Əliyev doktrinası: Azərbaycan dünyəvi kimliyini siyasiləşdirilmiş dindən necə qoruyur

BMTMM-in şöbə müdiri Vasif Hüseynovun “Əliyev doktrinası: Azərbaycan dünyəvi kimliyini siyasiləşdirilmiş dindən necə qoruyur” sərlövhəli məqaləsi nüfuzlu The Saratoga Foundation beyin mərkəzi tərəfindən dərc edilib.

Məqalədə qeyd edilir:

“Son bir ay ərzində Azərbaycan Qərb paytaxtlarında enerji diplomatiyası və Ermənistanla sülh prosesi qədər diqqət çəkməyən başqa bir məsələ üzrə sınaq qarşısında qalıb. Sentyabrın 21-də Nazirlər Kabineti dövlət məktəblərində vahid geyim qaydalarına və dünyəvi təhsil prinsipinə uyğun olmayan geyimlərin qadağan edilməsini nəzərdə tutan 309 nömrəli qərar qəbul edib. Oktyabrın 6-da isə hökumət müəllimlər üçün də oxşar geyim tələblərini təsdiqləyib. Bu tədbirlər ölkə daxilində məhdud etirazlara, xaricdə isə daha geniş reaksiyaya səbəb olub. Belə reaksiyalardan biri oktyabrın 3-də Azərbaycanın İstanbulda yerləşən konsulluğunun qarşısında keçirilən aksiya olub.

Prezident İlham Əliyev bu məsələyə artıq strateji yanaşma sərgiləyib. O, oktyabrın 2-də hakim Yeni Azərbaycan Partiyasının VIII qurultayında çıxışı zamanı ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər vacib olduğunu bildirib. Prezident qeyd edib ki, Azərbaycan özünü təxribat xarakterli müdaxilələrdən, ilk növbədə, təhsil vasitəsilə qorumalıdır. O, həmçinin vurğulayıb ki, ölkənin xarici siyasəti elə qurulmalıdır ki, heç bir dövlət Azərbaycanın daxili işlərinə qarışa bilməsin.

Bu yanaşma tədricən “Əliyev doktrinası” kimi xarakterizə olunan prinsipin mahiyyətini əks etdirir. Bu prinsipə görə, dövlət yalnız öz resurslarına arxalandıqda, heç bir güc mərkəzindən asılı vəziyyətə düşmədən bütün güc mərkəzləri ilə münasibətlər qurduqda, eləcə də başqa ölkələrin daxili işlərinə qarışmadıqda və belə müdaxilələrə yol vermədikdə həqiqi müstəqilliyini qoruya bilər.

Din məsələsinə tətbiq edildikdə isə bu yanaşma dövlətin dini etiqad azadlığına təminat verməsini, eyni zamanda, dinin xarici siyasi məqsədlər üçün vasitəyə çevrilməsinə və konstitusiya quruluşunun sarsıdılması məqsədilə istifadəsinə yol verilməməsini nəzərdə tutur.

Dünyəvilik dövlətçiliyin təməli kimi

Azərbaycanda dünyəvilik sadəcə inzibati seçim deyil, dövlətçiliyin əsas prinsiplərindən biridir. Konstitusiyaya görə, Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır və ölkənin təhsil sistemi dünyəvi xarakter daşıyır.

Bu prinsiplər Azərbaycana kənardan qəbul etdirilməyib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk demokratik respublika olub və qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşüb. Bu, gender bərabərliyi və qadınların ictimai-siyasi həyatda iştirakı baxımından mühüm tarixi mərhələ idi.

Həmin tarixi irsi Bakının ictimai məkanlarında da görmək mümkündür. Buna misal olaraq, qadının baş örtüyünü çıxardığını təsvir edən “Azad qadın” heykəlini göstərmək olar.

Dünyəvilik Azərbaycan üçün həm də praktiki zərurətdir. Azərbaycan əhalisinin təxminən 96 faizi özünü müsəlman hesab edir. Onların arasında şiə və sünni icmaları ilə yanaşı, ölkədə tarixən mövcud olmuş yəhudi və xristian azlıqları da var. Belə bir cəmiyyətdə dövlətin dini baxımdan neytral olması məzhəb fərqlərinin siyasi qarşıdurma mənbəyinə çevrilməsinin qarşısını almağa kömək edir.

İraq, Livan və Suriya nümunələri siyasətin məzhəb mənsubiyyəti əsasında formalaşmasının hansı nəticələrə gətirib çıxara biləcəyini göstərir: dövlət institutları zəifləyir, ölkənin müstəqil qərarvermə imkanları məhdudlaşır və xarici güclər daxili proseslərə daha çox təsir göstərmək imkanı əldə edirlər.

Məktəbli geyim qaydaları ətrafında müzakirələr

Azərbaycanda məktəbli geyim qaydalarına edilən dəyişikliklərə bu kontekstdə yanaşmaq lazımdır. Bu məhdudiyyətlər konkret hər hansı dinə qarşı yönəlməyib. Onlar Azərbaycanın uzun illərdir qoruduğu dünyəvilik ənənələrini əks etdirir, məktəblərdə vahid geyim qaydalarının tətbiqini və təhsilin dünyəvi əsaslarının qorunmasını hədəfləyir. Bu yanaşma, eyni zamanda, ölkənin multikultural ənənələrinə uyğundur və müxtəlif dini və etnik mənsubiyyətə malik şagirdlərin bərabər münasibətlə qarşılandığı neytral təhsil mühitinin qorunmasına xidmət edir.

