AZƏRBAYCANIN MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ İLƏ MÜNASİBƏTLƏRİ TÜRK DÜNYASI VƏ BÜTÜN AVRASİYA ÜÇÜN MÜHÜM ƏHƏMİYYƏT DAŞIYIR

Son bir neçə il qlobal iqtisadiyyat üçün təlatümlü xarakter daşıyıb. COVID-19 pandemiyası, ondan sonrakı bərpa prosesi ilə bağlı üzə çıxan çətinliklər, 2021-ci ildə Əfqanıstanda baş verən hadisələr, iqlim dəyişikliyinin səbəb olduğu dağıdıcı quraqlıq və daşqınlar, 2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna münaqişəsi ilə dünya iqtisadiyyatı çoxsaylı problemlərlə üzləşdi. Bir çox əsas marşrutlar üzrə təchizat zəncirlərinin pozulması, eləcə də daşınan yüklərə qarşı terror təhlükələrinin çoxalması, enerji və ərzaq qiymətlərində artım kimi amillər hələ də dünya öklələrinin həll etməli olduğu əsas məsələlər sırasında yer alır.

Baş verənlər dünya dövlətlərinin beynəlxalq müstəvidə münasibətlərinə yenidən baxmasını, əlaqələrində korrektələr etməsini şərtləndirib. Elə bu müstəvidə qlobal miqyasda yeni bir geosiyasi, geoiqtisadi nizamın formalaşmaqda olduğu, yeni güc mərkəzlərinin meydana çıxdığı müşahidə olunur. Həmin güc mərkəzlərindən birini də türk dünyası təmsil etməkdədir. Hazırda türk dünyasının növbəti intibahı qeydə alınır və proses olduqca yüksək dinamikaya malikdir.

Türk dünyasının növbəti yüksəlişi Azərbaycanın tarixi Türküstanla, yəni Mərkəzi Asiya ilə münasibətlərində yeni bir səhifə açıb. Bu coğrafiyadakı türk ölkələri, həmçinin Tacikstanla Azərbaycanın daha sıx əlaqələri formalaşıb. Hazırda bu əlaqələrin miqyasının daha da genişlənməsi üçün məqsədyönlü addımlar atılır, müvafiq razılaşamalar əldə edilir. Qeyd edilənlər kontekstində təsadüfi deyil ki, Mərkəzi Asiya ölkələri tərəfindən “5+1” formatında keçirilən zirvə görüşlərində fəxri qonaq qismində son illərdə Azərbaycan lideri iştirak edir. Qazaxıstanda Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə yenə Azərbaycan liderinin fəxri qonaq qismində iştirakı münasibətlərin yüksək səviyyəsinin daha bir təzahürüdür. Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışı zamanı bu məqama toxunan Prezident İlham Əliyev qeyd edib: “Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir”.

Dünya miqyasında qəbul olunur ki, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. İndi əsas məsələ bu məkanın dünya iqtisadiyyatında, siyasətində daha güclü mövqedən çıxış etməsini təmin etməkdir. Bu məqam Azərbaycanın xarici siyasətinin prioritetlərinə aiddir və eyni yanaşma Mərkəzi Asiya ölkələri tərəfindən də sərgilənir.

Tərəflərin xüsusi diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Azərbaycan ümumiyyətlə, türk ölkələr arasında hərbi sferada daha güclü əlaqələrin qurulmasının tərəfdarıdır və bununla bağlı müvafiq çağırışlar edib. Bu məsələyə Mərkəzi Asiyada da artıq xüsusi diqqət olunur. Hətta Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev  qeyd edir ki, Mərkəzi Asiyanın perimetri boyunca davam edən çətin hərbi-siyasi vəziyyət fonunda müdafiə siyasəti və təhlükəsizlik sahəsində əməkdaşlığa ehtiyac var.

Bu gün Azərbaycan tranzit imkanları ilə də Mərkəzi Asiyanın inkişafına mühüm töhfələr verir.

Azərbaycan Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının, digər resurslarının və məhsulalrının, eləcə də “yaşıl enerji”sinin dünya bazarlarına nəqli üçün ən yaxşı alternativ tranzit məkan hesab olunur. Ölkələrimizin birgə iştirakı ilə həyata keçirilən Orta Dəhliz layihəsi bütün tərəfələrə böyük dividendlər vəd edir.