Paşinyanın növbəti sınağı

Trampın ABŞ-da hakimiyyətə gəlməsi qlobal proseslərə multiplikativ təsir göstərəcək və bu, təbii ki, regionumuzda da öz əksini tapacaq. Trampın ABŞ-Avropa münasibətləri və Ukraynadakı müharibəyə dair mövqeyilə yanaşı, onun Yaxın Şərq böhranı və İsrail-İran münaqişəsinə yanaşması da geniş müzakirə olunur.

ABŞ ənənəvi olaraq İsraili silah təchizatı ilə dəstəkləyib. Yəməndə İranın proksilərinin dəniz ticarəti yollarında hərəkət edən gəmilərə hücumlarından sonra ABŞ Yəməndə husilərə qarşı zərbələr endirməyə başlayıb. Vaşinqton İranın İsrailə hücumunun dəf edilməsində də birbaşa iştirak edib. Lakin ABŞ İsrailin İrana hücumunda rəsmən iştirak etməyib.

Yəni öz ərazisinə və hava məkanına nəzarət etməyən dövlətlərin ərazisində İranın proksi qüvvələrinə zərbələr endirməkdə ABŞ-ın bilavasitə iştirakı var. Lakin birbaşa İran ərazisinə zərbələr artıq başqa bir qarşıdurma səviyyəsidir və ABŞ hələ ki, bu səviyyəyə çatmayıb.

Trampın dövründə İsrailə silah tədarükü dayanmayacaq, bəlkə daha da artacaq. Belə görünür ki, ABŞ İrana birbaşa zərbə endirmək səviyyəsinə qalxmayacaq. Suriya, Livan, İraq və Yəməndəki müqavimət oxu çətin anlar yaşayacaq. Bu qruplar tam şəkildə təqib ediləcək. İranın regionda təsirini azaltmaq ABŞ-ın maraqlarına uyğundur və bu məqsədə yalnız Tehranın proksi qruplarının hərbi infrastrukturunu dağıtmaqla nail olmaq mümkündür.

İran da öz növbəsində İsrailə mümkün hücum mövzusunda ABŞ-la sövdələşməyə çalışacaq, lakin bunun heç bir nəticəsi olmayacaq.

İran tərəfi seçkilər ərəfəsində verdiyi açıqlamalar və İsrailə zərbənin qaçılmazlığına dair bəyanatları ilə Trampın əlinə oynayıb.

Trampın Yaxın Şərqdə İrana qarşı mübarizə təcrübəsi var. Birinci dövründə o, bəzi ərəb monarxiyalarının İsraillə normallaşmasını rəsmiləşdirdi, onları silahla təmin etdi və neftin qiyməti ilə bağlı məsələlərin həlli yollarını tapdı. Baydenin prezidentliyi dövründə Çin təşəbbüsü öz əlinə aldı, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyni İranla barışdıraraq Trampın nailiyyətlərini təkrarladı.

Belə görünür ki, Tramp Körfəz monarxiyaları ilə İsraili Qəzzaya nəzarətə cəlb etməklə münasibətləri normallaşdırmağa davam edəcək. Bununla yanaşı, Körfəz monarxiyaları Suriya, Livan, İraq və Yəməndə iranyönlü qüvvələrin hərbi infrastrukturunun dağıdılmasının əleyhinə deyillər. Onlar İranla qarşıdurmaya getməyəcəklər, lakin İranın bölgədə məhdudlaşdırılmasına qarşı çıxmayacaqlar.

Odur ki, yaxın həftələrdə və aylarda Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırmaq olar. Bayden Administrasiyası İranla əlaqə kanallarını qoruyub saxlayır, İran-İsrail zərbələrini yumuşatmağa çalışırdı. Trampın dövründə isə vəziyyət dəyişəcək.

Cənubi Qafqaz regionunda ABŞ Ermənistanla hərbi əməkdaşlığı artırıb. Ermənistan Müdafiə Nazirliyində ABŞ-ın hərbi müşavirinin əyləşməsi İran üçün xoşagəlməz haldır. Lakin Tehran üçün bu faktın özü Bayden və Tramp dövründə iki fərqli məna daşıyır.

Ermənistanın xarici siyasət prioritetlərini dəyişməsi Paşinyanın Rusiya ilə Qərb arasında qalmaqla ilk sınağına səbəb oldu. Etiraf edək ki, Paşinyan bu sınağa tab gətirdi. Tezliklə ABŞ-la İran arasında növbəti gərginlik dövrü başlayacaq və Ermənistanın ABŞ ilə hərbi əlaqələrinin fəallaşması İranın reaksiyasına səbəb olacaq. Məhz bu zaman Paşinyan Vaşinqtonla Tehran arasında qalaraq ikinci analoji sınaqla üzləşəcək.

İran artıq il yarımdır ki, Ermənistana hərbi saziş imzalamağı təklif edir. Layihə İrəvanın müraciəti əsasında İran silahlı qüvvələrinin Ermənistana yerləşdirilməsini nəzərdə tutur. Əgər əvvəllər Ermənistan nümayəndələri Rusiya sərhədçilərinin Ermənistan-İran sərhəddində olmasını bəhanə gətirərək belə bir sazişi imzalamaqdan imtina edirdilərsə, 2025-ci il yanvarın 1-dən Meğridəki sərhəd məntəqəsi Ermənistanın nəzarətinə keçdikdən sonra İran, şübhəsiz ki, öz təklifini yenidən gündəmə gətirəcək.

Beləliklə, Ermənistanın növbəti çağırışa necə reaksiya verəcəyini maraqla izləyəcəyik.