BMTMM-in eksperti Vüsal Quliyevin “Cənubi Koreya Mərkəzi Asiya ilə çoxşaxəli əlaqələrini genişləndirir” sərlövhəli məqaləsi “The Jamestown Foundation” beyin mərkəzi tərəfindən dərc edilib.
Məqalədə qeyd edilir:
“Sentyabrın 16-17-də Seulda “Gələcəyə doğru birlikdə: Etimad və rifah naminə tərəfdaşlıq” şüarı ilə ilk Koreya-Mərkəzi Asiya sammiti keçirilib. Görüşdə Cənubi Koreya Prezidenti Li Ce Myonq, eləcə də Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın dövlət başçıları iştirak ediblər. Bu, həmin formatda liderlərin ilk görüşü olub. Sammit Koreya ilə Mərkəzi Asiya ölkələri arasında əvvəllər əsasən ikitərəfli təmaslar və nazirlər səviyyəsində görüşlər vasitəsilə aparılan əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması baxımından əhəmiyyət daşıyır. Tərəflər sammitin müntəzəm keçirilməsi barədə razılığa gəliblər. Növbəti sammitin 2028-ci ildə Qazaxıstanda keçirilməsi planlaşdırılır.
Seul 1990-cı illərin əvvəllərindən etibarən Mərkəzi Asiyanın beş respublikasının hamısı ilə diplomatik münasibətlər qurub. Xüsusilə Qazaxıstan və Özbəkistanla geniş iqtisadi əlaqələr inkişaf etdirib. 2007-ci ildə yaradılan Koreya–Mərkəzi Asiya Əməkdaşlıq Forumu isə nazirlər səviyyəsində dialoq və əməkdaşlıq üçün çoxtərəfli platforma rolunu oynayıb.
2024-cü ildə Seul Mərkəzi Asiyaya yönəlmiş ilk hərtərəfli diplomatik strategiyası olan “K-Silk Road” əməkdaşlıq təşəbbüsünü elan edib. “Əməkdaşlıq, inteqrasiya və birgə yaradıcılıq” prinsiplərinə əsaslanan təşəbbüs Cənubi Koreyanın texnoloji və rəqəmsal imkanlarının Mərkəzi Asiyanın təbii resursları və inkişaf potensialı ilə birləşdirilməsini nəzərdə tutur.
Cənubi Koreyanın sənaye iqtisadiyyatı yarımkeçiricilərin, batareyaların, elektrik avtomobillərinin, bərpa olunan enerji texnologiyalarının və digər yüksək texnologiyalı sahələrin istehsalı üçün zəruri olan resursların etibarlı təchizatından ciddi şəkildə asılıdır. Bu səbəbdən Seul təchizat zəncirlərini şaxələndirməyə və zəngin təbii ehtiyatlara malik ölkələrlə tərəfdaşlıq əlaqələrini genişləndirməyə çalışır. Mərkəzi Asiya regionu isə sənaye istehsalı zəncirlərinin inkişafında mühüm rol oynaya biləcək uran, mis, nadir və strateji metallar, eləcə də digər faydalı qazıntıların əhəmiyyətli ehtiyatlarına malikdir.
Sentyabr sammitində növbəti 30 il üçün əməkdaşlığın dörd əsas istiqamətini müəyyən edən Seul Bəyannaməsi qəbul olunub. Bu istiqamətlər Koreya–Mərkəzi Asiya tərəfdaşlığının institusional əsaslarının möhkəmləndirilməsi, sülh və sabitliyin təşviqi, innovasiya və rifahın inkişafı, eləcə də insanlar arasında əlaqələrin və qarşılıqlı etimadın gücləndirilməsi ilə bağlıdır.
Bu yanaşma iqtisadi strukturları, təbii ehtiyatları və inkişaf prioritetləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən beş Mərkəzi Asiya ölkəsi ilə əməkdaşlığın əlaqələndirilməsi üçün ümumi çərçivə yaradır.
Qazaxıstan vacib minerallar, enerji resursları, logistika və Orta Dəhliz baxımından Cənubi Koreya üçün mühüm tərəfdaşdır. Ölkənin Çin Xalq Respublikası, Xəzər dənizi, Cənubi Qafqaz və Avropa arasında yerləşməsi onu Avrasiya məkanında nəqliyyat və iqtisadi əlaqələrin inkişafında əsas ölkələrdən birinə çevirir.
