AZƏRBAYCAN QLOBAL MÜSTƏVİDƏ SABİTLƏŞDİRİCİ ROL OYNAYAN DÖVLƏTƏ ÇEVRİLİB

Rusiya ilə Ukrayna arasında iki ildən çoxdur ki, davam edən genişmiqyaslı və üzücü müharibə fonunda Azərbaycanın yürütdüyü xarici siyasətin regionda sülh və təhlükəsizliyə xidmət etməsi, sabitləşdirici rol oynaması beynəlxalq səviyyədə açıq etiraf olunur.

Hərbi bloklara qoşulmamaq, qonşu dövlətlərlə münasibətləri sivil məcrada, qarşılıqlı maraqlar əsasında inkişaf etdirmək, geosiyasi təsirlər altında üçüncü dövlət əleyhinə platsdarm rolunu oynamamaq xətti yürüdən, münaqişələrin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq prinsipləri əsasında həllinə çalışan Azərbaycan bunun nəticəsində çoxvektorlu xarici siyasət yürütməyə nail olub.

Prezident İlham Əliyev İtaliyaya səfəri çərçivəsində Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Azərbaycanın da iştirakı mümkünlüyünü istisna etməyib: “Bu gün biz Rusiya və Ukrayna ilə münasibətlərimizi çox yaxşı hesab edirik. Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik. Amma, eyni zamanda, biz anti-Rusiya sanksiya kampaniyasının bir hissəsi olmamışıq və olmayacağıq”.

Xatırlatmaq yerinə düşər ki, rəsmi Bakı istər 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş 5 günlük müharibə, istərsə də hərbi təyyarənin vurulması zəminində 2015-ci ildə Türkiyə ilə Rusiya arasında yaranmış siyasi gərginlik zamanı sabitləşdirici və barışdırıcı rol oynayıb. Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin rolu xüsusilə qeyd edilib.

Son illərin reallıqları deməyə əsas verir ki, rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərdə beynəlxalq norma və prinsiplərə əsaslanıb, ayrı-ayrı dövlətlərlə sivil, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verib, “ikili standartlara” qarşı çıxıb. Azərbaycan bu gün də qlobal sülh və təhlükəsizliyə, qarşıduran tərəflər arasında ortaq məxrəcin tapılmasına xidmət edən missiya ilə çıxış edir. Dövlət başçısı İtaliyada Beynəlxalq Çernobbio Forumunda bəyan edib ki, Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən ölkəmizə müraciət olub. Bu fakt ölkəmizin regiondakı nüfuzunun qlobal miqyasda yüksək dəyərləndirildiyinin göstəricisidir. Azərbaycanın hansısa məqamda Rusiya və Ukrayna arasında vasitəçilik etməsi də istisna edilmir. Prezident İlham Əliyev bununla bağlı deyib. “Bizdə müəyyən nikbinlik var. Çünki biz bu kontekstdə hər iki ölkə ilə təmasdayıq və görürük ki, ciddi irəliləyiş üçün zəmin var. Ancaq tərəfimdən təfərrüatların açıqlanması erkən olar. Burada uğura nail ola bilsək, zənnimcə biz bütün regionu viran edən bu müharibəyə son qoymaq üçün əlavə addımlar ata bilərik”.

Beynəlxalq hüququn kobud şəkildə pozulması, münaqişələrin həllində güc amilinin önə çıxması fonunda rəsmi Bakının qlobal konfrontasiyalarda tərəf kimi çıxış etməməkdə nə qədər haqlı olduğu bir daha təsdiqlənir. Bununla yanaşı, Azərbaycanın iqtisadi, maliyyə, demoqrafik və hərbi potensialı, habelə ictimai-siyasi sabitlik, hakimiyyətə yüksək etimad amilləri rəsmi Bakının beynəlxalq və regional proseslərə ciddi şəkildə nüfuz etmək imkanlarını genişləndirir. Bunun nəticəsidir ki, hazırda həm Avropa ölkələri, həm də Rusiya və Ukrayna ölkəmizə inam və etimad nümayiş etdirir.