Geosiyasi, geoiqtisadi proseslərlə yanaşı, son günlərdə dünya iqtisadiyyatında gərginliyə yol açan əsas məsələlərdən biri də növbəti mərhələsi başlanan ticarət müharibəsidir. Yaxın dövr ərzində ticarət müharibəsinə cəlb olunacaq ölkələrin sayında böyük artım gözlənilir. Barəsində bəhs edilən müharibənin yeni mərhələsinin başlanmasına səbəb ABŞ Prezidenti Donald Trampın Kanada, Meksika və Çindən ölkəsinə gətirilən bütün mallara idxal rüsumları tətbiq olunması barədə imzaladığı sərəncam olub. Ekspertlərin hesablamalarına görə, rüsumlar təxminən 1,3-1,4 trilyon dollar dəyərində mallara təsir edəcək.
Meksika və Kanada idxalına rüsumlar 25 faiz səviyyəsində müəyyən edilib. Bu ölkələrdən gətirilən neft və neft məhsulları üçün isə 10 faizlik rüsum tətbiq olunub. Çin mallarına idxal vergisi 10 faiz təşkil edir. Düzdür, Meksika və Kanada rəhbərliyi ilə danışıqlardan sonra bu ölkələrdən gələn məhsullara rüsumların tətbiq edilməsi bir ay müddətinə təxirə salınıb. Amma gələn aydan etibarən rüsumların tətbiqi qaçılmaz görünür. ABŞ və Çin arasında isə rüsum savaşı artıq cari ilin fevralın 4-dən başlanıb. Yaxın tezlikdə prosesə Avropa İttifaqı da daxil olacaq. Donald Tramp Avropa İttifaqından gələn mallara da mütləq tarif qoyulacağını və bunun çox yaxında reallaşacağını bildirib. O, həmçinin Böyük Britaniyanın da tariflərin hədəfi ola biləcəyini vurğulayıb. Hələ ötən il Tramp bunun səbəblərini belə izah edirdi: “Avropa İttifaqı ölkələri Amerika Birləşmiş Ştatları ilə pis rəftar edir. Əvəzində isə ABŞ onları qoruyur və həm də qarşılıqlı ticarət əlaqələrindən böyük fayda əldə etməyə imkan verir”. Avropa İttifaqı artıq bəyan edib ki, Tramp tariflər tətbiq edərsə, qurum buna qətiyyətli şəkildə cavab verəcək.
Hələlik ticarət müharibəsinin əsas tərəfləri ABŞ və Çindir. Mövcud vəziyyətdə Çinin Ticarət Nazirliyi ABŞ-dən gələn kömür və maye təbii qaz məhsullarına 15 faiz, xam neft, kənd təsərrüfatı maşınları və böyük həcmli avtomobillərə isə 10 faizlik tarif tətbiq edəcəyini açıqlayıb. Yeni tariflər fevralın 10-da qüvvəyə minəcək. Ticarət Nazirliyinin yaydığı bəyanatda vurğulanıb ki, ABŞ-ın birtərəfli tarif artımı Ümumdünya Ticarət Təşkilatının qaydalarını ciddi şəkildə pozur. Bundan başqa, Çin ABŞ-ın “Google” şirkətinin antiinhisar qanunlarını pozması şübhəsi ilə istintaq başlatdığını, “Calvin Klein” də daxil olmaqla bir sıra brendlərin sahibi olan “PVH Corp” və ABŞ-ın biotexnologiya şirkəti “Illumina”nı “etibarsız təşkilatlar” siyahısına daxil etdiyini bildirib. Cavab tədbirlərinin davamı kimi Çin Ticarət Nazirliyi və Gömrük İdarəsi bəyan edib ki, milli təhlükəsizlik maraqlarını qorumaq məqsədilə volfram, tellurium, molibden və rutenium kimi məhsullar üzərində ixrac nəzarəti tətbiq olunacaq. Yaşıl enerji keçidi üçün kritik əhəmiyyət daşıyan bu nadir metalların qlobal təchizatında Çin böyük pay sahibidir.
