İyulun 2-də “Freedom House” təşkilatının veb-səhifəsində “Niyə Dağlıq Qarabağda heç bir erməni yoxdur?” adlı xüsusi hesabat dərc edildi. Sənəddə göstərilir ki, bu təşkilatdan başqa həmin hesabatın hazırlanmasında digər beynəlxalq QHT-lər də iştirak edib: “Açıq Cəmiyyət İnstitutu” (Open Society Foundations), “İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq” (International Partnership for Human Rights), “Həqiqət İtləri” (Truth Hounds – sualları hazırlayan Ukrayna QHT-si), “Demokratiyanın İnkişafı Fondu” (Democracy Development Foundation), “Helsinki Vətəndaş Assambleyası” (Helsinki Citizens’ Assembly), “Sərhədsiz Hüquqların Müdafiəsi QHT” (Protection of Rights without Borders NGO), “Hüququn İnkişafı və Müdafiəsi Fondu” (Law Development and Protections Foundation).
Azərbaycana qarşı əvvəllər də çoxsaylı bu cür təşkilatların ayrılıqda qarayaxma kampaniyaları olub, onların qərəzli münasibəti heç kimə sirr deyil. Ancaq nəzərinizə çatdırılan bu hesabat həmin sıradan olan hesabatlardan deyil. Hesabatdan belə görünür ki, bu beynəlxalq təşkilatları bir yerə gətirən, əmək bölgülərini müəyyənləşdirən və fəaliyyətlərini koordinasiya edən bir mərkəz var. Həmin mərkəz isə hesabatda adı çəkilməyən ABŞ Dövlət Departamentidir. Bu sadəcə ittiham və ehtimal deyil. Sözügedən hesabatın hazırlanmasını koordinasiya etdiklərini və nəticələrini gözlədiklərini ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn azı iki dəfə kameralar qarşısında özü etiraf edib. Həmin çıxışlardan hissələri aşağıda nəzərinizə çatdıracağıq ki, kontent analizini bizimlə yanaşı oxucuların özləri də etsin. Hələlik fakt odur ki, bu hesabat gələcəkdə Azərbaycana qarşı müxtəlif məhkəmələrdə, beynəlxalq təşkilatlarda və qanunverici orqanlarda istifadə etmək səviyyəsinə çatdırılıb.
Bu hesabat Azərbaycana qarşı gizli gündəliyin və planın olduğu haqqda əsaslı şübhələri bir daha sübut etdiyinə görə sıradan bir sənəd deyil. Bu hesabat haqqında O’Braynın əvvəl dedikləri onu sübut edir ki, sülh müqaviləsi imzalansa belə həmin plandan və gizli gündəlikdən imtina edilməyəcək(di), əksinə, sülh müqaviləsi imzalandıqdan sonra həmin plan tam işə düşəcək. Bu planın işə düşməməsi, sülh müqaviləsi ilə bütün məsələlərin birdəfəlik və həmişəlik bağlanması üçün Azərbaycan Ermənistandan öz Konstitusiyasından və qanunvericiliyindən Azərbaycan torpaqlarının anneksiyasını qanuniləşdirən maddələrin çıxarılmasını tələb edir. Eləcə də, Ermənistana təklif edilib ki, Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycanla birlikdə ATƏT-ə müraciət edilsin, yəni, gəlin, Qarabağ mövzusunu beynəlxalq gündəlikdən birlikdə çıxaraq. Çünki, Minsk qrupu Azərbaycan-Ermənistan münasibətlərini nizamlamaq üçün deyil, Qarabağla bağlı mübahisələrin həllini tapmaq üçün yaradılmışdı. Qarabağ mövzusu bağlanıbsa, onda gəlin Minsk qrupunun formal bağlanışını da elan edək. Ermənistan hələlik buna müsbət cavab verməyib, yəni, nə Ermənistanın, nə də onun havadarlarının Qarabağ məsələsini beynəlxalq gündəlikdən çıxarmaqla bağlı niyyətləri yoxdur.
