AZƏRBAYCAN İRANA QARŞI PLANLARIN TƏRKİB HİSSƏSİ DEYİL

İran-İsrail qarşıdurması getdikcə qızışır. Rəsmi Tehran təmkinli davransa da artıq beynəlxalq qüvvələrə məlumdur ki, adi qığılcım belə bu münaqişənin alovlanmasına gətirib çıxara bilər. Almaniyanın federal-kansleri Olaf Şoltsun İran Prezidenti Məsud Pezeşkianı hərbi eskalasiyanın daha da artmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırması da məhz bundan qaynaqlanır. Lakin İranın İsrailə qarşı tədbir görmək planlarını aradan qaldırmaq yalnız Pezeşkianın iradəsindən asılı məsələ deyil. Diplomatik və hərbi mənbələr xəbər verir ki, artıq SEPAH daxilində İsraillə açıq qarşıdurmaya girməklə bağlı güclü tələblər var. Lakin Prezident bu tələblər qarşısında hələlik qalın səd kimi dayanır. O daha çox birbaşa İsrailə deyil, onun yaxın ərazilərdəki, daha doğrusu qonşu dövlətlərdəki obyektlərinə, diplomatik nümayəndəliklərinə zərbərlər endirmək planlarına loyal baxır.
İndi İran hakimiyyəti bığla saqqal arasında qalıb. Rəsmi Tehran İsrailin bütün təhriklərinə baxmayaraq, Təl-Əvivlə açıq qarşıdurmadan çəkinir. Onun digər ölkələrdəki obyektlərinə zərbələr endirmək isə təkcə İsrailin yox, həm də qonşuların maraqlarına müdaxilə, onların ərazi bütövlüyünün və suverenliyinin pozulması mənasına gələcək ki, bu da İranın onsuz da çətin beynəlxalq vəziyyətini bir qədər də ağırlaşdıracaq. Son günlər bir sıra beynəlxalq informasiya mənbələri bu məsələ üzərində ciddi işləyir. Yazılanların çoxu bir çox hallarda feyk xarakteri daşıyır. Dezinformasiyanın sürətlə tirajlanması isə beynəlxalq ictimai rəyi çaşdırmaq və onu başqa istiqamatə yönəltməyə hesablanıb. Məsələn, elə bu günlərdə İsrailin “Kan” dövlət teleradio şirkətinin yaydığı xəbərdə deyilir ki, İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan edib. Belə bir xəbərin yayılması çox güman ki, rəsmi Tehranın diqqətini Cənubi Qafqaza yönəltməyə hesablanıb. İsrail yaxşı bilir ki, onun nə Gürcüstanda, nə də Azərbaycanda heç bir hərbi qulluqçusu yoxdur. Ən azından Azərbaycan öz ərazisində heç bir ölkənin hərbi bazasının olmasına, saxlanmasına razılıq verməyib. Hətta rəsmi Bakı bir çox təklif və təzyiqlərə baxmayaraq öz ərazisindən İrana qarşı hər hansı hərbi əməliyyatın aparılmasına və hər hansı müdaxilənin həyata keçirilməsinə qarşı çıxıb. İndi İsrail tərəfinin belə bir iddia ilə çıxış etməsi onu deməyə əsas verir ki, rəsmi Təl-Əviv mümkün vasitələrdən, hətta informasiya savaşından istifadə edib rəsmi Tehranın hücum planlarına korrektələr etməyə, onun diqqətini başqa ölkələrin, ən çox da qonşularının üzərində cəmləməyə çalışır.
Çox güman ki, bu xəbər İranda böyük narahatlıqla qarşılanıb. İndi radikal islamçılar cidd-cəhdlə özlərini haqlı çıxarmağa çalışırlar ki, qonşuluqdakı sionist qüvvələr mütləq məhv edilməlidir. Lakin bu cür qərarların qəbulu dövlət aparatından təmkin, soyuqanlılıq tələb edir. İranın yeni hakimiyyətinin bu cür xəbərlər, dezinformasiyalar müqabilində nə cür davranacağını zaman göstərərəcək. Amma bütün hallarda Bakının regional sülhə, təhlükəsizliyə önəm verməsi və bunu dövlətin xarici siyasətinin prioriteti elan etməsi faktı nəzərə alınmalı, Azərbaycana qarşı mümkün hərbi planlardan çəkinilməlidir.