ERMƏNİSTAN “ATƏŞKƏSƏ BİRGƏ NƏZARƏT MEXANİZMİ”Nİ DİRİLTMƏYƏ CƏHD EDİR

Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozması rəsmi İrəvanın Azərbaycanla sülh sazişinin yaxın aylarda imzalanması ilə bağlı çağırışlarına uyğun gəlmir. Baxmayaraq ki, İrəvana hərtərəfli dəstək verən Qərb də bu sazişin tezliklə imzalanmasına çalışır, lakin Ermənistanın Azərbaycanla sərhəddə atəşkəsi pozması bütün planların kölgədə qalmasına gətirib çıxarır, Ermənistan hakimiyyətinin səmimi davranmadığını göstərir.

Hələ bir müddət əvvəl Nikol Paşinyan “atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin yaradılması” təklifini irəli sürmüşdü. Lakin Bakı bu təklifi qəbul etmədi. Çünki aydın idi ki, Ermənistan atəşkəsin onun tərəfindən pozulması faktından yayınmağa çalışır. Digər tərəfdən bu cür halların uzan-uzadı araşdırılması təklifini irəli sürməklə Bakının cavab reaksiyasından yayınmaq istəyirdi. Çünki Ermənistan iqtidarı bilir ki, Bakı bu cür hərəkətləri heç vaxt cavabsız qoymur və əgər bu cür pozucu insidentlərin sayı artsa o zaman Ermənistan layiqli cavabını alacaq.

İndi Ermənistan Naxçıvan istiqamətində atəşkəsi pozmaqla “atəşkəsə birgə nəzarət mexanizmi”ni yenidən gündəmə gətirməyə çalışır. Nikol Paşinyan bununla həm də mövcud sərhədlərin mümkün dəyişməsinin qarşısını almağa çalışır. Bununla bağlı Ermənistanın əvvəlki hakimiyyətləri də müxtəlif cəhdlər edib. 2016-cı ildə təmas xəttində baş verən qanlı hadisələrdən sonra sabiq prezident Serj Sarkisyan da eyni təkliflə çıxış etmişdi. Onlar bununla təmas xəttinin daha da möhkəmləndirilməsinə, Azərbaycanın Qarabağa müdaxilə imkanlarının qarşısını almağa çalışırdılar. Əgər Azərbaycan o vaxt bu təklifə razı olsaydı o zaman Qarabağın işğalnın legitimləşdirilməsi istiqamətində Ermənistanın maraqlarına cavab verən addım atımış olacaqdı.

Həmin vaxt bu təklif hətta ABŞ konqresmenləri səviyyəsində də müzakirə edilmişdi. Görünür, Amerika indi də bu mexanizmin yaradılmasında maraqlı tərəfdir. Çünki Paşinyan bu təklifi ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın İrəvana bir neçə ay öncəki səfərindən sonra verdi. Cidd-cəhdlə Cənubi Qafqaza girməyə çalışan ABŞ bu mexanizmin yaradılmasına nail olmaqla həm Ermənistan, həm də Azərbaycanın əl-qolunu bağlamaq, sərhəddə baş verənləri öz nəzarəti altına almağa çalışır.
İndi Nikol Paşinyan bu təklifi reallaşdırmaqla beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanla sərhədə yönəltməyə çalışır. Paşinyan dolayısı ilə bu məsələdə Avropa İttifaqının müşahidə missiyasının bir işə yaramadığına da işarə edir. Böyük ümidlərlə Ermənistan ərazisinə gəlib yerləşən missiyanın fəaliyyətinin artıq proseslərə təsiretmə imkanlarının tükəndiyini bildirir. Şübhəsiz ki, artıq missiyada atəşkəsin hansı tərəfdən pozulmasına dair dəqiq informasiya var. Missiya onu da bilir ki, atəşkəsi pozan Ermənistan bu təlimatı kənar qüvvələrdən alıb.