Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanan mühüm sənədlər arasında xüsusi əhəmiyyət kəsb edən sənədlərdən biri də Azərbaycan və Çin vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişinə dair razılaşma oldu. Bu sənəd təkcə ikitərəfli münasibətlərin hüquqi bazasının genişlənməsi baxımından deyil, eyni zamanda siyasi etimadın, iqtisadi inteqrasiyanın və mədəni yaxınlaşmanın rəmzi kimi tarixə düşdü. Diplomatik praktikada vizasız rejimə keçid nadir hallarda yalnız texniki məsələ kimi dəyərləndirilir. Ona görə də bu addım əslində, iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə çatdığını göstərən siyasi jest, dostluq və qarşılıqlı inam aktı kimi dəyərləndirilməlidir.
Azərbaycan və Çin arasında vizasız rejimə dair razılaşmanın siyasi əhəmiyyəti ilk növbədə bu sənədin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin yeni mərhələsini simvolizə etməsindədir. Çin ümumiyyətlə, vizasız rejimi çox az sayda ölkə ilə həyata keçirir. Belə bir imtiyazın Azərbaycana verilməsi Pekin tərəfindən Bakıya yüksək etimadın göstəricisidir. Bu etimad təkcə diplomatik müstəvidə deyil, həm də təhlükəsizlik və sərhəd nəzarəti sahəsində koordinasiyanın yüksək səviyyədə olduğunu nümayiş etdirir. Bu razılaşma, eyni zamanda Azərbaycanın çoxqütblü və balanslaşdırılmış xarici siyasət kursunun növbəti uğurudur. Qlobal müstəvidə dünya ölkələri ilə sıx əlaqələr, Avropa İttifaqı ilə enerji tərəfdaşlığı, həmçinin Çinlə vizasız rejimə keçid Azərbaycanın qlobal güclərlə öz milli maraqları əsasında qurduğu simmetrik və dəyərə əsaslanan münasibətlərin nəticəsidir. Bununla yanaşı, vizasız rejim Azərbaycanın beynəlxalq miqyasda etibarlı və təhlükəsiz ölkə imicini bir daha təsdiqləyir. Digər tərəfdən, Çin kimi əhalisi 1,4 milyard nəfərdən çox olan nəhəng dövlətin Azərbaycan vətəndaşlarına sərbəst səyahət imkanı tanıması Bakının beynəlxalq nüfuzunun yüksəldiyini göstərir.
Vizasız rejim ilk növbədə insanlararası təmasların intensivləşməsi deməkdir. Bu isə iqtisadiyyatın bir neçə mühüm sahəsinə birbaşa təsir göstərir. Bu sırada turizmin inkişafı birinci yerdə dayanır. Belə ki, Çin dünyada ən çox turist göndərən ölkədir. Hər il 100 milyondan çox çinli xarici ölkələrə səyahət edir. Bu miqyasda bir ölkə vətəndaşlarının Azərbaycana vizasız gediş-gəlişi, ölkənin turizm sektoruna güclü impuls verə bilər. Xüsusilə tarixi İpək Yolunun bərpası çərçivəsində Çin turistləri üçün Azərbaycan həm tarixi, həm də mədəni baxımdan cəlbedici məkan kimi təqdim edilə bilər. İkincisi, bu hal ticarət dövriyyəsində artıma da səbəb olacaq. Çünki vizasız rejim biznes dairələri üçün yeni imkanlar açır. Bu da sahibkarlar arasında qarşılıqlı səfərlərin artmasına, sərgilərdə, forumlarda və biznes yarmarkalarında iştirak imkanlarının genişlənməsinə, Çin və Azərbaycan iş adamları arasında birbaşa əlaqələrin qurulmasına şərait yaradacaq. Bu, xüsusilə kənd təsərrüfatı, sənaye məhsulları, əczaçılıq və texnologiya sahələrində ticarət dövriyyəsinin artmasına da səbəb ola bilər. Bundan əlavə, birbaşa investisiyalar və texnoloji əməkdaşlıq da genişlənəcək. Çin şirkətləri xarici bazarlarda fəaliyyət göstərərkən, yerli tərəfdaşlarla tez-tez birbaşa görüşlərə, infrastruktur və sənaye zonalarına yerində baxışlara üstünlük verirlər. Vizasız rejim bu cür birbaşa təmasları asanlaşdırmaqla, Çindən Azərbaycana sərmayə axınını sürətləndirə bilər. Eyni zamanda Azərbaycan şirkətləri də Çin bazarında öz mövqelərini genişləndirmək üçün daha əlverişli şərait əldə edəcəklər.
Vizasız rejimin tətbiqi Azərbaycanın Çinə strateji baxışının bir hissəsidir. Bu addım “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkəmizin geoiqtisadi dəhlizlərdə mərkəzi oyunçu kimi rolunu daha da gücləndirəcək. Digər tərəfdən Bakı artıq təkcə tranzit ölkə deyil, eyni zamanda Çin və Avropa arasında insan resursları, təhsil, turizm və texnologiya axınlarının da toplaşdığı bir məkana çevrilir. Bu razılaşma həm də mədəni diplomatiya baxımından böyük imkanlar açır. Çin və Azərbaycan arasında qarşılıqlı mədəniyyət günləri, sərgilər, kino həftələri, ədəbi mübadilələr daha da sıx həyata keçiriləcək.