İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Özbəkistan Respublikası Prezidenti yanında Dövlət Siyasəti və İdarəçilik Akademiyası xətti ilə Azərbaycana gələn dövlət qulluqçularını qəbul edib. “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda keçirilən tədbirdə İİTKM-in dövlət proqram idarəetməsində tətbiq etdiyi “Smart monitorig” sistemi təqdim olunub.
Vüsal Qasımlı Azərbaycanda həyata keçirilən iqtisadi islahatların səmərəliliyindən bəhs edib. O qeyd edib ki, son illərdə ölkədə aparılan institusional və struktur islahatlar nəticəsində iqtisadi idarəetmədə şəffaflıq, hesabatlılıq və operativlik əhəmiyyətli dərəcədə artıb. Vüsal Qasımlı innovativ texnologiyaların tətbiqinin dövlət idarəçiliyində qərar qəbuletmə proseslərini daha effektiv və nəticəyönümlü etdiyini vurğulayıb. O əlavə edib ki, Azərbaycanda keçirilən iqtisadi islahatlar həm ölkə daxilində investisiya mühitinin yaxşılaşdırılmasına, həm də xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib.
İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri İlyas Hüseynov öz çıxışında bildirib ki, Mərkəz 40-dan çox dövlət proqramı üzrə geniş məlumat bazası formalaşdırıb, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirib və elmi-tədqiqat fəaliyyəti nəticəsində nüfuzlu beynəlxalq bazalarda indekslənən çoxsaylı nəşrlər ərsəyə gətirib. İİTKM-in təşəbbüsü ilə həyata keçirilən “Azexport”, “Enterprise Azerbaijan”, “Digital Trade Hub” kimi layihələr ölkənin rəqəmsal iqtisadiyyatının, innovasiya ekosisteminin və qeyri-neft ixracının inkişafına mühüm töhfə verib.
Daha sonra Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Sevinc Cabbarova dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi prosesinin İİTKM-in “e-monitorinq” portalı vasitəsilə həyata keçirilməsi üzrə mexanizmləri izah edib.
Qurumun Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Könül Bədəlova “Layihə idarəetməsi” modulu və onun effektivliyi barədə ətraflı məlumat verib. O bildirib ki, bu modul vasitəsilə layihələrin planlaşdırılması, icrası və nəticələrinin izlənməsi vahid platforma üzərindən həyata keçirilir.
İİTKM-in operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov Azərbaycanda rəqəmsal ixracın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Özbəkistan Respublikası Prezidenti yanında Dövlət Siyasəti və İdarəçilik Akademiyasının Dövlət idarəçiliyi sahəsində kadr hazırlığı üzrə Elmi-Metodiki Koordinasiya Mərkəzinin direktoru Sərvər İnoqamov “Özbəkistan Respublikası Prezidenti yanında Dövlət Siyasəti və İdarəçilik Akademiyası: Əsas fəaliyyətlər, təhsil və elmi potensial” mövzusunda məruzə edib.
İştirakçılar dövlət idarəçiliyində innovativ həllərin tətbiqinin genişləndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və monitorinq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Qonaqlara Mərkəz tərəfindən nəşr olunan “Türk Dövlətlərinin İqtisadiyyatı” və “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” kitabları hədiyyə olunub.
Qeyd edək ki, Özbəkistanın dövlət qulluqçuları Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən ölkəmizə dəvət olunub.




