Müasir dövrdə Afrika ölkələrinin dünya siyasətində, iqtisadiyyatında rolu nəzərəçarpacaq dərəcədə artmaqdadır. Artıq qitə ölkələri beynəlxalq münasibətlər sisteminin mühüm iştirakçılarıdır. BMT-də üzv dövlətlər sırasında Afrika 54 ölkə ilə təmsil olunur ki, bu da təşkilatın üzvlərinin 28 faizi deməkdir. Elə bu kontekstdə Afrika ölkələrinin beynəlxalq nizamın müəyyən olunmasında xüsusi çəkisi də davamlı surətdə artır.
Sözügedən ölkələrin daha bir üstünlüyü çoxsaylı təbii sərvətlərlə zəngin olmalarıdır. Həmin sərvətlər üzərində milli nəzarətin təmin olunması, qitədə yer alan bir çox ölkələrin müstəmləkəçilik əsarətindən xilas olması Afrika dövlətləri qarşısında yeni perspektivlər açır. Afrika iqtisadiyyatının inkişafının dinamizmi həm də onun qloballaşma proseslərinə və beynəlxalq əmək bölgüsünün yeni formalarına əsaslanan müasir dəyər zəncirlərinə inteqrasiyasının dərinləşməsi, qabaqcıl, o cümlədən rəqəmsal texnologiyaların geniş tətbiqi ilə bağlıdır. Bundan əlavə, Dünya Bankının hesablamalarına görə, Afrika qitəsi getdikcə qlobal istehlak tələbində artımın ən mühüm mənbəyinə çevrilir. Bütün bunlara rəğmən, Afrikada hələ də müxtəlif dünya güclərinin, ölkələrinin geosiyasi, geoiqtisadi rəqabəti yaşanır və bu, bəzən olduqca kəskin xarakter alır. Lakin Afrika ölkələrinin əvvəlki dövrlərdən fərqli olaraq, öz maraqlarını bu rəqabət şəraitində təmin etmələri kimi məqam da getdikcə qabarıq şəkildə özünü büruzə verir.
İndi Afrika ölkələrinin fəal xarici siyasət yeridərək, çoxşaxəli tərəfdaşlıq münasibətləri quraraq, beynəlxalq hüququn daha fəal aktorları qismində çıxış etdikləri müşahidə olunur. Bu kontekstdə həmin ölkələrin bir çoxu üçün Azərbaycanla da münasibətlərin inkişaf etdirilməsi xüsusi maraq dairəsində yer almaqdadır. Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqinin ölkəmizə səfərinə də bu prizmadan yanaşmaq mümkündür. İki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin yaradılması, əməkdaşlığın müxtəlif sahələrinin, o cümlədən ticarət, enerji təhlükəsizliyi və bu müstəvidə digər potensialından istifadə mexanizmləri xüsusi diqqət mərkəzindədir.
Qoşulmama Hərəkatı, İslam əməkdaşlıq Təşkilatı, BMT və digər beynəlxalq təsisatlar, platformalar çərçivəsində ölkələrimiz biri-birinə dəstək verir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) da əlavə əməkdaşlıq imkanları yaradır.
Azərbaycanın müstəmləkəçiliyə, xüsusən də Fransa neokolonializminə qarşı apardığı mübarizə də Afrikada rəğbətlə qarşılanır. Çünki qitədə yer alan bir sıra ölkələr uzun illər Fransa müstəmləkəçiliyindən ciddi əziyyət çəkiblər. Hələ də bəzi xalqlar bu neokolonializmin problemlərini yaşayırlar. Azərbaycanın liderliyi ilə neokolonializmə qarşı başlanan yeni mübarizə Afrikada bu problemdən əziyyət çəkənlər üçün də bir ümiddir.
Azərbaycanın Somali ilə yanaşı, Misir, Əlcəzair, Konqo və digər çoxsaylı Afrika ölkələri ilə münasibətləri intensiv inkişaf edir. Bu, ölkəmizin Afrikada getdikcə daha güclü mövqe sahibinə çevrilməkdə olduğunun da təzahürüdür. Miqyası davamlı olaraq genişlənən əməkdaşlıq bütün tərəflərin maraqlarına cavab verir.