Azərbaycanın beynəlxalq münasibətlər sistemində getdikcə daha güclü mövqe sahibinə çevrilməsi, türk dünyasının yüksəlişində həlledici rollardan birini oynaması ölkəmizə qarşı olan qüvvələri indi daha çox narahat edir. 2020-ci ilin sentyabr ayına kimi belə qüvvələr Ermənistan vasitəsilə Azərbaycana təsir göstərməyə, ölkəmizin ərazisinin işğal altında saxlanılmasına yardımçı olmağa cəhd edirdilərsə, 44 günlük Vətən müharibəsi, ardınca ötən ilin sentyabrında həyata keçirilən birgünlük antiterror tədbirləri onların mövqeyinə sarsıdıcı zərbə oldu. Anti-Azərbaycan qüvvələr məkrli niyyətləri üçün istifadə etməyə çalışdıqları təsir vasitəsindən məhrum oldular.
Bütün bunlardan sonra aciz vəziyyətə qalan sözügedən qüvvələrin Azərbaycana qarşı qarayaxma kampaniyasına daha çox diqqət yetirdikləri müşahidə edilməyə başlandı. Amma nəticə hasil olmadı. O da vacib məqamlardan biridir ki, Azərbaycan məkrli qüvvələrinin niyyətlərinin puç olmasında çoxvektorlu fəaliyyət göstərir, fəal diplomatiya həyata keçirir. Eyni zamanda belə qüvvələrin qarayaxma kampaniyalarına məruz qalan digər ölkələrlə qurulan işbirliyi də öz məntiqi nəticəsini verir. Bu vəziyyətdə Azərbaycana qarşı demokratiya adı altında qarayaxma kampaniyalarının fiasko ilə nəticələndiyi müşahidə edilir. Çarələri tükənməkdə olan bədnam dairələrin indi geosiyasi kontekstdə iftiraya başlamaları isə beynəlxalq ictimai rəyi yanlış istiqamətə yönləndirmək cəhdindən başqa bir şey deyil və həm də olduqca primitiv xarakter daşıyır. Azərbaycanda guya hansısa başqa ölkənin hərbi qüvvələrinin olmasına dair heç bir əsas olmadan irəli sürülən iddia buna konkret misal kimi göstərilə bilər.
Qərbdə və İranda fəaliyyət göstərən bəzi media vasitləri konkret mənbə və sübut olmadan bildirirlər ki, Azərbaycanda guya ki, İsrailin hərbçiləri var. İkinci Qarabağ müharibəsindən sonra bu iddia vaxtaşırı İran mediasında yer alırdı, amma yenə də sübut olmadan bunun ictimai rəyə sırınmağa çalışıldığı müşahidə olunurdu. Yaxın Şərqdə vəziyyətin son gərginləşməsi kontekstində Böyük Britaniyanın “The Telegraph” nəşri tərəfindən bu iddia yenə faktsız, sübutsuz yenilənib. Ardınca bəzi xarici media orqanlarında təkrarlanıb. Halbuki, Azərbaycan ərazisində hər hansı bir xarici dövlətin hərbi kontingenti mövcud deyil. Dezinformasiya yayan xarici media vasitələri isə onu da unudur ki, Azərbaycan Hərbi Doktrinası ölkə ərazisində xarici hərbi kontingentin yerləşdirilməsini qadağan edir.
Sözügedən doktrinada açıq mətnlə vuğulanır ki, Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir. Amma Yaxın Şərqdə vəziyyətin gərginləşməsi, İran və İsrail arasında savaşın başlanma ehtimalının yüksək olması fonunda anti-Azərbaycan qüvvələrin yenidən hərəkətə keçməsi, iftira kampaniyasına başlaması müşahidə olunur. Amma bu istiqamətdə edilən cəhdlər primitiv xarakterə malikdir və hansısa nəticəyə gətirib çıxarması mümkün deyil. Əvvəla, qeyd olunuğu kimi Azərbaycan ərazisində hər hansı başqa ölkənin hərbi qüvvəsi yoxdur. İkinci Qarabağ müharibəsindən sonra ərazimizdə yerləşdirilən Rusiya və Türkiyənin hərbi kontingenti isə vaxtından əvvəl ölkəmizi tərk ediblər. Özü də həmin qüvvələrin hansı şərtlər daxilində Azərbaycanda yerləşdirilməsi və buradan çıxarılması bütün dünyanın gözü qarşısında baş verib, hər bir media vasitəsi üçün açıq olub.
Bir daha vurğulamaq lazım gəlir ki, Azərbaycanın qanunvericiliyi xarici hərbi kontingentin ölkə ərazisində yerləşdirilməsini qadağan edir. Bundan əlavə, indi Azərbaycan hərbi cəhətdən qüdrətli ölkələrdən biridir və müvafiq beynəlxalq institutlar tərəfindən bu fakt hər zaman açıq mətnlə vurğulanır. Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi isə artıq dünyada ən yaxşı nümunələrdən biri kimi öyrənilir. Hətta Azərbaycanın imkanları o həddədir ki, ölkəmiz ümumən Cənubi Qafqazın hərbi təhlükəsizliyini öz üzərinə götürmək iqtidarındadır. Belə vəziyyətdə Azərbaycan ərazisində xarici hərbi kontingentin olduğunu iddia etmək sadəcə, absurddur. Təbii ki, bu cəfəngiyyat da hər hansı nəticə verməyəcək. Əksinə, proseslər anti-Azərbaycan qüvvələrin getdikcə daha cılızlaşdığını, miskin bir vəziyyətə düşdüyünü göstərir. Bu, Azərbaycanın həmin qüvvələr üzərində qələbəsidir, onların iftira kampaniyasını iflasa uğratmasının göstəricisidir.