Avropa ilə Bakı arasında strateji xətt: Koştanın səfəri nə vəd edir?

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycanda səfərdədir. Koşta “X” sosial şəbəkəsindəki paylaşımında yazıb ki, Azərbaycan Avropa İttifaqı (Aİ) üçün əsas tərəfdaşdır. O, Azərbaycanla strateji tərəfdaşlığın vacibliyini vurğulayıb və qeyd edib ki, son bir ildə ölkənin Aİ ilə münasibətlərinə yeni təkan verilib.

“Biz təhlükəsizlik, energetika, rəqəmsal texnologiyalar və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqik. Eyni zamanda sürətlə dəyişən geosiyasi vəziyyəti nəzərə alaraq son hadisələri müzakirə edəcəyik”, – deyə Aİ rəsmisi əlavə edib.

Rəsmi səfər çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şəhidlər xiyabanını ziyarət edib.

WhatsApp Image 2026-03-11 at 17.47.33.jpeg (755 KB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə təkbətək görüşündən sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan üçün Avropa İttifaqı bir nömrəli ticarət tərəfdaşıdır. Antonio Koşta isə çıxışında vurğulayıb ki, Azərbaycanın regiondakı rolu bu gün hər zamankından daha önəmlidir.

VK31F11RIMjnNhJflFmtnERmnXGIw5YdE74NOYqo_1200.jpg (88 KB)

“İqtisadi qarşılıqlı asılılığın gücləndirilməsi uzunmüddətli sabitliyə aparan ən etibarlı yoldur və Avropa İttifaqı bu imkanların hamının xeyrinə reallaşdırılmasına kömək etməyə hazırdır”, – deyə Koşta qeyd edib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen imzalayıblar.

WhatsApp Image 2026-03-11 at 17.47.32.jpeg (121 KB)

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan 10-u Avropa İttifaqının üzvü olmaqla, 16 ölkəyə təbii qaz ixrac edir. Bu baxımdan səfər çərçivəsində bəzi sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin müzakirəsi gözləniləndir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli Musavat.com-a açıqlamasında bildirib ki, bu, Koştanın Avropa İttifaqı Şurasının prezidenti kimi ölkəmizə ilk rəsmi səfəridir.

METİN YENİ.jpeg (33 KB)

M.Məmmədli hesab edir ki, səfərin əsas məqsədi ölkəmizlə enerji sahəsində tərəfdaşlığı, eyni zamanda dünyadakı və regiondakı mürəkkəb, geosiyasi, təhlükəsizlik prosesləri ilə bağlı siyasi dialoqu dərinləşdirməkdir:

“Xüsusilə, enerji sahəsində Aİ Azərbaycanla 20 ildir ki əməkdaşlıq edir. Son illərdə ölkəmizin Aİ ölkələrinə qaz ixracı artmaqdadır. Rusiya-Ukrayna müharibəsi başlamamışdan əvvəl Azərbaycandan Aİ ölkələrinə 8 milyard 100 milyon kubmetr qaz ixrac edilirdisə, bu rəqəm artıq 13 milyard kubmetrə çatıb. Qarşıdakı illərdə ixracın daha da artırılması nəzərdə tutulub. Əlbəttə ki, Aİ-nin enerji idxalını şaxələndirmə siyasəti Azərbaycanın əhəmiyyətini artırır. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Aİ Rusiyadan qaz asılılığını azaltmağa çalışır. Müharibədən öncə Aİ ölkələri istehlak olunan qazın 45 faizini Rusiyadan alırdısa, bu gün bu rəqəm 10 faizə qədər düşüb. Təbii ki, bu məsələdə Azərbaycanın müəyyən payı var”.

Mətin Məmmədlinin fikrincə, Yaxın Şərqdə başlayan müharibə də Aİ-nin Cənubi Qafqaza olan marağını artırır:

“Məlum olduğu kimi, Aİ dünyanın əsas güc mərkəzlərindən biridir. Cənubi Qafqaz Aİ-nin regional strategiyasında mühüm yer tutur. Cənubi Qafqaz həm resursları və digər xüsusiyyətləri ilə Aİ-nin marağını cəlb edir, həm də Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında körpü, tranzit rolunu oynayır. Bu baxımdan Aİ ölkəmizə öz geostrategiyasında böyük yer verir.

Düşünürəm ki, Koştanın səfərində enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq, hətta müəyyən qərarlar da qəbul edilə bilər. Eyni zamanda düşünürəm ki, səfər zamanı regionda yaranmış vəziyyət müzakirə olunacaq. Son günlərdə baş verən hadisələr onu deməyə əsas verir ki, Aİ regionda mövqeyini gücləndirməyə çalışır. Bu səbəbdən də region ölkələri ilə münasibətlərini müxtəlif səviyyələrdə dərinləşdirmək strategiyasını həyata keçirir. Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Buna görə də Azərbaycanla münasibətlər Aİ-nin regional siyasətində əsas prioritetlərdən biridir”.