İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı “Azərbaycanda Beyin Mərkəzləri Platformasının və onun internet portalının (think-tanks.az) təqdimatı” mərasimində açılış nitqi ilə çıxış edib. O, portalın təsisçilərindən biri kimi bu platformanın fəaliyyətə başlamasını yüksək qiymətləndirib, beyin mərkəzlərinin bir-birilə koordinasiyalı fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Vüsal Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyət istiqamətləri, məqsədi və missiyası ilə bağlı təqdimatla çıxış edib. Bildirib ki, Mərkəzin məqsədi Azərbaycan Respublikasında iqtisadi islahatların həyata keçirilməsinə və sahibkarlığın inkişafına töhfə vermək; Strategiya, dövlət proqramları, tədbirlər planları, yol xəritələri və digər dövlət əhəmiyyətli tapşırıqların icrasının monitorinq və qiymətləndirməsini həyata keçirmək və bu prosesi daha da təkmilləşdirmək; Makro və mikro iqtisadi səviyyələrdə təhlil və tədqiqatlar aparmaq, müvafiq proqnozlar hazırlamaq; Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixracın artmasına töhfə vermək; İqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini və kommunikasiyasını təşkil etməkdir.
Beyin Mərkəzləri Platforması Azərbaycanda siyasi, iqtisadi, daxili, ekoloji və digər əhəmiyyətli istiqamətlər üzrə ixtisaslaşan beyin mərkəzlərinin şəbəkəsidir. Platformanın yaradılmasının əsas məqsədi beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılmasını, dövrün tələblərinə uyğun təşkil edilməsini, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiyanın və əməkdaşlığın qurulmasını, beyin mərkəzləri ilə qərar qəbul edənlər arasında kommunikasiyanın yaradılmasını, Azərbaycanda fəaliyyət göstərən beyin mərkəzləri və onların əsas fəaliyyət istiqamətləri barədə cəmiyyətdə məlumatlandırmanın yaxşılaşdırılmasını, beyin mərkəzlərinin fəaliyyətinin media və sosial şəbəkələrdə daha çox tanıdılmasını, qərar qəbul edənlər – beyin mərkəzləri, elm dairələri arasında kommunikasiyanın, əməkdaşlığın yaxşılaşırılmasını və uzlaşdırılmasını təmin etməkdir.