Qərarlara qarşı müəyyən etirazlar olsa da, bu etirazlarda iştirak edənlər nisbətən kiçik bir qrupu təşkil edir. Etirazçıların bəzilərinin xaricdən dəstək alması ehtimalı da irəli sürülür. Ölkə daxilindəki reaksiyadan daha diqqətçəkən məqam xaricdəki münasibət olub. İstanbulda keçirilən aksiya Türkiyənin sosial şəbəkələrində aparılan kampaniya ilə müşayiət edilib. Bununla belə, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Azərbaycana qarşı çıxan qrupların partiya və ya hökumətlə əlaqəsinin olmadığını qısa müddətdə bəyan edib.

Azərbaycan və Türkiyə güclü tarixi, mədəni və qardaşlıq bağları ilə birləşən yaxın müttəfiqlərdir. Buna görə də bu məsələnin iki ölkə arasındakı münasibətlərə təsir edəcəyi gözlənilmir. Müəllimlər və şagirdlər artıq yeni qaydalara əməl etməyə başlayıblar və hazırda vəziyyət sabit olaraq qalır. Bu baxımdan, mövcud mərhələdə hökumətin qaydalara yenidən baxmasını zəruri edən ciddi əsas görünmür.

İranın Azərbaycanın daxili işlərinə müdaxilələri

Bakının bu məsələdə sərt mövqe tutması əvvəlki təcrübələrə əsaslanır. Azərbaycan müstəqillik qazandıqdan sonra bəzi xarici qüvvələr, xüsusilə İran, dini-siyasi modelini ölkənin şimalına yaymağa çalışıb. Bu fəaliyyət yalnız məscid və dini təhsil müəssisələrinin maliyyələşdirilməsi ilə məhdudlaşmayıb, həmçinin azərbaycanlı dindarlar arasında İranın ali rəhbərinə sədaqət hissinin formalaşdırılmasını da əhatə edib.

Ayətullah Əli Xamenei 1996-cı ildən etibarən Bakıda şəxsi nümayəndə saxlayıb. Onun ofisi şəhərdəki məscidlərdən birinin daxilində yerləşib. Azərbaycan hakimiyyəti 2021-ci ildə həmin məkanın fəaliyyətini dayandıraraq onu möhürləyib.

Yerli mətbuatda istinad edilən rəsmi məlumatlara görə, 2017-ci ilə qədər ölkədəki 150 şiə mədrəsəsindən 22-si İranın nəzarəti altında olub. Azərbaycan hakimiyyətinə yaxın media qurumları isə İran kəşfiyyatını Kərbəlaya ziyarətə gedən azərbaycanlıları hökumət əleyhinə təbliğat aparmağa cəlb etməkdə ittiham ediblər.

Eyni zamanda, İranın dini və hərbi dairələrinin nümayəndələri dəfələrlə Azərbaycanın daxili müzakirələrinə müdaxilə ediblər. Məktəbli geyim qaydalarını tənzimləməyə yönəlmiş əvvəlki cəhd 2010-cu ilin dekabrında Təhsil Nazirliyinin qarşısında etiraza səbəb olduqda, böyük ayətullah Cəfər Sübhani Qum şəhərindən Prezident İlham Əliyevə məktub göndərərək qərarın ləğvini tələb edib.

2011-ci ildə qadağan olunmuş Azərbaycan İslam Partiyasının rəhbərləri dünyəvi hökuməti devirməyə çağırış etməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılıblar. Onlarla əlaqəli şəxslər isə Bakıda fəaliyyət göstərən İran mədəniyyət mərkəzi vasitəsilə maliyyələşdirilən, rəsmi qeydiyyatdan keçməmiş dini qrup yaratmaqda ittiham ediliblər.

Həmin həftə Azərbaycan İran Silahlı Qüvvələri Baş Qərargahının rəisinin Azərbaycan hökumətini İslam prinsiplərinə zidd davranmaqda açıq şəkildə ittiham etməsindən sonra İranın ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Qum şəhərindəki dini mədrəsələr, eyni zamanda, yeni üzvlərin cəlb olunduğu məkanlardan biri kimi çıxış edib. İranın dəstəklədiyi “Hüseyniyyun” silahlı qrupu 2016-cı ildə Qumda azərbaycanlı din xadimi tərəfindən azərbaycanlı mədrəsə tələbələri arasından yaradılıb. Həmin tələbələrin hərbi təlim keçdikdən sonra Suriyadakı döyüşlərə göndərildiyi bildirilir.

Məlumatlara görə, qrupun “Azərbaycanda İslam Müqaviməti” adı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin keçmiş komandanı Qasım Süleymani tərəfindən “Hizbullah” modelinə uyğun olaraq seçilib. Qrupun rəhbəri 2017-ci ildə Ayətullah Əli Xamenei tərəfindən qəbul edilib. “Hüseyniyyun” Azərbaycanın dünyəvi idarəçilik modelini açıq şəkildə rədd edir”.

*Məqalənin ingilis dilində dərc edilən tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.saratoga-foundation.org/p/the-aliyev-doctrine-how-azerbaijan