NATO-nun quruluşunun 75 illiiyi münasibətilə Vaşinqtonda keçirilən sammit yekunlaşıb. Sammit iştirakçıları Ukraynaya dəstək ifadə ediblər. Bundan başqa Ağ Evin təkidi ilə NATO-ya üzv ölkələrin müdafiə xərclərinin 2 faizə çatdırılması məsələsi yenidən müzakirə olunub. 10 ildir bu məsələni həll etmək olmur. Avropanın bir qisim ölkəsi təhlükəsizliklərini ABŞ və NATO-nun hesabına həll etməyə çalışır. Bu məsələni ABŞ-ın keçmiş prezidenti Donald Tramp da qaldırmışdı. Avropa ölkələri sosial xərcləri hərbi xərclərə qurban vermək istəmirlər.
Sammitdə NATO-nun genişlənməsməsi mümkünlüyü barədə fikir mübadiləsi aparılsa da, Ukraynanın üzvlük məsələsi yenə qeyri-müəyyən gələcəyə qaldı. Ukraynanın Şimali Atlantika Blokuna üzv olacağını qəbul edirlər, ancaq heç kim Kiyevə bununla bağlı tarix vermək istəmir. Donald Tramp bu ilin noyabr ayında prezident seçilərsə, Ukraynanın NATO üzvlüyü ən azı 4 il gündəmdən çıxarılacaq. Tramp Ukraynanın Şimali Atlantika Blokuna üzvlüyünün qəti əleyhinədir. Ümumiyyətlə Tramp Ukraynaya hərbi və maliyyə yardımın da dayandırılmasının tərəfdarıdır. Buna baxmayaraq, ABŞ-ın hazırki prezidenti Cozef Bayden NATO-ya üzv ölkələrin 2025-ci ildə Ukraynaya hərbi xərcləri üçün 40 milyard dollar ayrılacağını bildirib, sadəcə o prezident seçilməsə, bunun reallaşması sual altında olacaq. NATO-nun vəzifəsini təhvil verməyə hazırlaşan baş katibi Yens Stoltenberq bu fikirdədir ki, Ukraynaya gərəkən dəstək verilməsə Rusiya müharibədə qalib gələ bilər, bu isə NATO üçün ağır məğlubiyyət olacaq. Ukrayna Prezidenti Volodimir Zelenski ümid edir ki, ABŞ və Avropa ölkələri Ukrayna hava sahəsini qorumağa imkan verən təyyarələr və raket qurğuları verəcəklər. Yaxın günlərdə Ukrayna F-16 təyyarələri ilə təhciz olunmağa başlayacaq.
Vaşinqtondakı müzakirələrdə Çin barədə danışıblar. Çinin Hind və Sakit okean bölgəsində artan hərbi gücü Şimali Atlantika Blokunu narahat edir. ABŞ və NATO rəhbərliyi Rusiya-Çin münasibətlərinin dərinləşməsindən narahatdırlar. Vaşinqton və Brüssel Pekinin Moskvaya həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən və Rusiyanın Ukraynada müharibəsini davam etdirməsinə imkan verən malların ixracına işarə ediblər. Yens Stoltenberq Pekinin Moskva ilə yarımkeçiricilər və digər ikili təyinatlı məhsullarıyla, o cümlədən yüksək səviyyəli texnologiyaları Moskva ilə paylaşdığı qənaətindədir.