AZƏRBAYCAN AVROPANIN VƏ MƏRKƏZİ ASİYANIN “YAŞIL ENERJİ” KEÇİDİNƏ DAHA BÖYÜK TÖHFƏLƏR VERİR

Azərbaycanın karbohidrogen resursları ilə yanaşı, bərpaolunan enerji sahəsində potensialı dünyada getdikcə daha çox diqqət cəlb edir. Bu, həm də o kontekstdə baş verir ki, dünyada sözügedən enerji növünə böyük tələb yaranır. Amma heç də bütün ölkələr bərpaolunan enerji hasilatını reallaşdıra bilmirlər və ya lazımı həcmdə bu istehsal həyata keçirilmir. Belə vəziyyətdə digər mənbələrdən “yaşıl enerji”nin idxalı ön plana çıxır. Yaxın perspektivdə Azərbaycan da “yaşıl enerji”nin əsas ixracatçılarından birinə çevriləcək.
Azərbaycanın ixraca yönələcək “yaşıl enerji” hasilatının ilk alıcısı Avropa ölkələri olacaq. Bəllidir ki, 2022-ci ilin dekabrında Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bununla neft və qazdan sonra Azərbaycan Avropaya elektrik enerjisi də ötürəcək. Qara dənizin dibi ilə çəkilən ötürücü xətt ölkəmizdən elektrik enerjisini Avropaya çatdıracaq.
Müvafiq layihənin reallaşamasına dünyada böyük maraq var. Elə bundan irəli gəlir ki, Dünya Bankı Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına müvafiq dəstək göstərir. Artıq layihənin icraya hazırlanması məqsədilə Dünya Bankı tərəfindən Gürcüstana 35 milyon ABŞ dolları həcmində kredit ayırılmasını təsdiqləyib.
Proseslərin gedişi göstərir ki, Azərbaycan Avropanın “yaşıl enerji” keçidinə əsas töhfə verən ölkələrdən birinə çevrilir. Təbii ki, proses ölkə daxilində də dinamik xarakterə malikdir. Hazırda “yaşıl keçid” kontekstində ölkəmizdə elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payı sürətlə artır.
“Yaşıl enerji” sferasında daha bir mühüm məsələ Azərbaycanın digər mənbələrdən də bu enerjinin Avroapya nəqlində tranzit ölkə kimi çıxış edəcəyidir. Bununla əlaqədar olaraq, Xəzər-Qara dəniz-Avropa “yaşıl enerji” dəhlizinin yaradılması üzrə mühüm işlər görülür. Hazırda Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında “yaşıl enerji” sferasında da əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Qazaxıstanın paytaxtı Asatanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışı zamanı bu məqama toxunan prezident İlham Əliyev qeyd edib: “Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır”.
Azərbaycanla Mərkəzi Asiya arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq, həmçinin Xəzər-Qara dəniz-Avropa “yaşıl enerji” dəhlizinin yaradılması bütün iştirakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, energetika sistemləri və iqtisadiyyatları arasında əlaqələri də möhkəmləndirəcək. Eyni zamanda proses Mərkəzi Asiyanın da “yaşıl enerji”yə keçidinə təkan verir və Azərbaycanın da bu prosesdə özünəməxsus rol oynadığı müşahidə olunur.