Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir?

Noyabrın 6-da ABŞ-da son illərdə ən çox gözlənilən prezident seçkiləri Donald Trampın Kamala Harris üzərində qələbəsi ilə nəticələndi. Bu o deməkdir ki, növbəti ilin yanvarından etibarən Tramp daha dörd il müddətində Ağ Evin sahibi olacaq. Bu seçkilər təkcə ABŞ üçün deyil, ümumiyyətlə qlobal siyasi sistem üçün taleyüklü məsələ kimi səciyyələnir və ona görə də təsadüfi deyil ki, bir çox regionlarda yerli ekspertlər Trampın yeni prezidentliyinin həmin bölgələr  və oradakı geosiyasi proseslərin mümkün nəticələri haqqında roqnozlara və spekulyasiyalara başlayıblar.

Hələ ki, Tramp öz komandasını formalaşdırmaq mərhələsindədir və bu səbəbdən indidən onun Cənubi Qafqazla bağlı siyasətinin konkret nə cür olacağını demək çətindir. Bununla belə, Trampın əvvəlki prezidentliyi, şəxsi temperamenti, həmçinin, prezident seçkiləri kampaniyası dövründə və seçildikdən sonra atdığı addımlar və ətrafında peyda olan insanlara görə onun gələcək siyasəti ilə bağlı müəyyən qənaətlər irəli sürməyə imkan verir.

Qeyd etmək lazımdır ki, Azərbaycanda siyasi isteblişmentin ABŞ-da daha çox respublikaçılarla dil tapması və əməkdaşlıq etməsi daha ənənəvi xarakter daşıyır. Doğrudur, 1990-cı illərdə demokratların lideri Bill Klinton hakimiyyətdə olduğu dövrdə Bakı və Vaşinqton arasında isti münasibətlər yaranmış, lakin Azərbaycanın ABŞ-nin bölgədəki əsas dayaq nöqtələrindən birinə çevrilməsi 2000-ci illərin əvvəllərində və ortalarında respublikaçı Corc Buşun dövründə möhkəmlənmişdi: xüsusilə Əfqanıstan kampaniyası zamanı ABŞ hərbi qüvvələri üçün Azərbaycan ən vacib nöqtələrdən biri idi.

Azərbaycanın zəfəri ilə bitən İkinci Qarabağ Müharibəsi Trampın hakimiyyəti müddətinə təsadüf etmiş, demokratların hakimiyyət dövrünə düşən post-Qarabağ dövründə ABŞ-Azərbaycan münasibətlərində bir sıra gərginliklər yaranmış, eyni zamanda Amerika hökumətinin Azərbaycanın bölgədəki əsas rəqibi olan Ermənistana daha çox simpatiya bəsləməsi ilə bağlı Bakıda müəyyən qənaətlər yaranmışdır. Bu qənaət isə ABŞ-Azərbaycan və ABŞ-Ermənistan əlaqələrinin dinamikası, həmçinin Vaşinqtonda bir sıra rəsmi şəxslərin bəyanatları və fəaliyyətindən qaynaqlanırdı: 2023-cü ilin payızında ABŞ Qanunverici orqanı tərəfindən anti-Azərbaycan xarakterli 907-ci düzəlişin uzadılması, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayanın (James C. O’Brien) Azərbaycan ilə əlaqələrin əvvəlki kimi olmayacağı haqqında bəyanatı (“No business as usual”), 2024-cü ilin aprelində Dövlət Katibi Entoni Blinkenin (Antony Blinken) də iştirak etdiyi və AB ilə ABŞ-nin Ermənistana dəstəyini ifadə edən Brüssel sammiti və s.  Uzun müddət ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, demokrat senator Bob Menendesin (Bob Menendez) Azərbaycana qarşı çıxışları, qanunvericilik təşəbbüsləri və digər fəaliyyəti də Azərbaycanda hər zaman narazılıqla qarşılanıb.

Təsadüfi deyil ki, Azərbaycanda da siyasi elita daha çox Trampın Ağ Evə qayıtmasını gözləyirdi və Prezident İlham Əliyev 2023-cü ilin iyulunda Şuşada keçirilmiş Qlobal Media Forumu zamanı Tramp ilə bağlı müsbət fikirlər səsləndirmişdi.

