QƏRB DAİRƏLƏRİNDƏ KOORDİNASİYALI ŞƏKİLDƏ NÖVBƏTİ ANTİ-AZƏRBAYCAN KAMPANİYASI BAŞLANIB, ANCAQ O DA İFLASA MƏHKUMDUR

İkinci Qarabağ müharibəsindən və ötən ilin sentyabrında həyata keçirilən birgünlük antiterror tədbirlərindən sonra Azərbaycan sayəsində Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaranıb. Bu reallıqların əsas cəhətlərindən biri indi regionun kənar müdaxilələrə qarşı daha böyük müqavimət gücünə malik olmasıdır. Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi artıq məkrli qüvvələrin regiona təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib. Bu hal son dörd ildə özünü daha qabarıq surətdə büruzə verir.

Regionda maraqlı qüvvələr burada həlledici rola malik Azərbaycanın iradəsinə təsir etməyə çalışsalar da daim fiasko ilə üzləşiblər. Elə bu da bədxah qüvvələri daha çox qıcıqlandırır, onlar çirkin məqsədlərinə çatmaq üçün yeni vasitələr axtarırlar.

Real vəziyyətin təhlili həmin qüvvələrin fəaliyyətinin daha çox iki istiqamətdə qurulduğunu göstərir. Bunlardan birincisi Azərbaycana qarşı qarayaxma və böhtan kampaniyası aparmaq, ikincisi isə Ermənistanı revanşizmə təhrik edərək, onu ölkəmizlə yeni savaşa sürükləməkdir. Fransa və ABŞ başda olmaqla Qərbdə müəyyən qüvvələrin, təşkilatların fəaliyyəti kontekstində də qeyd edilənlərin real təzahürlərini görmək mümkündür. Sözügedən dairələrin başlıca məqsədi Cənubi Qafqazda proseslərin inkişaf axarını öz iradələrinə tabe etmək, bunun üçün regionda yeni qarşıdurmaların yaradılmasına nail olmaqdır. Hazırda qeyd olunan bədnam niyyətlərin həyata keçirilməsi yolunda ən böyük maneə Azərbaycandır.  Ölkəmiz regionda məkrli və  qanlı planların reallaşmasının qarşısını alan əsas qüvvədir. Elə bu səbəbdəndir ki, bəzi Qərb ölkələri və təsisatları tərəfindən Azərbaycana qarşı davamlı böhtan və şantaj kampaniyası həyata keçirilir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın iştirakı olmadan ölkəmizlə bağlı aparılan qərəzli müzakirələr, Avropa Parlamentində, ABŞ Konqresində, Fransada və digər bir sıra ölkələrdə, qurumlarda səslənən əsassız fikirlər Qərb dairələrində koordinasiyalı anti-Azərbaycan kampaniyasının göstəricisidir. Anti-Azərbaycan qüvvələri böhtan kampaniyasında yenə demokratiya, insan haqaları  və digər bu kimi daimi əsassız iddialarından istifadə etməyə çalışırlar, ölkəmizə bu bəhanələrlə sanksiyalar tətbiq olunmasına can atırlar. Son dövrlər belə bəhanələrin sırasına daha biri də əlavə olunub: guya Azərbaycan Ermənistana qarşı təxribatçı mövcqe sərgiləyir. Bütün bunların gələn ay Azərbaycanda keçiriləcək  COP29 iqlim konfransı ərəfəsində xüsusi qabardılması da təsadüfi deyil. Konkret Qərb dairələri belə mötəbər tədbirə ev sahibliyi edən Azərbaycana dünyada artan etimaddan çox ciddi şəkildə narahat olurlar. Çünki bu, onların planlarının reallaşmasına ciddi əngəldir.

ABŞ-ın 60-dək konqresmenin dövlət katibi Antoni Blinkenə müraciət edərək  noyabr ayında Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində Azərbaycana təzyiq göstərilməsi üçün müvafiq addımlar atmağa çağırmaları da ölkəmizə dünyada artan etimadın  yaratdığı narahatlıqdan qaynaqlanır. Eyni çağırış son dövrlərdə ABŞ-ın, bəzi Avropa ölkələrinin nəzarətində olan müəyyən təşkilatlar tərəfindən də səsləndirilir. Bənzər məzmunlar əslində, bu istiqamətdə fəaliyyətin yenə koordinasiyalı xarakter daşımasından xəbər verir. Halbuki, bu çağırışı edənlərin irəli sürdükləri iddiaların heç bir əsası yoxdur və bu səbəbdən beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmur. İddialarının əsassız olduğunu yaxşı bilən anti-Azərbaycan dairələr Ermənistanı silahlandırmaqla ölkəmizə və beləliklə, Cənubi Qafqaza təsir göstərməyə də indi xüsusi diqqət edirlər. Hazırda Ermənistan sürətlə regionda qərəzli Qərb dairələrinin əlində əsas vasitəyə çevrilib. Həmin dairələrin Azərbaycanda, həmçinin qonşu Gürcüstanda mövqeləri demək olar ki, tam sarsılıb. Bu kontekstdə Cənubi Qafqazla bağlı məkrli planlar məhz regionun zəif halqası olan Ermənistan üzərindən reallaşdırılır. Bu ölkə ilk növbədə Azərbaycana və Rusiyaya qarşı platsdarma çevrilir. Məhz bundan irəli gələrək, Ermənistan sürətlə silahlandırılır, bura böyük həcmdə maliyyə vəsaitləri yönləndirilir.  Azərbaycan Ermənsitan vasitəsilə ölkəmizə qarşı formalaşdırılan bu təhdidə qarşı səssiz qalmaq niyyətində deyil və Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı ölkəmizin mövqeyini bir daha bütün dünyanın diqqətinə çatdırıb: “Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab edirlər ki, biz buna göz yumacağıq?… Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz… Nə qədər çalışsalar da, heç nə alınmayacaq. Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar”;

Azərbaycanın xəbərdarlığından Qərb, eləcə də Ermənsitan müvafiq nəticələr çıxarmalıdır. Əks halda bundan onlar, xüsusən də Ermənistan uduzacaq. Hələlik isə görünən odur ki, Qərbdə müəyyən dairələr Cənubi Qafqazda sabitliyin yaradılmasında maraqlı deyillər. Əksinə regionu qarşıdurma və münaqişə məkanına çevirmək istəyirlər. Dünyada Cənubi Qafqazın taleyi üçün əsas məsuliyyət daşıyan ölkə qismində qəbul olunan Azərbaycan buna imkan verə bilməz. Məhz ölkəmizin sayəsində Azərbaycanla, bütünlükdə Cənubi Qafqazla bağlı bədnam planlar iflasa uğrayır və bundan sonra da uğrayacaq. Ölkəmizdə getdikcə güclənən xalq-iqtidar birliyi istənilən anti-Azərbaycan kampaniyasının fiaskosunu şərtləndirməkdə davam edəcək.