MTM-in (Media Təhlil Mərkəzi) Mərkəzi Bankın açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlil göstərir ki, son 5 ildə xarici ölkələrdən Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 26,53 milyard dollar təşkil edib. Bu məbləğin 48,7%-i son iki ildə cəlb olunan birbaşa xarici investisiyaların payına düşür.
2022-ci ildə ölkə iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 30,9% artaraq 6,3 milyard dollara çatmışdısa, 2023-cü ildə bu rəqəm 2022-ci il ilə müqayisədə 6,1% artaraq 6,66 milyard dollar təşkil edib. Buna səbəb ölkəmizdə müharibə dövrünün sona çatması, işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyinin qorunması və həmin ərazilərə yeni investisiyaların cəlb olunmasıdır.
Aparılan təhlil zamanı məlum olub ki, Birləşmiş Krallıq artıq 5 ildir Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların siyahısına başçılıq edir. Sözügedən ölkə 2023-cü ildə Azərbaycan iqtisadiyyatına 1,86 milyard dollar investisiya qoyub.
Hesabat dövründə ölkəmizə ən çox investisiya yatıran ikinci ölkə Türkiyə olub. Qardaş ölkədən cəlb olunmuş birbaşa investisiyaların həcmi 2023-cü ildə 1,3 milyard dollar təşkil edib. Həmin il ilk üçlüyü 791,6 milyon dollar investisiya həcmi ilə Kipr tamamlayıb.
Şimal qonşumuz Rusiyadan ölkəmizə 617,4 milyon dollar, dünyanın əsas iqtisadi gücü olan ABŞ-dan isə cəmi 171,9 milyon dollar birbaşa investisiya cəlb olunub.
Son 5 ildə 7 ölkə Azərbaycan iqtisadiyyatına 1 milyard dolların üzərində birbaşa investisiya yatırıb. Ölkəmizə 8 milyard dollardan çox investisiya yönləndirən Birləşmiş Krallıq bu siyahıda ilk sırada yer alıb. Son 5 ildə Birləşmiş Krallıqdan ölkəmizə cəlb olunan birbaşa investisiyaların həcmi ümumi investisiyaların 30,42%-ni təşkil edib.
İkinci sırada 4,8 milyard dollar ilə Türkiyə yer alıb. Qardaş ölkədən ölkəmizə cəlb olunmuş birbaşa investisiyaların həcmi ümumi göstəricinin 16,5%-ni təşkil edib.
Üçüncü sırada isə 8,88%-lik pay ilə Kipr yer alıb. Son 5 ildə bu ölkədən Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların həcmi 2,36 milyard dollar təşkil edib.
Azərbaycan və Gürcüstanın Mərkəzi Banklarının, Ermənistanın isə Dövlət Statistika Komitəsinin 2023-cü il üçün açıqladığı rəsmi rəqəmlərə görə, iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcminə görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında böyük fərqlə lider olub. Ötən il Azərbaycanın iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 6,66 milyard dollar, Gürcüstana cəlb olunan investisiyaların həcmi 1,6 milyard dollar təşkil edib. Yəni 2023-cü ildə Azərbaycana cəlb olunan xarici investisiyaların həcmi qonşu ölkə ilə müqayisədə 4,2 dəfə çox olub.
Ermənistana isə ötən il cəmi 502,7 milyon dollar xarici investisiya yatırılıb və ölkə Gürcüstandan 3,2 dəfə, Azərbaycandan isə 13,2 dəfə geri qalıb.
2023-cü ildə Azərbaycandan Gürcüstanın iqtisadiyyatına birbaşa yatırılan investisiyanın həcmi 87,2 milyon dollar təşkil edib. Gürcüstanın Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa investisiyasının həcmi isə 39,6 milyon dollar olub.
Əlavə məlumat üçün bildirək ki, ötən il Gürcüstan iqtisadiyyatına birbaşa xarici investisiya yatıran ölkələr arasında ilk üçlükdə ardıcıl olaraq Böyük Britaniya (392 milyon dollar ), Niderland (360,5 milyon dollar) və Türkiyə (169 milyon dollar) yer alıb.