Doğrudur, Trampın formalaşdırdığı yeni administrasiyada da Azərbaycan əleyhdarı hesab olunacaq fiqurların profillərinə rast gəlmək mümkündür. Yanvarda Dövlət Departamentinin yeni rəhbəri olacaq floridalı senator Marko Rubio (Marco Rubio) 2022-ci ilin sentyabrında yuxarıda adı çəkilmiş Menendes ilə birgə ABŞ-ın Azərbaycana hərbi dəstəyinin kəsilməsi ilə bağlı qanun layihəsi təklif etmişdi. Eyni zamanda, Trampın əsas ideoloji tərəfdarlarından biri olan və hal-hazırda ABŞ siyasətində sürətlə yüksələn başqa bir respublikaçı Vivek Ramasvami (Vivek Ramaswamy) də son aylarda dəfələrlə Qarabağ məsələsini gündəmə gətirərək, Azərbaycanı etnik təmizləmədə ittiham etmişdi. Yanvarda ABŞ-da ən strateji postların birinə – Milli Təhlükəsizlik Direktoru vəzifəsinə gələcəyi gözlənilən Talsi Qabbardın (Tulsi Gabbard) 2017-ci ildə Qarabağda çəkdirdiyi şəkil və Azərbaycan tərəfindən qara siyahıya salındığı da xatırlana bilər. Maraqlıdır ki, seçkilərdən bir qədər öncə Trampın özünün də “Artsax” ilə bağlı bəyanatı, güman ki, erməni və xristian elektoratın simpatiyasını qazanmaqdan ötrü piar gedişi olsa da, yenə də Azərbaycan üçün mənfi epizod kimi yadda saxlanılmalıdır.

Cənubi Qafqaz Tramp administrasiyasının prioritetləri sırasına daxil olmasa belə, onun Bayden kabinetindən fərqli olaraq həddindən artıq İsrailpərəst və anti-İran xarici siyasət yürüdəcəyini də təxmin etmək mümkündür. Məhz bu məqam Azərbaycan üçün müəyyən imkanlar, xüsusilə İran kartını oynamaq, eyni zamanda özünü İsrailin strateji tərəfdaşı kimi göstərmək baxımından müəyyən imkanlar açacaq. Yuxarıdakı məqam Azərbaycanın bölgədəki rəqibi Ermənistanın vəziyyətini çətinləşdirəcək, çünki hal-hazırda sərhədlərinin açıq olduğu iki ölkədən biri kimi İran İrəvan üçün çox əhəmiyyətlidir. Xüsusilə son dövrlərdə Qərbpərəst imic yaratmağa çalışan Ermənistan rəhbərliyi nə qədər də Tehranla münasibətlərdə passivlik nümayiş etdirməyə çalışsa da, digər tərəf əməkdaşlığı dərinləşdirmək niyyətindədir: İranın Zəngəzur dəhlizi mövzusundakı mövqeyi, rəsmi şəxslər və ekspert icması səviyyəsində keçirilən səfərlər və görüşlər də bunu göstərir. İstənilən halda, güman etmək olar ki, Tramp administrasiyasını qıcıqlandırmamaqdan ötrü Ermənistan öz xarici siyasətində, xüsusilə İrana qarşı müəyyən korrektələr etməli olacaq.

Tramp dövründə ABŞ xarici siyasətinin əsas diqqət mərkəzinin Yaxın Şərqə və Sakit Okean-Şərqi Asiya bölgəsinə keçəcəyi gözlənilir. Ukraynadakı müharibəni dayandırmağı və ABŞ-nin artıq bu savaşa resurs xərcləməməsini qarşısına hədəf qoymuş Trampın geosiyasi baxışları post-Sovet məkanında ABŞ-ın mövcudiyyətinin və təsirinin azalmasına gətirib çıxara bilər. Bu isə Ukrayna cəbhəsində xeyli qan itirmiş Rusiyanın yenidən güclənməsi və ABŞ-nin çəkilməsi ilə Avrasiyada vakuumu doldurmağa çalışması anlamına gələ bilər. Digər güc – Avropa Birliyinin isə ABŞ-nin birbaşa dəstəyi olmadan bu regionda nə dərəcədə öz üzərinə məsuliyyət götürəcəyi də sual altındadır.

İstənilən halda, yaxın bir neçə ildə dünya nizamındakı yeni tendensiyanın – regionallaşmanın sırf Cənubi Qafqazda daha çox təzahür edəcəyini görmək mümkündür: bu, bir tərəfdən bölgədəki güclərin nüfuzunun yüksəlməsi deməkdir. Azərbaycan xüsusilə 2000-ci illərdə (Corc Buşun və neokonların dövründə olduğu kimi) yenə də İran kartını oynamaq və İsraillə strateji əməkdaşlığını göstərməklə ABŞ-ın bu bölgədəki diqqətini özünə cəlb edə bilər. Bundan əlavə, Qərb-Rusiya konfrontasiyasında tərəf tutmaqdan qaçmaqla, mübarizə aparan qütblərə münasibətdə “eyni məsafə” (equidistance) siyasətini davam etdirə bilər. Ermənistanın isə vəziyyəti bu baxımdan daha çətindir, çünki son bir neçə ildə Qərblə bağlı inteqrasiya və Rusiyaya qarşı aqressiv ritorika ilə çıxış etmiş İrəvan başı başqa prioretlərə qarışmış AB və ABŞ-dan gələn dəstəyi azalacağı təqdirdə Rusiyanı əvvəlki kimi qıcıqlandırmamağa və balanslaşdırma siyasətinə cəhd göstərə bilər.