MULTUKULTURALİZM MƏRKƏZİNİN MƏRAKEŞDƏ RƏSMİ GÖRÜŞLƏRİ KEÇİRİLİB

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənovun Mərakeşə səfəri davam edir. R.Həsənov səfər çərçivəsində ICESCO-nun Baş direktoru Salim Əl-Maliklə görüşüb. ICESCO-nun Baş Qərargahında keçirilən görüşdə Azərbaycanın multikulturalizm siyasəti, eləcə də BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Qarşılıqlı informasiya mübadiləsinin vacibliyi vurğulanıb.
Multikulturalizm Mərkəzinin rəhbəri R.Həsənovun səfər çərçivəsində digər görüşü Mərakeşin Gənclər, Mədəniyyət və Kommunikasiya Nazirliyinin Baş Katibi Samira Lemlizi ilə baş tutub. Görüş zamanı Azərbaycan multikulturalizm modelinin Mərakeşdə təbliği, Azərbaycan mədəni irsinin Mərakeş ictimaiyyətinə geniş şəkildə çatdırılması, Mərakeş gəncləri ilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Xatırladaq ki, iyulun 9-da Mərakeş Krallığının paytaxtı Rabatda “Qərb və “Quran”: Gələcəyə doğru rasional yanaşma” adlı ilk beynəlxalq seminar keçirilib. Seminar Almaniya Dialoq və Anlaşma İnstitutu ilə birgə təşkil edilib. İCESKO-nun Baş Qərargahında keçirilən tədbirdə yüksək səviyyəli beynəlxalq ictimai-siyasi xadimlər, Mərakeş Krallığında akkreditə olunmuş səfirlər, islamşünaslıq və dinlərarası dialoq üzrə ekspertlər iştirak ediblər. Rəvan Həsənov “Qərb və “Quran”: Gələcəyə doğru rasional yanaşma” adlı beynəlxalq seminarda məruzə ilə çıxış edib.

Daha ətrarflı: http://multikulturalizm.gov.az/az/post/2782/multukulturalizm-merkezinin-merakesde-resmi-gorusleri-kecirilib.html