ERMƏNİSTANIN KONSTİTUSİYASINDA DƏYİŞİKLİK ETMƏMƏSİ SÜLH ÜÇÜN CİDDİ MANEƏ OLARAQ QALIR

Rəsmi Bakı fəal təbliğat apararaq, Ermənistanın təcavüzkar ideologiyasının mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırır, haqlı olaraq revanşist yanaşmaların sülh və etimad quruculuğuna ciddi xələl gətirdiyini bəyan edir. Prezident İlham Əliyev Ermənistanda azərbaycanlılara və türklərə qarşı nifrət aşılamağa, etnik-dini münasibətləri qızışdırmağa xidmət edən anti-humanist dövlət siyasətinin mövcudluğunu, revanşizm meyillərinin sülh və təhlükəsizliyə təhdid olduğunu dəfələrlə bəyan edib.
Azərbaycan Prezidenti İlham Əliyev birmənalı bəyan edib ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması mümkün deyil. Bu günlərdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov “Azadlıq” radiosuna müsahibəsində Ermənistan Konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarınn sülh prosesində gələcək irəliləyiş üçün yeganə maneə olaraq qaldığını bir daha bildirib: “Söhbət Konstitusiyanın Azərbaycanın təzyiqi altında dəyişdirilməsindən deyil, seçicilərin bir suala cavab verməsindən gedir: Siz sülh istəyirsiniz, yoxsa Azərbaycanla yeni qarşıdurma üçün fürsət? Əgər Ermənistan hakimiyyəti sualı bu cür qoyarsa, düşünürəm ki, referendumda iştirak edəcək Ermənistan vətəndaşlarının əksəriyyəti sülhü dəstəkləyəcək”.
Göründüyü kimi, hazırda iki ölkə arasında intensivləşən sülh danışıqlarına, etimad quruculuğu prosesinə xələl gətirən ən ciddi məqamlardan biri də Ermənistanın konstitusiyasında, eləcə də dövlət atributlarında qonşu ölkələrin ərazi bütövlüyünü, suverenliyini təhdid edən “müddəa” və “rəmzlər”in yer almasıdır. Qardaş Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldiyindən, rəsmi Bakı həmin elementlərin aradan qaldırılmasını rəsmi İrəvanın qarşısında ciddi tələblərdən biri kimi müəyyənləşdirib.
Sivil birgəyaşayış normalarına davan-dabana ziddi olan bu “müddəa” və “rəmzlər” erməni cəmiyyətini qisas və düşmənçiliyə kökləməyə, regionun tarixini saxtalaşdırmağa, gənc nəslə tarixi ədavət düşüncəsini sırımağa xidmət edir. Sivil birgəyaşayış normalarına zidd olan bu elementlərin aradan qaldırılmadığı bir şəraitdə Ermənistanın yekun sülh sazişinin imzalanmasında səmimi maraqlı olması barədə bəyanatları ciddi suallar doğurur. Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə, ölkəmizin ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar mövcuddur. Bu sənədə istinadlar Ermənistan Konstitusiyasında da əskini tapıb. Ermənistanın bir sıra normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, qoşulduğu bəzi konvensiyalarda, digər sənədlərdə ölkəmizin Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur.
Azərbaycanın milli təhlükəsizliyinə bilavasitə təhdid olan bu iddianın Ermənistan Konstitusiyadan çıxarılmasını tələb etməyə legitim hüququ var və bunu qonşu ölkənin daxili işlərinə müdaxilə kimi qələmə verilməsi məntiqsizlikdir. Ermənistandan fərqli olaraq, Azərbaycan Konstitusiyasında hansısa ölkəyə qarşı ərazi iddiaları yoxdur və qarşı tərəfin bununla bağlı iddiaları, beynəlxalq ictimaiyyəti çaşdırmaq, siyasi manipulyasiya etmək cəhdləri əbəsdir.