“Freedom House” hesabatının prizmasından O’Braynın iki çıxışına baxanda daha yaxşı aydın olur ki, Bayden administrasiyasının hədəfi tələsik sülh müqaviləsini imzalayandan sonra növbəti mərhələ üçün işlərə başlamaq olub. Bu hesabat onu göstərir ki, Bayden administrasiyası Azərbaycanla münasibətlərdə qeyri-səmimi davranır. Ona görə də ABŞ Minsk qrupu, Ermənistan Konstitusiyası və qanunvericiliyi ilə bağlı məsələlərini bağlamadan Azərbaycanı sülh müqaviləsini tələsik imzalamağa sövq etməyə çalışır. Bunun üçün şirnikləndirici təkliflər və təzyiqlər də edili(b)r.
“Freedom House” və digər QHT-lərin hesabatının gəldiyi nəticəni diqqətinizə çatdırırıq: “Azərbaycan hakimiyyətinin hərəkətləri və ritorikası, Dağlıq Qarabağın etnik ermənilərinin başlarına gələnlərin birlikdə təhlili onların Qarabağdan məcburi köçünün qəsdən törədildiyi qənaətinə gəlmək üçün məntiqli əsaslar verir. Sübutlar Dağlıq Qarabağı etnik erməni əhalisindən təmizləməyə yönəlmiş koordinasiyalı, uzunmüddətli planın olduğunu göstərir”.
Bundan əlavə hesabatda deyilir ki, “müvafiq olaraq, Azərbaycanın sənədləşdirilmiş hərəkətləri keçmiş Yuqoslaviya münaqişəsi kontekstində başa düşülən etnik təmizləmə meyarlarına cavab verir. Etnik təmizləmə məhkəmədənkənar edamlar, işgəncələr, əsassız həbslər və saxlamalar, qida və həyat zəruri olan dərmanlara çıxışın məhdudlaşdırılması, mülki əhalinin zorla çıxarılması, köçürülməsi və deportasiyası, mülki əhaliyə və mülki ərazilərə qəsdən hərbi hücumlar və ya hücumla hədələnməsi və əmlakın məhv edilməsi vasitəsilə həyata keçirilib. Faktaraşdırıcı missiya müəyyən etmişdir ki, bu hərəkətlər, eləcə də bu xülasədə göstərilən digər əməllər Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə, o cümlədən həmin Əsasnamənin 7-ci (insanlığa qarşı cinayətlər) və 8-ci maddələrinə (müharibə cinayətləri), eləcə də deportasiya və ya əhalinin zorla köçürülməsi anlayışına uyğundur”.
Bir daha nəzərə çatdırırıq, “Freedom House” və digər QHT-lərin hazırladığı hesabatın üstündən Azərbaycana qarşı olan digər hesabatlar kimi keçmək olardı. Əgər ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn 2023-cü ilin noyabrında Konqresdə dinləmə zamanı və bu ilin iyunun 10-da bir daha Azadlıq Radiosuna müsahibəsi zamanı bu hesabatı hazırlamaq üçün fəaliyyətləri koordinasiya etdiklərini və hesabatın nəticələrini gözlədiklərini deməsəydi. Onu da deməliyik ki, bu fəaliyyətlərin koordinasiya edilməsi üçün məhz O’Braynın tutduğu vəzifəyə gətirilməsinin özü təsadüfi deyil. O’Brayn həm gənc yaşlarından keçmiş Yuqoslaviya münaqişəsi üzrə bu ölkəyə qarşı qaldırılan məhkəmə iddialarının hazırlanması zamanı təcrübə toplayıb, həm də sanksiyalar üzrə mütəxəssis və hüquqşünasdır.
Beləliklə, aşağıda əvvəlcə ötən ilin noyabrın 15-də Ceyms O’Braynın Konqresin Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağın gələcəyi” adlı hesabatından müvafiq hissələri diqqətinizə çatdırırıq.