Sentyabrın 15-də Seul və Astana ikitərəfli münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiblər. Tərəflər 13 saziş və anlaşma memorandumu imzalayıblar. Bununla yanaşı, biznes dairələri ümumi dəyəri təxminən 19 milyard dollar olan kommersiya sazişləri barədə razılıqlar əldə ediblər.
Özbəkistan regionun ən böyük istehlak bazarına və əmək ehtiyatlarına malikdir, eyni zamanda sənayenin modernləşdirilməsi istiqamətində genişmiqyaslı proqram həyata keçirir. Daşkəndin Cənubi Koreya ilə əməkdaşlığı infrastruktur, nəqliyyat, kritik əhəmiyyətli minerallar, süni intellekt, rəqəmsallaşma və istehsal sənayesini əhatə edir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sentyabrın 13–16-da Seula dövlət səfəri çərçivəsində 13 saziş imzalanıb. Daşkənd, həmçinin ümumi dəyəri 12 milyard dollar olan investisiya və ticarət razılaşmalarını, eləcə də Koreya İxrac-İdxal Bankı ilə 8 milyard dollarlıq tərəfdaşlıq proqramını elan edib.
Türkmənistanın Cənubi Koreya ilə əməkdaşlığı əsasən enerji və iri infrastruktur layihələrini əhatə edir. Sammit çərçivəsində Koreya və Türkmənistan şirkətləri investisiya, ticarət, energetika, kimya və sənaye, dəmir yolu nəqliyyatı, elm və texnologiya, süni intellekt, ətraf mühitin mühafizəsi, eləcə də su ehtiyatlarının idarə olunması sahələrində bir sıra saziş və anlaşma sənədləri mübadiləsi aparıblar.
Tacikistanla imzalanan 17 saziş tekstil, kimya, maşınqayırma, süni intellekt, rəqəmsal sənaye, dəmir yolları, logistika, enerji və kritik əhəmiyyətli minerallar sahələrini əhatə edib. Qırğızıstanla imzalanan 18 saziş isə kritik əhəmiyyətli minerallar, halal məhsullar bazarı, infrastruktur, heyvandarlıq texnologiyaları, enerji və əqli mülkiyyət məsələlərinə yönəlib.
Seulun regional əməkdaşlıq mexanizmi yaratması iqtisadi imkanları nisbətən məhdud olan ölkələrə ikitərəfli əməkdaşlıq çərçivəsindən kənara çıxaraq, bir neçə ölkəni əhatə edən birgə layihələrdə və regional təşəbbüslərdə iştirak etmək imkanı verir.
Sammit çərçivəsində Cənubi Koreya və Mərkəzi Asiyanın beş ölkəsi iqlim, enerji və ətraf mühit sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni mexanizm yaradıblar. Bu, Koreya şirkətlərinə bərpa olunan enerji, enerji səmərəliliyi, təmiz enerji texnologiyaları və ətraf mühitin idarə olunması sahələrində öz texnologiyalarını tətbiq etmək, həmçinin hidrogen enerjisi və digər yeni istiqamətlər üzrə əməkdaşlığı inkişaf etdirmək üçün əlavə imkanlar yaradır.
Tərəflər, həmçinin müntəzəm məsləhətləşmə mexanizmi kimi “Mərkəzi Asiyanın beş ölkəsi + Koreya” (C5+Koreya) Sənaye Nazirlərinin Görüşünü təsis ediblər. Koreya–Mərkəzi Asiya biznes tədbirləri çərçivəsində ümumilikdə 116 anlaşma memorandumu imzalanıb. Onlardan 19-u Koreya–Mərkəzi Asiya Biznes Sammitində mübadilə edilib. Memorandumlar ağıllı şəhərlərin inkişafından tutmuş nadir metalların emalı texnologiyalarına və sənaye avadanlıqlarına qədər müxtəlif layihələri əhatə edir”.
*Məqalənin ingilis dilində dərc edilən tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://jamestown.org/south-korea-broadens-multifaceted-ties-with-central-asia/
