Bu ilin yanvar-iyul aylarında Azərbaycanda təxminən 16,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə Azərbaycanda maye karbohidrogen hasilatı təqribən 800 min ton və ya 4,52% azalıb.
Energetika Nazirliyinin bu gün açıqladığı məlumata əsasən, çıxarılan neftin 9,7 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının (2023-cü ilin 7 ayında 10,6 milyon ton), 2,5 milyon tonu (kondensat) “Şahdəniz” yatağının (2,6 milyon ton), 300 min tonu (kondensat) “Abşeron” yatağının (40,4 min ton) payına düşüb. Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton (4,5 milyon ton) təşkil edib.
Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub (14,9 milyon ton). Bunun 12,2 milyon tonu konsorsiumun (13,2 milyon ton), 1,9 milyon tonu (1,7 milyon ton) isə SOCAR-ın payına düşür.
7 ay ərzində ölkədə neftin emalı 3,7 milyon ton (3,7 milyon ton) təşkil edib.
2024-cü ilin iyul ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 589 ton olub. Bunun 65 681 tonunu xam neft, 14 908 tonunu kondensat təşkil edib.
Energetika nazirliyi Azərbaycanda neft hasilatı həcmlərini açıqladı