Qarşıdakı dövr ərzində ticarət müharibəsinin daha da qızışması gözlənilir. Heç kim bu müharibənin nə qədər davam edəcəyini və ən əsası onun qarşısını almaq, yaxud dayandırmaq üçün nə etmək lazım olduğunu dəqiq bilmir. Bu şəraitdə Tramp yenə Meksika, Kanada və Çini ABŞ-a qeyri-qanuni miqrantların və sərhəddən narkotiklərin axınının qarşısını almaq üçün verdiyi vədləri yerinə yetirməməkdə günahlandırır. Meksika hökumətinə qarşı xüsusi iddialar da irəli sürülüb. Ağ Evin bəyanatında deyilir ki, o, narkotik kartelləri ilə müttəfiq olub, onlara narkotiklərin ABŞ-a istehsalı və daşınmasına icazə verib. Əgər bütün tərəflər öz mövqeyində dayansa və uzun sürən ticarət müharibəsi başlasa, ilk olaraq Kanada və Meksika Birləşmiş Ştatlardan daha çox zərər çəkəcək. Vaşinqtonda yerləşən Petersen İnstitutunun hesablamalarına görə, ixracatının təxminən 80 faizini ABŞ-a göndərən Kanada bir il ərzində iqtisadi artımının demək olar ki, bir faizini itirəcək. Meksika da eyni itkilərə məruz qalacaq. Amerikanın itkiləri üç dəfə az olacaq. “Morgan Stanley” investisiya firmasının iqtisadçılarının proqnozu daha qorxuludur. Onlar hələ bu ilin əvvəlində Meksikada tənəzzülün mümkünlüyündən və ABŞ-da iqtisadi artımın əhəmiyyətli dərəcədə – bir faiz azalmasından danışırlar. Ekspertlər yaxın günlər ərzində ABŞ-da inflyasiyanın əhəmiyyətli dərəcədə artacağını da proqnozlaşdırırlar.
Amerikalılar, çox güman ki, Kanada və Meksikadan ixrac edilən benzin, avtomobil, məişət elektronikası, meyvə və tərəvəz üçün daha yüksək qiymətlərlə idxal tariflərini ödəyəcəklər. Vergi Fondu hesab edir ki, idxal tarifləri 2025-ci ildə hər bir Amerika ailəsinə əlavə 830 dollara başa gələcək. Seçki kampaniyası zamanı seçicilərə inflyasiyanın azaldılması üçün addımlar atacağına söz verən Donald Tramp onun idxal tariflərini amerikalıların ödəyəcəyi ilə bağlı iqtisadçıların xəbərdarlıqlarını hələlik kənara qoyur. Tramp tariflərin ABŞ-da istehsalı stimullaşdıracağına inanır, amma qeyd edir ki, idxal rüsumlarının qüvvəyə minməsi ABŞ-da çoxları üçün ağrılı ola bilər: “Ağrı olacaqmı? Bəli, ola bilər. Yaxud da yox! Amma biz Amerikanı yenidən möhtəşəm edəcəyik. Bu, ödənilməli olan qiymətə başa gələcək”. Bütün bunlara ən emosional reaksiya ənənəvi olaraq Respublikaçılar Partiyasına yaxın olan “Wall Street Journal” qəzetinin redaksiya məqaləsində nümayiş olunub. “Tarixin ən axmaq ticarət müharibəsi” adlı redaktor məqaləsində qeyd olunur ki, idxal tarifləri ABŞ iqtisadiyyatı üçün təhdid yaradır. Çinə gəlincə, bu ölkədən ABŞ-a göndərilən ixrac məhsullarının bahalaşması ABŞ-da əlavə iqtisadi təzyiq yaradacaq. Hesablamalar göstərir ki, 2024-cü ildə ABŞ və Çin arasında ticarət dövriyyəsi 3,7 faiz artaraq 688,28 milyard dollara çatıb. Bu dövr ərzində Çinin ABŞ-a ixracı 2024-cü ildə 4,9 faiz artaraq 524,66 milyard dollara çatıb, Amerikanın Çinə ixracı isə əksinə, 0,1 faiz azalaraq 163,62 milyard dollara düşüb.
Gözləntilər bundan ibarətdir ki, ixrac qabiliyyətini qorumaq məqsədilə Çin diqqətini daha çox Avropaya yönəldəcək. Bu kontekstdə Çin məhsullarının daha böyük həcmdə Orta Dəhlizə yönləndirilməsi proqnozlaşdırılır. Belə vəziyyət tranzit ölkə və Orta Dəhlizin əsas iştirakçılarından biri kimi Azərbaycan üzərindən daha çox yük daşınmasını şərtləndirəcək. Faktdır ki, Azərbaycan Çin üçün strateji əhəmiyyət kəsb edir. Pekində nəzərə alınır ki, Azərbaycan Orta Dəhlizin səmərəli fəaliyyətində həlledici rol oynayır. Qeyd edilənlər fonunda Orta Dəhliz qlobal ticarətin həcminin artmasına daha böyük töhfələr verəcək. O, mal və xidmətlərin mübadiləsini təşviq edərək, ölkələrə beynəlxalq bazarlara daha səmərəli çıxış imkanı verir. Bu marşrut nəinki daha qısa tranzit vaxtını təmin edir, həm də ticarət tərəfdaşlarının diversifikasiyasını asanlaşdırır, qlobal ticarət dayanıqlığını artırır. Avropanın da Çinlə idxal-ixrac əməliyyatlarında Azərbaycanın tranzit əhəmiyyəti olduqca yüksəkdir. Belə şəraitdə Çin və Avropa İttifaqının ABŞ-la ticarət müharibəsi üzündən biri-birlərinə iqtisadi müstəvidə daha çox yaxınlaşması gözlənilir. Elə bu da tərəflərin ticarətində Azərbaycanın tranzit ölkə kimi xüsusi çəkisini daha da artıracaq.