AZƏRBAYCAN-İRAN ƏLAQƏLƏRİ YENİ MÜSTƏVİDƏ

Prezident İlham Əliyevin Məsud Pezeşkianı İran İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik etməsi və ona fəaliyyətində uğurlar arzulaması ikitərəfli münasibətlərdə yeni tarixi mərhələnin başlanması kimi xarakterizə olunmalıdır. Azərbaycan Prezidentinin İran Prezidentinə həm tərbik məktubu ünvanlaması, həm də telefon etməsi ölkəmizin İranla əlaqələrə verdiyi önəmi, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi əzmini nümayiş etdirir.

Azərbaycanla İranı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan əlaqələr birləşdirir. Bu baxımdan ölkə liderlərinin tarixi əlaqələri daha da irəli aparması, yeni dünya düzənində bu əməkdaşlığın zərər görmədən, dostluq və qardaşlığa əsaslanaraq inkişaf etdirilməsi həmişəkindən daha vacibdir. Bu baxımdan dövlət başçılarının telefon söhbətində müzakirə olunan məsələlər dövlətlərimizin gələcəkdə nümayiş etdirəcəyi mövqe baxımından olduqca önəmlidir.

Prezidentlər əmindir ki, Azərbaycan-İran əlaqələri bundan sonra da genişlənəcək və müxtəlif sahələri əhatə edən əməkdaşlığımız inkişaf edəcək. Bu baxımdan ölkələrimiz arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsi olduqca əhəmiyyətlidir. Bir müddət əvvəl siyasi gərginlik mərhələsindən çıxan ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi əsas prinsipdir. Ona görə də İranın yeni seçilmiş prezidenti Azərbaycanla əlaqələrin dostluq və qardaşlıq ruhunu qoruyub saxlamağa çalışmalıdır. Digər tərəfdən bundan sonrakı mərhələdə İran-Ermənistan münasibətlərinin gələcəyi və bu əlaqələrdən Azərbaycana qarşı hər hansı formada istifadə olunması yolverilməzdir. İran-Azərbaycan münasibətlərini pozmağa çalışan üçüncü qüvvələrin ortadan qaldırılması hər iki tərəfdən ciddi səylər  tələb edir. Bu baxımdan Məsud Pezişkian özündən əvvəlki “qırmızı xətt” ritorikasının aradan qaldırılmasına çalışmalı, dil, din, qan birliyi olan, ortaq tarixi və mədəni dəyərlərə malik xalqlarımızın maraqlarını müdafiə etməlidir.

Artıq yaxın zamanlarda Tehranda Azərbaycan səfirliyinin öz fəaliyyətini yenidən bərpa edəcəyinə dair xəbərlər gəlir. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmisi də məlumat verib. Bu, ikitərəfli münasibətlərin və diplomatik əlaqələrin tam bərpası istiqamətində mühüm addımdır. Rəsmi Tehran bu kimi halların bir daha yaşanmaması, ölkələrimiz və xalqlarımız arasında əsrlərdir mövcud olan əlaqələrin zərər görməməsi üçün tədbirlər görməli, indiyə qədər ona qarşı yürüdülən beynəlxalq siyasətdə heç bir rol almayan dost Azərbaycan xalqına və dövlətinə qarşı ədalətli davranmalıdır.

Daha ətraflı: https://mtm.az/x%c9%99b%c9%99rl%c9%99r/az%c9%99rbaycan-iran-%c9%99laq%c9%99l%c9%99ri-yeni-must%c9%99vid%c9%99/