TÜRK DÖVLƏTLƏRİNİN ÜMUMİ TƏHLÜKƏSİZLİK SİSTEMİNİN FORMALAŞDIRILMASI ZƏRURƏTƏ ÇEVRİLİR

Sayları artan və miqyası genişlənən münaqişələr, terror təhdidinin böyüməsi, bir sıra dövlətlər arasında dərinləşən ziddiyyətlər qlobal təhlükəsizlik sistemində yeni vəziyyət formalaşdırıb. Bu vəziyyətə adekvat reaksiya göstərilməsi statusundan, böyüklüyündən və ya kiçikliyindən, inkişaf göstəricisindən asılı olmayaraq, bütün ölkələr qarşısında duran əsas çağırışlardan biridir. Eyni zamanda yaranmış vəziyyətdə hadisələrin yönləndirilməsinə, proseslərin gedişinə təsir göstərmək üçün ölkələrin kollektiv fəaliyyəti də zəruri şərt kimi çıxış edir.

Qlobal miqyasda təhlükəsizliklə bağlı baş verən bu dəyişikliklərin hələ müəyyən müddət davam edəcəyi gözlənilir. Bütün bunlar tarixən xüsusi geosiyasi, geoiqtisadi maraq dairəsində yer alan türk dünyasının müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlıq əlaqələrini dərinləşdirməsinin zəruriliyini göstərir. Qeyd edilməlidir ki, sözügedən xüsusda bu vaxta qədər Azərbaycan dəfələrlə müvafiq təşəbbüslər irəli sürüb. Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə yenidən bu məsələni diqqət mərkəzinə gətirirək, qeyd edib ki, dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu halda türk dövlətlərinin ümumi təhlükəsizlik sisteminin formalaşdırılmasını mümkün hala gələcək. İndiki qlobal qeyri-sabitlik şəraitində bu hal zəruri əhəmiyyətə malikdir və bütün türk dünyasının maraqlarına, mənafeyinə cavab verir.

Müdafiə sahəsində əməkdaşlıq türk dünyasının bütün ölkələri üçün müvafiq təhlükəsizlik sisteminin qurulmasında böyük önəm kəsb edir. Eyni zamanda bu hal ümumi və konkret təhdidlərə kollektiv cavab verilməsi üçün əlverişli zəmin formalaşdırır. Təbii ki, bu da öz növbəsində həmin təhdidlərin daha tez və effektiv şəkildə aradan qaldırılmasını təmin edir. Mövcud dünya təcrübəsi də göstərir ki, terrorizmə və ekstremizmə, radikalizmin təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, eləcə də kibercinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşı mübarizədə birgə əməkdaşlıq daha yüksək nəticələrin əldə olunmasını təmin edir. Nəzərə alınması vacib olan daha bir məqam odur ki, türk dünyası Avrasiyada yeni əsas nəqliyyat dəhlizlərinin keçdiyi məkana ev sahibliyi edir. Bu dəhlizlərin təhlükəsiz şəkildə fəaliyyət göstərməsi ən vacib tələblərdən biridir və hazırda dünyada sözügedən məqama xüsusi diqqət olunur.

Daha bir məqam odur ki, türk dünyasının təkcə Avrasiya yox, həm də qlobal miqyasda yeni güc mərkəzlərindən birinə çevrilməsi müşahidə olunur. Amma bu mərkəzin mövqeyinin daha güclü hala gəlməsi türk dövlətlərinin hərbi və təhlükəsizlik sahəsində inteqrasiyasından da bilavasitə asılıdır. Türk dünyasında yer alan ölkələrin  müdafiə və təhlükəsizlik sahəsində işbirliyi qurması üçün uğurlu nümunə də mövcuddur. Söhbət Azərbaycan və Türkiyənin bu sahədə yaratdığı modeldən gedir.

Azərbaycan türk dünyasında yer alan ölkələr arasında hərbi, hərbi-texniki əməkdaşlıq, müdafiə sənayesi və digər müvafiq istiqamətlər üzrə də çoxşaxəli və genişmiqyaslı  əlaqələr qurulmasının tərəfdarıdır. Analoji mövqe digər türk ölkələrində də getdikcə daha çox ifadə olunmaqdadır. O səbəbdən mövcud tarixi şansdan istifadə olunması, türk dövlətlərinin yaxın perspektivdə müdafiə və təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq münasibətləri quracağı tamamilə gözlənilən hal hesab olunur.