regional təhlükəsizlik və nüvə məsələləri kontekstində hər zaman realdır və müzakirəyə açıqdır. Belə bir görüşün baş tutması həqiqətən, İranın nüvə proqramının və regional siyasətin gələcəyinə dair yeni dialoqun başlanğıcı kimi qiymətləndirilə bilər. Lakin bu cür təşəbbüslər yenə də ABŞ-ın strateji maraqları ilə bağlı daha geniş siyasi hesablaşmaların bir hissəsi olacaqsa,  eyni zamanda mövcud problemləri həll etməkdən çox, siyasi dekorativlik məqsədilə irəli sürüləcəksə o yenə də tənqid olunacaq.

Bu arada Prezident Trampın Vladimir Putinlə apardığı telefon söhbəti ABŞ-Rusiya münasibətlərinin ən incə nöqtələrindən birinə işarə edir. Bu söhbətin məzmunu barədə geniş məlumat verilməsə də hər iki liderin şəxsi münasibətləri və geosiyasi hesablamaları arasında bir tarazlıq axtardığı proqnozlaşdırılır. Heç şübhəsiz ki, onlar Rusiya-Ukrayna müharibəsi barədə də danışıblar və Tramp Putindən müharibəni dayandırmasını istəyib. Putin bu təklifə “yox” deyə bilməz, amma “hə” də deməyib. Bu vəziyyət Trampın hələ seçki kampaniyası dövründə Rusiya-Ukrayna müharibəsini dayandıracağına dair bəyanatının artıq aktiv müzakirə mərhələsinə daxil olduğunu göstərir.