O’Brayn dinləmə zamanı ABŞ-ın bölgədə fəaliyyətinin üç istiqamətdə olduğunu göstərmişdi:
1. Qarabağ ermənilərinə hərtərəfli yardım və onların geri qaytarılması;
2. Ermənistana yardım edilməsi;
3. Sülhün əldə olunması.
Beləliklə, prioritetlərin sıralanmasında biz sülhü birinci yerdə görmürük.
O’Brayn çıxışında iki dəfə Qarabağdan ermənilərin çıxmasına ingiliscə “kökündən çıxarılma” yəni “uprooted” deyir. Bunu ingiliscə diplomatik dildə “etnik təmizləmənin” daha yumşaq formada sinonimi kimi başa düşmək olar. Yəni, bu feili istifadə etməklə Qarabağdan ermənilərin öz xoşları ilə çıxması inkar edilir, onların kiminsə tərəfindən ordan məcburən çıxarılması əvvəlcədən deyilir. O’Brayn dinləmə zamanı bildirdi ki, onlar ermənilərin Qarabağı tərk etməsinin müvəqqəti olduğunu düşünürlər və bu müddətdə ABŞ Qarabağda ermənilərin əmlakının, mədəniyyət nümunələrinin qorunmasına çalışır. Eyni zamanda, ABŞ insanların adekvat məlumat ala bilməsini tələb edir ki, onların adekvat seçim etmək imkanları (viable choice) ola bilsin, “geri qayıdaraq Dağlıq Qarabağda yaxşı yaşamaq üçün əlverişli şəraitə” malik olsunlar. Yəni, əvvəlcədən deyilir ki, indi Qarabağ ermənilərinin adekvat seçim etmək imkanları yoxdur. Dinləmə zamanı O’Brayn bildirdi ki, onlar Qarabağdan ermənilərin köçü zamanı baş verən hadisələr haqqında hesabat üçün həm müstəqil araşdırmaçılara və ya müstəntiqlərə (investigators), həm də özlərinin hazırda yerlərdəki araşdırmaçılarına bu hadisəni araşdırmağı tapşırıblar.
Çıxışı zamanı O’Brayn həmin araşdırmalarla bağlı Konqresi məlumatlandıracaqlarını, ancaq nəticələrinin açıqlanması ilə bağlı konkret zaman hədəfi qoymadıqlarını da bildirmişdi. Dinləmə zamanı O’Brayn bildirdi ki, Dövlət katibinin tapşırığı ilə onlar bu hesabatda təkcə ermənilərin köçü zamanı deyil, ondan aylar əvvəl də baş verənləri hərtərəfli və dərindən əks etdirəcək araşdırma aparırlar. O’Brayn dinləmə zamanı xatırlatdı ki, o, gəncliyində Dövlət Departamentində ilk dəfə hüquqşünas kimi fəaliyyətə başlayarkən Bosniyada baş verənləri araşdıran qeyri-formal qrupun tərkibində olub. Və bu təcrübəsindən çıxış edərək ona sual verən konqresmenlərə bildirdi ki, bu cür hadisələrin hərtərəfli araşdırmalarının nəticələrinin ortaya çıxması üçün müəyyən zamana ehtiyac olur. O’Brayn etnik təmizləmə ifadəsinin məhz Bosniyada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığını vurğuladı.
