BÖYÜK GÜCLƏRİN ERMƏNİSTANDAKI GEOSİYASİ QARŞIDURMASI ERMƏNİ DÖVLƏTİ ÜÇÜN TƏHLÜKƏLİ MÜSTƏVİYƏ KEÇDİ

Ermənistanın geosiyasi rəqabət meydanına çevrilməsi bu ölkədə öz maraqlarını təmin etməyə çalışan ölkələr tərəfindən də artıq açıq mətnlə bəyan edilir. Sözügedən kontekstdə görünən həm də odur ki, Ermənistan əlaltı dövlət olmaqdan azad ola bilməyib, sadəcə, indiki şəraitdə qulluq edəcəyi sahibini dəyişdirməyə çalışır. Lakin bu proses elə də asan deyil və maraqlı tərəflərdən heç biri Ermənistan kimi vassalı itirmək istəmir.
Hazırda bu ölkədə dominantlıq uğrunda ABŞ-Avropa-Rusiya üçbucağında rəqabətin kəskinləşməsi müşahidə olunur. ABŞ və Avropanın eyni cəbhədən çıxış etmələrinə baxmayaraq, onlar arasında da Ermənistanda kimin daha üstün mövqedə olması ilə bağlı fərqli yanaşma qeydə alınır. Rusiya isə bir dövlət olaraq yaratdığı, uzun illər ayaq üstdə saxladığı Ermənistanı öz orbitindən kənara buraxmaq, Cənubi Qafqazdakı bu forpostundan məhrum olmaq istəmir. Nəticədə Qərblə Rusiya arasında Ermənistan artıq növbəti çəkişmə predmetinə çevrilib. Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Senatın Xarici əlaqələr komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlər də təsdiq edir.
ABŞ rəsmisi bildirir ki, Rusiyanın Ermənistanı tərk etməsi üçün erməni əhalisinin cəsarətli addımlar atmasına Vaşinqton lazımı köməkliklər edir. Ancaq şübhəsiz ki, bu köməkliklər daha çox Ermənistan hakimiyyəti vasitəsilə reallaşdırılır. Bu da o deməkdir ki, ABŞ Ermənistan hakimiyyəti ilə birlikdə sözügedən ölkədə Rusiya əleyhinə müvafiq iş aparır. Ceyms O’Brayn bu fonda vurğulayır ki, Ermənistan əhalisinin əksəriyyəti Rusiyadan uzaqlaşmaq istəyir: “Biz də bunun baş verməsi üçün şərait yaradırıq”. Ermənistanı cəsarətləndirmək üçün ABŞ bu ölkə ilə digər sferalarla yanaşı, hərbi müstəvidə də əlaqələrini gücləndirir. Rusiya sərhədçilərinin İrəvandakı “Zvartnots” hava limanının tərk etməsindən dərhal sonra isə ABŞ hərbi nəqliyyat vasitələrinin Ermənistana uçuşlarının sayının artması barədə çoxsaylı məlumatlar yayılır.
O da nəzərə alınmalıdır ki, ABŞ ordusunun nümayəndəsinin Ermənistanın Müdafiə Nazirliyində müşavir kimi çalışması təmin olunub. ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn isə bildirib ki, ölkəsi ilə İrəvan təhlükəsizlik və müdafiə məsələləri üzrə çox aktiv müzakirələr aparır, əməkdaşlıq münasibətləri yaradır. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ilə ABŞ-ın Avropa Komandanlığı arasında ilk illik qərargah danışıqları da tərəflərin hərbi müstəvidə əməkdaşlığının dərinləşməkdə olduğunun daha bir təzahürüdür. Bundan əlavə, Avropa İttifaqının mülki müşahidə missiyası adı altında Ermənistanda faktiki olaraq, NATO missiyası fəaliyyət göstərir.
Digər istiqamətlər üzrə genişlənən əməkdaşlıq Ermənistanı Rusiyaya qarşı çıxmağa təşviq edir və bu ölkədəki indiki hakimiyyətin sərgilədiyi davranış Qərbin bu metodunun işə yaradığını göstərir. Öz növbəsində Rusiya bunu qəbul etmək istəmir.
Nəzərə alınmalıdır ki, Ermənistan iqtisadi cəhətdən Rusiyadan asılıdır. Həmçinin, Ermənistan ərazisində Rusiya hərbi bazası yerləşib, ölkənin hava hücumundan müdafiə sistemi yenə ruslarla sıx bağlıdır. Bundan əlavə, Ermənistanın Türkiyə və İranla sərhədləri Rusiya sərhədçiləri tərəfindən qorunur. Bütün bunlardan Rusiyanın imtina edərək, Ermənistandakı yerini geosiyasi rəqiblərinə buraxacağı təbii ki, mümkün hesab olunmur. Amma Ermənistanda yerini möhkəmlətməkdə olan Qərbin, xüsusən də ABŞ-ın bu ölkədən geri çəkiləcəyi də inandırıcı deyil. Deməli, Ermənistan bundan sonra böyük güclərin daha kəskin rəqabətinin yaşandığı məkanlardan olacaq.
Hadisələrin bu səpkidə inkişafının başlıca səbəblərindən biri Ermənistan hakimiyyətinin xarici siyasətdə yol verdiyi çoxsaylı qüsurlardır. Xüsusən də Ermənistanın bu vəziyyətə düşməsinə rəvac verən başlıca amillərdən biri bu ölkənin Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasəti, ərazi iddialarıdır. Məhz bundan istifadə edən kənar qüvvələr Ermənistanı daha rahat formada öz məqsədləri üçün istifadə edirlər.