“Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda tədbir keçirilib

24.04.2025-cü il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın son illərdə beynəlxalq təşkilatlarla fəal əməkdaşlığına və uğurlu sədrliyinə diqqət çəkdi. O,  90-cı illərdə Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin İƏT-ə üzv olması ilə təşkilatın genişləndiyini, görüşlərin intensivliyinin artdığını bildirdi. F.Şəfiyevin sözlərinə görə, qurum çərçivəsində iqtisadi əməkdaşlığın zəif getməsinin səbəbi bəzi üzv dövlətlər arasında siyasi və iqtisadi mövzulardakı fikir ayrılıqları olub.

“Son dövrlərdə Azərbaycan yeni təşkilatlara da qoşulur. Ötən il cənab Prezident İlham Əliyevin Misirə səfəri çərçivəsində Azərbaycan D-8 təşkilatına üzv olmuşdu. Ümumiyyətlə, biz çalışırıq, beynəlxalq platformalarda öz mövcudluğumuzu təsdiq edək və kənarda qalmayaq”.

BMTM-in şöbə müdiri Şahmar Hacıyevin moderatorluğu ilə davam etdirilən tədbirdə Milli Məclisin deputatı Qaya Məmmədov, Xarici İşlər Nazirliyinin (XİN) İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynovun çıxışları dinlənildi.

Milli Məclisin deputatı Qaya Məmmədov İƏT-in geosiyasi əhəmiyyətinə toxunaraq onu ölkəmiz üçün vacib mexanizm adlandırdı, real potensialının isə yüksək olduğunu qeyd etdi.

Azərbaycanın İƏT-lə münasibətləri barədə məlumat verən Q. Məmmədov real əməkdaşlıq prosesləri gedən platformalarda ölkəmizin iştirakının vacibliyini və qurumun bundan sonrakı inkişafına töhfələrini əlavə etdi.

İƏT üzvlərinin əsasən Azərbaycanın müttəfiqləri və yaxın qonşuları olduğuna diqqət çəkən XİN-in İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev nəqliyyat, enerji, bağlantılar sahələrində əməkdaşlığın ölkəmiz üçün vacib olduğunu bildirdi.

Onun sözlərinə görə, bəzi İƏT üzvləri arasındakı fikir ayrılıqları təşkilatın real potensialını materiallaşdırmağa imkan vermir və bu səbəbdən vahid nəqliyyat siyasətinin formalaşmasında əngəl olaraq çıxış edir.

Azərbaycanın İƏT-ə töhfəsindən danışan R. Mirzəyev ölkəmizdə təşkilatın Təmiz Enerji Mərkəzi və Tədqiqat Mərkəzinin yaradılacağını, hazırda son hüquqi proseslərin icra edildiyini bildirdi.

XİN rəsmisi, həmçinin davamlı inkişaf və dayanıqlı iqtisadi əməkdaşlıq mövzularına həsr edilən İƏT-in 17-ci sammitinin Xankəndi şəhərində keçiriləcəyini vurğuladı.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn ölkəmizin iqtisadi diplomatiya sahəsindəki uğurlarına, İƏT-ə üzv ölkələrlə ticarət dövriyyəmizi əks etdirən göstəricilərə diqqət çəkdi. Onun sözlərinə görə, mövcud proqnozlar göstəriri ki, gələcəkdə hər hansı münaqişə baş verməyəcəyi halda, İƏT-in coğrafi arealında inkişaf ardıcıl templə davam edəcək. R. Hüseyn, həmçinin Azərbaycanın İƏT-ə üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli müstəvilərdəki uğurlu əməkdaşlığının təşkilatın işinə töhfəsindən bəhs etdi və ölkəmizin təmiz enerji üzrə nümunəvi addımlar atdığını diqqətə çatdırdı.

Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov Mərkəzi Asiyanın artan geosiyasi əhəmiyyətini, hazırda daha çox aktorların cəlb olunduğu “İkinci Böyük Oyun”un əsas həlqəsinə çevrilməsi barədə çıxış etdi. Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə intensivləşən əlaqələri onu bu geosiyasi bölgənin bir üzvünə çevirir. Bu səbəbdən, Mərkəzi Asiya ilə birgə keçirilən görüşlər 5+1+1 formatında reallaşdırılmalıdır.

R. Hüseynov, həmçinin Azərbaycanın multilateral formatlarda fəallığının artırılmasının ölkəmizin siyasi və iqtisadi mənada imkanlarını artıra biləcəyini qeyd etdi.