Beləliklə, O’Braynın təkcə sanksiyalar üzrə mütəxəssis olmadığı aydın olur. O’Brayn onu da bildirdi ki, hazırda (o zaman) onlar Qarabağı tərk edən erməniləri danışdırırlar və onlardan başqa qruplar da bunu edirlər. Bu səbəbdən eyni adamları yenidən dindirərək onlara əlavə travma yaşatmamaq üçün fəaliyyətlərini digər qruplarla koordinasiya edirlər. Bu araşdırmalar zamanı onlar müəyyənləşdiriblər ki, Laçın yolunun bağlanmasından sonra böyük qorxu hissi hakim olub, ona görə də Azərbaycan sentyabrın 19-da əməliyyata başlayaraq həmin ərazilərə güc tətbiq etməklə daxil olanda Qarabağ erməniləri həmin əraziləri tərk etmək istəyiblər. O’Brayn bildirmişdi ki, araşdırmalar vasitəsilə məhz kimin komandası və nəzarəti altında, necə və hansı fəaliyyətlərin həyata keçirilməsini, Qarabağın erməni sakinlərinə hansı mesajın çatdırılmasını müəyyənləşdirməyə çalışırlar. ABŞ bu araşdırmalarla təkcə dövlət rəsmilərinin fəaliyyətini öyrənməyəcək. O’Brayn bildirmişdi ki, “Human Rights Watch” və “The International Crisis Group” öz hesabatlarını dərc edəcəklər. Bundan əlavə, O’Brayn bildirmişdi ki, Norveç və Polşadan olan Helsinki komitələri özlərinin müstəqil hesabatlarını hazırlayacaqlar. Bu çıxışda ən mühüm məqam o oldu ki, O’Brayn bildirdi ki, bu hesabatlar koordinasiya edilərək bir yerə gətiriləcək ki, Qarabağdan ermənilərin köçü haqqında ətraflı təsəvvür olsun. Bunları qeyd etdikdən sonra O’Brayn bir daha xatırlatmışdı ki, bütün bunlar üçün müəyyən zaman lazım olacaq.
O’Brayndan sonra USAİD-in nümayəndəsi Dr. Sokolovski konqresmenlərin sualına cavab verərək bildirmişdi ki, onlar da öz növbəsində USAİD xətti ilə Ermənistana qabaqcıl insan hüquqları üzrə ekspertlərini göndəriblər. Onlar da digərləri kimi Qarabağ ermənilərinin başlarına gələnləri ətraflı öyrənmək üçün onlardan şahid ifadələrinin toplanmasını həyata keçirəcək, fəaliyyətlərini Dövlət Departamenti və digərləri ilə koordinasiya edəcəklər. Sokolovski də bildirmişdi ki, bütün aradırmaların ortaya çıxması üçün zamana ehtiyac var. Sokolovski çıxışında onu da bildirdi ki, Qarabağ ermənilərinin dindirilməsi sayəsində gəldikləri nəticə budur ki, ermənilərin bir çoxu Qarabağa qayıtmağı arzulasa da, onlar indi daha çox Ermənistan cəmiyyətinə inteqrasiya etməyə üstünlük verirlər.
Cari ilin iyunun 10-da O’Braynın İrəvana səfəri çərçivəsində Azadlıq Radiosunun erməni bürosuna verdiyi müsahibədən müvafiq hissələrin çıxarılışını diqqətinizə çatdırırıq. Onu da qeyd etmək lazımdır ki, bu müsahibə zamanı O’Brayn acıqlı, Azərbaycana qarşı qəti və yubadılmaz addımlar atılmasını tələb edən ermənipərəst konqresmenləri sakitləşdirmək üçün hesabat vermirdi. Eyni zamanda xatırladaq ki, ötən ilin noyabrından sonra Dövlət Departamentində O’Braynın subordinasiyası altında olduğu rəhbərlikdə mühüm yerdəyişmələr olmuşdu, yəni, bu müsahibə onu göstərir ki, rəhbərlikdə dəyişiklik olsa da qarşıda qoyulan vəzifələr dəyişməyib. O’Brayn Azadlıq radiosuna müsahibəsində Qarabağdan ermənilərin köçü ilə bağlı beynəlxalq QHT-lərin fəaliyyətlərini koordinasiya etdiklərini və nəticələrini gözlədiklərini bir daha bəyan etdi.
