Amerika hakimiyyətində “Azadlıq” və “Amerikanın səsi” radiostansiyalarının bağlanması ilə bağlı irəli sürülən təkliflər yalnız media azadlığının müzakirəsini deyil, həm də beynəlxalq siyasətdə informasiya müharibəsi və manipulyasiya məsələlərini gündəmə gətirir. Prezident Trampın müşaviri və hökumətin səmərəliliyinin artırılması üzrə Departamentin (DOGE) rəhbəri İlon Maskın hər iki radiostansiyanı büdcədən havayı pulları mənimsəməkdə və Amerikanın milli maraqlarına xidmtə etməyən addımlar atmaqda ittiham etməsi əslində Tramp adminstrasiyasının bu media qurumları ilə bağlı addımlar atacağı qənatini gücləndirir. Çünki Mask kimi çoxları bu fikirdədir ki, bu media qurumları, əslində, müstəqil ölkələrin daxili işlərinə qanunsuz şəkildə qarışır və ABŞ-ın beynəlxalq nüfuzuna ciddi zərbə vurur. Belə iddialar isə həmin qurumların fəaliyyətinin jurnalistikadan çox siyasi məqsədlərə xidmət etdiyini göstərir.
Həm “Azadlıq”, həm də “Amerikanın səsi” uzun illər ABŞ-ın geopolitik maraqlarını müdafiə edən informasiya vasitəsi kimi fəaliyyət göstəriblər. Lakin sözdə demokratiyanı və azad mətbuatı müdafiə etdiklərini bildirən, dövlət büdcəsindən maliyyələşdirilən, əslində isə struktur etibarilə dövlət siyasəti ilə sıx əlaqədə olduqları üçün müstəqil və neytral jurnalistikadan uzaq olan bu media qurumları qlobal səhnədə bir çox dövlətlərin daxili işlərinə qarışmaq, siyasi mövzularda narahatlıq yaradan məlumat axınını təmin etməklə məşğul olublar. Bu cür fəaliyyət isə bir çox hallarda müstəqil ölkələrin daxili işlərinə müdaxilə kimi qiymətləndirilib və bu, onların suverenliyinə hörmət baxımından ciddi problemlər yaradır.
Vaxtilə ABŞ-ın beynəlxalq arenada nüfuzunu artırmaq məqsədilə qurulan bu media orqanlarının fəaliyyəti ötən dövrdə “yumşaq güc” və ideoloji mübarizə aləti kimi istifadə olunub. Onların yaydığı xəbərlər və informasiya axını təkcə obyektiv hadisələri işıqlandırmaq üçün deyil, müəyyən siyasi gündəmləri irəli sürmək üçün istifadə olunub. Görünür, indi vəziyyət dəyişib. Nə “Azadlıq”, nə də “Amerikanın səsi” radiostansiyaları üçün soyuq müharibə illəri bitib və Tramp adminstrasiyası onların öz fəaliyyətini bundan sonra da eyni prinsiplərlə davam etdirməsində heç bir fayda görmür və yaxud da bu media qurumları yeni Amerika reallığını etibarlı formada çatdırmaq iqtidarında deyil. Vaşinqtonda anlamağa başlayıblar ki, uzun illərdir media azadlığı və obyektiv jurnalistika prinsipləri adı altında məlumatın düzgün və balanslı çatdırılmasını təmin etmək meyarlarını bir kənara qoyub daha çox obyektivlikdən uzaqlaşaraq siyasi və ideoloji gündəmlərin formalaşdırılmasına xidmət edən “Azadlıq” və “Amerikanın səsi”nin fəaliyyəti jurnalistika etikası və mətbuat azadlığı ilə bir araya sığmır. Bu orqanların fəaliyyəti medianın əsas missiyasını – yəni, müstəqil və obyektiv informasiya vermə öhdəliyinə uyğun gəlmir. Digər tərəfdən müstəqil ölkələrin daxili işlərinə qarışmaqla beynəlxalq hüquq və suverenlik prinsiplərini kobud şəkildə pozurlar. Onların fəaliyyətləri demokratik proseslərə müdaxilə, siyasi manipulyasiya və qeyri-qanuni nüfuz təzyiqi kimi aspektləri ilə həm etik, həm də hüquqi problemlər yaradır. Bu vəziyyət də ABŞ-ın beynəlxalq münasibətlərində və nüfuz strukturunda əhəmiyyətli problemlərə yol açır. Ona görə də İlon Maskın “Azadlıq” və “Amerikanın səsi”nin bağlanması ilə bağlı irəli sürdüyü təşəbbüs bu media orqanlarının fəaliyyətində mövcud olan problemli istiqamətləri açıq şəkildə ortaya qoyur. Onların fəaliyyətinin ABŞ üçün artıq heç nəyi ifadə etmədiyini göstərir.