İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) nəşri olan “İş Dünyamız” jurnalına müsahibə verib.
“İqtisadi inkişaf intellektual potensiala bağlıdır” başlıqlı müsahibədə Vüsal Qasımlı Azərbaycanda həyata keçirilən iqtisadi islahatların analitik əsasları, dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi mexanizmləri və iqtisadi inkişafın yeni çağırışları barədə fikirlərini bölüşüb.
Müsahibədə qeyd olunur ki, İİTKM ölkənin dayanıqlı iqtisadi inkişafına dəstək məqsədilə makro və mikroiqtisadi təhlillər aparır, analitik məlumatlara əsaslanan tövsiyələr hazırlayır və orta və uzunmüddətli inkişaf proqnozları təqdim edir. Mərkəz dövlət proqramlarının icrasının monitorinqi və qiymətləndirilməsini həyata keçirərək qərar qəbuletmə prosesinin effektivliyinə töhfə verir.
Professor bildirib ki, iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri insan kapitalı və intellektual potensialın gücləndirilməsidir. Bu istiqamətdə innovasiya, rəqəmsallaşma, data əsaslı idarəetmə və analitik yanaşmaların tətbiqi müasir iqtisadi siyasətin əsas elementləri kimi qiymətləndirilir.
“İş Dünyamız” jurnalı biznes ictimaiyyəti, iqtisadçılar, investorlar və dövlət qurumlarının nümayəndələri üçün aktual iqtisadi mövzular üzrə məlumat və analitik baxış təqdim etməklə yanaşı, Azərbaycan – Türkiyə iqtisadi əlaqələrinin gələcək inkişaf perspektivlərini də işıqlandırır. Jurnalda iki ölkə arasında investisiya əməkdaşlığı, biznes əlaqələrinin genişləndirilməsi və regional iqtisadi inteqrasiyanın gücləndirilməsi məsələləri xüsusi diqqət mərkəzində saxlanılır.
Müsahibəni oxumaq üçün link: https://shorturl.az/LfMuH