Azadlıq radiosuna verilən müsahibdə O’Brayn ötən il Konqresdə verdiyi hesabatla müqayisədə daha yumşaq danışdı. Əsasən Ermənistana Rusiyanın təsirlərinin azaldılması üçün zəruri iqtisadi, siyasi və hərbi dəstəyin verilməsi, sülh prosesi və bu prosesin regiona verə biləcəyi faydalardan bəhs etdi. Eyni zamanda jurnalist O’Braynın Konqresdə hesabat zamanı etdiyi çıxışı xatırladaraq hələ də Azərbaycana qarşı Qarabağda baş verənlərə görə sanksiyaların gündəlikdə olub olmadığını soruşdu. Cavab olaraq O’Brayn dedi ki, biz (ABŞ) o zaman bildirmişdik ki, ABŞ sentyabrda baş verənlər barəsində “müstəqil araşdırmanın” aparılmasını təmin edəcək və eyni zamanda münasibətləri davam etdirəcək. O’Brayn onu da bildirdi ki, ABŞ beynəlxalq təşkilatlarla əlaqədədir, həmin təşkilatlar da öz növbəsində yerlərlə birbaşa əlaqədədirlər və onları məlumatlarla təmin edə bilirlər. Onun sözlərinə görə ABŞ hesab edir ki, Qarabağ ermənilərinin geri dönməsi beynəlxalq hüquqa uyğundur, ona görə də sülh müqaviləsi kontekstində geri qayıtmaq istəyən ermənilər üçün çalışacaqlar və buna dəstək verirlər (strongly). Ona görə sülh müqaviləsi olarsa bu məsələlər daha asan həllini tapa bilər, bütün bunlar zaman ala bilər, ancaq onlar bu məsələdə qətiyyətli olacaqlar (stalward). Erməni jurnlistin növbəti sualı belə oldu “Vaşinqtonda siz hələ son qərara gəlməmisiniz ki, Qarbağdan ermənilərin köçü “köçdür” (exodus) ya “etnik təmizləmədir”? Cavab olaraq O’Brayn bildirdi ki, onların əlində hələlik Beynəlxalq Böhran qrupunun və BMT-nin hesabatları var. Onlar ilkin göstəriciləri versələr də (prelinimary indications) hələlik dəqiq (definitive) nəticəyə gəlməyiblər. O’Brayn onu da əlavə etdi ki, ABŞ bu qiymətləndirməni aparmağı beynəlxalq insan hüquqları təşkilatlarına tapşırıb, onların nəticələrini gözləyirlər.
Nəticə
Beləliklə, bu çıxışlardan tam aydın olur ki, Qarabağ erməniləri haqqında “Freedom House” və digər QHT-lərin hesabatı birbaşa Dövlət Departamenti tərəfindən təşviq edilib, hesabat üzərində işləyən qrupun fəaliyyəti Dövlət Departamenti tərəfindən koordinasiya edilib. Ehtimal etmək olar ki, O’Braynın keçmiş təcrübəsini nəzərə alaraq bu işin koordinasiyası birbaşa elə onun özü tərəfindən aparılıb(r). “Freedom House” hesabatı struktur olaraq 2023-cü il sentyabrın 19-20-nə qədər olan hadisələri nəzərdən keçirir. O’Brayn Konqresdə dinləmə zamanı bildirmişdi ki, Dövlət katibinin əmri ilə onlar təkcə sentyabrın 19-20-də olan hadisələri deyil, həm də buna qədər baş verənləri ətraflı və dərindən qiymətləndirəcəklər. Bu hesabatın nəticəsində Yuqoslaviyada baş verən hadisələrə istinad edilir. O’Braynın özü dinləmə zamanı Yuqoslaviya işindəki təcrübəsini xatırlatmışdı.
Bundan sonra ABŞ Dövlət Departamenti deyə bilər ki, bu hesabatın nəticəsi “müstəqil və beynəlxalq” təşkilatların qiymətləndirməsidir. O zaman sual meydana çıxır ki, nə üçün ABŞ Dövlət Departamenti BMT-nin və digər beynəlxalq təşkilatların ilkin qiymətləndirməsi ilə qane olmur və razılaşmır? Nə üçün “Freedom House” hesabatının hazırlanmasında həm müsahibə verən, həm də müsahibə alanların ermənilər olması qəbul edilir? Ancaq Azərbaycan televiziya kanallarının həmin günlərdə götürdükləri yüzlərlə videomüsahibələr əsaslı faktlar kimi qəbul edilmir? Nə üçün bu hesabat məhz O’Braynın Bakıya səfərindən bir neçə gün sonra dərc edildi?
