TÜRKDİLLİ DÖVLƏTLƏRİN İQTİSADİ-TİCARİ VƏ NƏQLİYYAT-LOGİSTİKA ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR

Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşü türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində təşəbbüslərin intensiv xarakterini göstərir. Son illərdə Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması, ticarət prosedurlarının asanlaşdırılması, rəqəmsal ticarət, eləcə də azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması çoxşaxəli əlaqələrin genişləndirilməsini təmin edir.
Dünya iqtisadi-təsərrüfat sistemində xüsusi çəkiyə malik türkdilli ölkələrin əməkdaşlıq üçün bu potensialdan səmərəli bəhrələnmələri, bir sıra mühüm sahələr, o cümlədən nəqliyyat-logistika sektoru üzrə əməkdaşlığı qlobal çağırışlara əsaslanır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin türkdilli dövlətləri ölkəmizin işğaldan azad edilmiş ərazilərində fəal əməkdaşlığa, sərmayə qoyuluşlarına dəvət etməsi də xüsusi vurğulanmalıdır.
2011-ci ildə İstanbulda təsis edilmiş Türk Biznes Şurası türkdilli ölkələrin işgüzar dairələri vasitəsilə iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsini həyata keçirir. TDT-yə üzv ölkələrin əhalisinin ümumi sayı 160 milyon nəfər, məcmu ümumi daxili məhsulunun həcmi isə təqribən 1,5 trilyon dollara bərabərdir. Üzv ölkələr iqtisadi sahədə əməkdaşlığı və mövcud potensialdan səmərəli istifadəni vacib hesab edirlər.
Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi türkdilli dövlətlərin ölkəmizə investisiya qoyuluşlarına yaxşı imkanlar açır. 2022-ci il sentyabrın 16-da Şuşada keçirilən, Qarabağ regionunun bərpası və inkişafına həsr olunan Şuşa Türk Biznes Forumu Türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin dərinləşdirilməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdimatı baxımından əhəmiyyətli olub.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və Nizamnamə Kapitalı 500 milyon manat təşkil edən Türk İnvestisiya Fondunun fəaliyyəti birgə layihələrin maliyyələşdirilməsi baxımından mühüm perspektivlər vəd edir. Xatırladaq ki, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş 2022-ci il martın 16-da Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü zamanı imzalanıb. Fondun fəaliyyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə istiqamətlənib.
Prezident İlham Əliyevin son iki ildə Orta Asiya regionuna 16 dəfə səfər etməsi, Qazaxıstan, Özbəkistan və Qırğız Respublikası ilə münasibətlərin dinamik inkişafı istiqamətində aparılan müzakirələr deməyə əsas verir ki, bu geosiyasi məkanda yerləşən dövlətlərlə hərtərəfli əməkdaşlığının dərinləşdirilməsi rəsmi Bakı üçün əhəmiyyətli məsələlərdən birinə çevrilib.
Türk Dövlətləri Təşkilatı və Türk Dünyası İş Forumunun iqtisadiyyat və ticarət üzrə məsul nazirlərinin İstanbul toplantısında qeyd olunduğu kimi, qarşıdakı illərdə Zəngəzur dəhlizinin açılması türk dövlətlərinin nəqliyyat-logistika sahəsində səmərəli əməkdaşlığına yeni töhfələr verəcək. Prezident İlham Əliyev Zəngəzur bölgəsinin vaxtilə Azərbaycandan alınıb Ermənistana birləşdirilməsini haqlı olaraq türk dünyasının coğrafi baxımdan parçalanması kimi dəyərləndirib. Bu dəhlizin yaxın illərdə açılması Türk Şurasına üzv ölkələrin maraq dairəsindədir.
Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” ölkəmizin Mərkəzi Asiyanın tükdilli ölkələri ilə yaşıl enerji sahəsində əməkdaşlığına geniş imkanlar açıb. Azərbaycan yaxın perspektivdə Orta Asiya ölkələrinin istehsal etdiyi elektrik enerjisinin Avropaya ixracı prosesində tranzit ölkə rolunu oynamağa iddialıdır.