Parlament seçkiləri Gürcüstanın xarici siyasətinə necə təsir edəcək?

Regiondakı geosiyasi vəziyyətə mühüm təsir göstərən hadisələrdən biri – Gürcüstandakı parlament seçkiləri artıq arxada qaldı. Seçkilərin yekunlarına əsasən, “Gürcü Arzusu” 89, “Dəyişikliklər naminə Koalisiya” 19, “Vahid Milli Hərəkat” 16, “Güclü Gürcüstan” 14, “Qaxariya Gürcüstan naminə” partiyası isə 12 mandatla qanunverici orqanda təmsil olunmaq hüququ qazandı.

Beləliklə də, hakim partiya konstitusion çoxluğa (113 mandat) nail ola bilməsə də, XI çağırış parlamentin hüquqi legitimliyi və fəaliyyə başlaması üçün lazım olan nəticəni (50%+1, yəni 76 mandat) əldə edə bildi. Hazırda “Gürcü Arzusu” yeni parlamentin siyasi cəhətdən legitimliyini təmin etməyə çalışır, müxalifət isə seçkilərin nəticələrini tanımayaraq onların ləğvini tələb edir ki, bu da faktiki olaraq yalnız məhkəmə qərarı və ya kütləvi təzyiq (etiraz aksiyaları ilə deputatları iclas zalına buraxmamaq) vasitəsilə mümkündür.

Seçkiqabağı dövrdə hər iki tərəfin bir-birinə qarşı səsləndirdiyi ittihamlar əsasən xarici siyasət vektoru ilə bağlı idi. Müxalifət hakimiyyəti Rusiyameyilli addımlar atmaqda, “Gürcü Arzusu” isə rəqiblərini “Qlobal müharibə partiyasının əlində alətə çevrilərək Rusiyaya qarşı ikinci cəbhənin açılması” cəhdində günahlandırırdı. “Gürcü Arzusu” hazırki seçkilərdə qalib tərəf hesab edildiyi üçün ona ünvanlanan ittihamları nəzərdən keçirək:

Hakim partiyaya yönəlmiş əsas ittiham Rusiya ilə münasibətləri yaxınlaşdırmaq istəyidir ki, burada da başlıca indikatorlar diplomatik münasibətlərin bərpası, eləcə də Abxaziya və Tsxinval bölgəsilə bağlı Kremllə danışıqların aparılmasıdır. Hazırda Gürcüstan rəsmiləri Moskva ilə diplomatik münasibətlərin bərpasını istisna edir, Abxaziya və Tsxinvalla bağlı danışıqlar haqqında isə heç bir anons vermirlər.

Digər tərəfdən, rəsmi Tbilisi Qərblə münasibətlərdə problemlər yaradan qanunları ləğv etməyi düşünmür. Hakimiyyəti dəstəkləmək üçün seçkilərdən dərhal sonra hazırda Aİ-yə sədrlik edən Macarıstan baş nazirinin Gürcüstana səfəri isə Tbilisinin Qərb siyasətinin mümkün istiqamətini göstərir. Belə görünür ki, “Gürcü Arzusu” Qərbdəki mühafizəkar dairələrlə əməkdaşlığı tərcih edir. Daxili siyasi legitimliyin təmin edilməsindən sonra Gürcüstan hakimiyyəti Macarıstanın timsalında müstəqil xarici siyasət yeritməyə çalışacaq ki, bu da öz qaydaları çərçivəsində Qərblə əməkdaşlığı nəzərdə tutur.

Regional mənzərəyə nəzər salsaq, Gürcüstanın qonşuları olan Azərbaycan, Türkiyə və Ermənistan artıq “Gürcü Arzusu”nu seçkilərdəki qələbəsi münasibətilə təbrik edib. Çin də Gürcüstanın hakim partiyasına öz təbriklərini ünvanlayıb. Əlbəttə ki, bu sadalananlar Tbilisinin gələcək xarici siyasət prioritetlərini müəyyənləşdirməsinə təsirsiz ötüşməyəcək. Beləliklə də, “Gürcü Arzusu” yeni çağırış parlamentin siyasi legitimliyini və normal fəaliyyətini təmin etdikdən sonra xarici siyasət vektoru göstərilən istiqamətlərdə həyata keçiriləcək.