Artıq O’Braynın dediyi və gözlədikləri beynəlxalq təşkilatların qiymətləndirməsi ortadadır. Yəqin ki, 19-20 sentyabr və sonra baş verənlər haqqında digər hesabatlar və qiymətləndirmələr də hazırlanıb. O’Brayn Konqresdə dinləmə zamanı bildirmişdi ki, “müstəqil və beynəlxalq” insan hüquqları təşkilatları ilə yanaşı ABŞ Dövlət Departamentinin özünün araşdırmaçıları da hesabat hazırlayır. Sual budur ki, Dövlət Departamentinin öz araşdırmalarının nəticələri nə zaman dərc ediləcək? Eləcə də USAİD-nin hesabatı nə zaman olacaq? Nəyi gözləyirlər?
İndi bizə ABŞ Dövlət Departamentinin və ya rəsmi Vaşinqtonun bu qiymətləndirməyə münasibətini gözləmək qalıb. ABŞ ya “Freedom House” hesabatının nəticəsi ilə razılaşıb Qarabağdan ermənilərin köçünü “etnik təmizləmə” kimi tanımalıdır, ya da BMT missiyasının qiymətləndirməsini qəbul edərək QHT-lərin nəticələri ilə razılaşmadıqlarını bildirməlidir.
Bu cür hesabatlarla, yəni, nəticədə Azərbaycanı etnik təmizləmədə ittiham etməklə ABŞ nəyə nail olmağa çalışır? Bəlkə, növbəti mərhələdə xilas olma naminə ayrılmağa nail olmaq istəyir? Onu da qeyd edək ki, bu cür hesabatlar, Azərbaycan sülh müqaviləsini bu gün imzalasa belə, daha ağır ittihamlarla dərc ediləcək. Çünki bu sadəcə olaraq şantaj vasitəsi deyil, hədəfdir. Bu hədəflərin prioritetlərini isə O’Brayn Konqresdə çıxışının başlağıcında səsləndirmişdi. Birincisi, Qarabağ ermənilərinə hərtərəfli yardım və onların geri qaytarılması, ikincisi, Ermənistana yardım, üçüncüsü, sülh razılaşması. İkinci və üçüncü hədəflər istiqamətində fəaliyyətlər göz önündədir. Qalıb Azərbaycana sülh müqaviləsini tələsik imzalatdırmaqla Qərbi Azərbaycana soydaşlarımızın qaytarılması məsələsi olmadan Qarabağa ermənilərin qaytarılmasını təmin etmək hədəfi.
Əgər elə deyilsə, onda Dövlət Departamenti bəyanat verməli və bu məsələ ilə bağlı birmənalı mövqe ortaya qoymalıdır. Bu olmayana qədər ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərində canfəşanlığı şübhəli görünür. 2020-2023-cü illər ərzində Bayden administrasiyası Azərbaycanın etibarını qazanmaq üçün heç bir addım atmayıb. İndi isə ABŞ regionda yeni tərəfdaş axtarışına çıxıb və bu axtarışda Ermənistanı seçib. Eyni zamanda isə regionda ənənəvi geoiqtisadi və geosiyasi tərəfdaşları olan Azərbaycan və Gürcüstanla münasibətlərində problemlər yaşanmaqdadır. Maraqlıdır ki, bu qədər canfəşanlıq KTMT və Avrasiya İttifaqının üzvü olan ölkə üçün edilir?!
Daha ətraflı: https://cssc.az/az/view/2/61/freedom_house_ve_diger_qhtlerin_qarabag_ermenileri_haqqinda_hazirladigi_hesabatin_tehlili