Ümid Donald Trampadır

Rusiyanın keçmiş prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ – ın strateji nüvə qüvvələrinin ( SNF ) ixtisarı ilə bağlı mümkün məsləhətləşmələri mənasız adlandırıb. Vladimir Jirinovski vəfat etdikdən sonra onun vəzifəsini boynuna gotürmüş keçmiş prezidentin dedikləri əslində Kremlin indiki rəhbərinin sözləridir. Medvedev ABŞ-la danışıqları zərərli hesab edir, çünki bu ölkə Ukraynaya yardım edir. Bu yaxınlarda ABŞ prezidenti Co Bayden ilkin şərt olmadan nüvə silahının ixtisarına dair Moskva ilə danışıqlara hazır olduqlarını bildirib. Rusiyanın bu danışıqlardan imtina etməsinin səbəbi nüvə silahının bu ölkənin əlində əsas qorxu aləti olmasıdır. Uzun illərdir ki, Rusiya Qərbi məhz nüvə silahı ilə qorxudur.

Bu yaxınlarda nüvə silahının Rusiya tərəfindən istifadə sərhədlərinin genişləndirilməsi Qərbdə xüsusi narahatlıqla qarşılanıb. ABŞ-ın hazırda əsas missiyası bu məsələdə Rusiyanı cilovlamaq və rəqibinin nüvə gücünə nəzarət etməkdir. ABŞ və Rusiya nüvə silahına malik iki böyük dövlətdir. Ancaq bu ölkələrin nüvə silahına baxışlarında böyük fərqləri var. ABŞ hazırda heç bir ölkəni bu silahdan istifadə ilə bağlı təhdid etmir. Rusiya isə davamlı şəkildə Qərb ölkələrinə  bununla bağlı təhdidlər yağdırır.  İkinci səbəb isə Baydenin özünün şəxsi nüfuzu ilə bağlıdır. Ağ evin hazırkı rəhbərinin Rusiya ilə bağlı xarici siyasəti fiaskoya uğrayıb və bu respublikaçıların ən güclü tənqididir. Bayden nə qədər çalışsa belə Rusiyaya qarşı dünyada vahid cəbhə formalaşdıra bilməyib. ABŞ-ın niyyəti Rusiyanı Ukraynada bataqlığa salmaq idi. Necə ki, vaxtilə Əfqanıstanda eynisini SSRİ-yə qarşı tətbiq etmişdi. Ancaq Putin fərqli strategiya izləyib. SSRİ Əfqanıstanda hakimiyyəti dəyişmək və özünə sadiq qüvvələri hakimiyyəti gətirmək istəyirdi. Rusiya isə faktiki olaraq Ukrayna dövlətçiliyini rədd edib və tutduğu bütün ərazilərin federasiya tərkibinə daxil olacağını bildirib. Moskva Qərbə göstərib ki, onun niyyəti Ukrayna hakimiyyəti deyil,  Ukraynanın torpaqlarıdır. İkinci bir səbəb isə Qərb çox çalışmasına baxmayaraq Ukraynada partizan hərəkatı qura bilməyib. Əfqanıstanda isə radikal dini qruplar sovet qoşunlarına həm hərbi, həm ideoloji olaraq böyük zərbələr vurdu. Ukraynada Rusiya ordusunun dərinliyinə girəcək partizan dəstələri yoxdur. Coğrafi amillər, həmçinin Ukrayna cəmiyyətinin özünün partizan mübarizəsi üçün təcrübəsiz olması və Volodimir Zelenski hökumətinin bu işdə maraqlı olmaması prossesin qarşını alıb. Qərbin ehtiyat etdiyi Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsidir. Bu hal Kiyevin dirənişini qıra bilər. Bayden Ağ Evi tərk etməmiş Rusiyanı nüvə müqaviləsinə məcbur etməklə öz uğursuzluğunu az da olsa kompensasiya etmək istəyir. Diqqət çəkən digər məqam isə bu razılaşmaya niyə Putinin  deyil, Medvedevin etiraz etməsidir.  Medvedev nə qədər ağır çəkili fiqur olsa belə onun sözü Rusiyanın rəsmi mövqeyi deyil. Görünür, Putin gələcəklə bağlı ehtiyyatı əldən vermək istəmir. Kreml sahibinin Bayden sonrasına ümidi böyükdür. Əgər Donald Tramp yenidən Ağ evə gələ bilərsə Moskva və Vaşinqton arasında buzlar müəyyən qədər əriyəcək. Rusiya gələcəkdə ABŞ-la nüvə anlaşma imzalaya bilər. Ona görə də Putin özü hələ ki, bu məsələyə münasibət bildirmir. Dmitri Medvedevin açıqlaması isə göstərir ki, nüvə silahı hələ bir müddət də Rusiyanın Qərbə təhdid vasitəsi olaraq qalacaq.