COP29 ÖLKƏMİZİN ALTERNATİV ENERJİ POTENSİALININ DÜNYAYA TƏQDİMATINA GENİŞ İMKANLAR AÇIR

Zəngin karbohidrogen ehtiyatlarından, habelə alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə istiqamətində mühüm layihələrə imza atan Azərbaycanın enerji keçidi strategiyasının səmərəliliyi bir sıra beynəlxalq təşkilatların hesabatlarında dolğun əksini tapır.

Dünya İqtisadi Forumunun Cenevrədə dərc edilən 9 dekabr 2023-cü il və 17 iyul 2024-cü il tarixli hesabatlarına əsasən, Azərbaycanın Enerji Keçidi İndeksi 62-yə bərabərdir. Respublikamız bu göstərici ilə dünyada 32-ci yerdə qərarlaşmaqla, İtaliya, Belçika, Çexiya, Polşa və Yunanıstan kimi inkişaf etmiş ölkələrdən daha üstün mövqelərı çıxıb. Bu sahədəki nəzərəçarpacaq göstəricilər, şübhəsiz, ölkə rəhbərliyinin son 20 ildə bu sahədə reallaşdırdığı məqsədyönlü strategiya ilə şərtlənir. Nəticədə Azərbaycan nəinki Avropanın mühüm neft-qaz təchizatçısı, eyni zamanda, alternativ enerji resurslarından səmərəli istifadə istiqamətində kompleks tədbirləri uğurla reallaşdıran ölkə kimi tanınır. Prezident İlham Əliyevin 2003-сü ildən etibarən alternativ və bərpa edilən enerji mənbələrindən istifadə məsələsinə xüsusi diqqət ayırması bu sahəyə xarici sərmayə qoyuluşlarının stimullaşdırılması və ölkəmizin mövcud potensialının təbliği baxımından səmərəli nəticələr verir.

Dünya dövlətləri karbohidrogen ehtiyatlarının getdikcə azaldığı, sürətlə bahalaşdığı, siyasi sabotaj və təzyiq aləti kimi nəzərdən keçirildiyi son onilliklərdə məhz bu cür əlverişli, maya dəyəri ucuz, turizmin inkişafına təkan verən alternativ enerji mənbələrindən istifadəyə üstünlük verirlər. Bərpa olunan enerji mənbələrindən səmərəli istifadə zərurəti onunla şərtlənir ki, hazırda ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizəsi ümumbəşəri problemə çevrilib. Bu, ətraf mühitin problemlərinə dair 1972-ci il Stokholm Bəyannaməsində, Ətraf mühit və inkişafa dair 1992-ci il Rio-de Janeyro Bəyannaməsində, habelə bir sıra beynəlxalq müqavilələrdə də birbaşa təsbit olunub. “Bioloji müxtəliflik haqqında” 1992-ci il Konvensiyasının preambulasında göstərilir ki, bioloji müxtəlifliyin qorunub saxlanması bəşəriyyətin ümumi vəzifəsidir.

Son illərdə dünyanın ekoloji təmiz enerjiyə ehtiyacı ildən-ilə artır, idxala artan tələbin hansı mənbələr hesabına təmin edilməsi məsələsi geniş müzakirə olunur. Rusiya-Ukrayna müharibəsi fonunda ciddi enerji təhdidləri ilə üz-üzə qalmış Avropa ölkələri daha ciddi sabotaj və təzyiqlərlə üzləşməmək üçün ekoloji cəhətdən faydalı, turizmin inkişafına təkan verən alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsini vacib hesab edirlər. Avropa İttifaqının əsas məqsədlərindən biri ortamüddətli perspektivdə idxal etdikləri neft və təbii qazı alternativ enerji ilə əvəzləməkdir.

Azərbaycandakı mövcud alternativ və bərpa olunan enerji mənbələri hesabına yeni enerji güclərinin yaradılmasını təmin etmək məqsədilə hələ 2004-cü il 21 oktyabr tarixində “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nı təsdiqlənib. Dövlətin bu sahə üzrə müəyyən etdiyi siyasətin həyata keçirilməsi üçün Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (hazırda Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi adlanır) yaradılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb.

2020-ci ilin sosial-iqtisadi yekunları ilə əlaqədar 6 yanvar 2021-ci il tarixdə keçirilən müşavirədə Prezident İlham Əliyev azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılması təşəbbüsünü irəli sürüb. Dövlət başçısının 3 may 2021-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamı isə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması ilə bağlı yeni və müasir konseptual yanaşmaları özündə əks etdirir. Bu konsepsiya bərpa olunan enerji mənbələrindən səmərəli istifadəyə, ekoloji təmiz texnologiyaların, o cümlədən nəqliyyat vasitələrinin tətbiqinə əsaslanır.

Onu da xüsusi vurğulamaq lazımdır ki, bu il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 beynəlxalq tədbiri bir sıra mühüm dividendləri il yanaşı, azad edilmiş ərazilərin yaşıl enerjiyə keçid prosesindəki rolunu da dünyaya nümayiş etdirəcək. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyin araşdırmalarına əsasən, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilib.

Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verilir. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilib. Bu sırada “Güləbird” SES (8 MVt), “Suqovuşan-1” KSES (4,8 MVt), “Suqovuşan-2” KSES (3,0 MVt), “Kəlbəcər-1” KSES (4,4 MVt) xüsusilə qeyd olunmalıdır.

Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt “Xudafərin”, 40 MVt “Qız Qalası”) olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir. Laçın və Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılmasına əlavə töhfə verəcək.

Bununla yanaşı, ölkəmiz 2050-ci ilədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, habelə Naxçıvan MR-in dekarbonizasiya zonasına çevriləcəyini bəyan edib. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan iqlim dəyişmələrinə qarşı kollektiv səylərə əhəmiyyətli dəstək verir və dünyanı aşağı karbon emissiyalı, “yaşıl” iqtisadiyyata keçid üçün səylərini artırmağa çağırır. Ölkəmizin şaxələndirilmiş enerji strategiyası müasir dünyanın trendləri ilə uzlaşır və milli maraqları əks etdirir. İri neft-qaz ixracatçısı kimi tanınan respublikamız yaxın onillikdə Avropa ölkələrini ekoloji təmiz mənbələr hesabına istehsal olunan elektrik enerjisi ilə təmin etmək niyyətindədir.