İranda iyunun 28-də prezident seçkisi keçiriləcək. Müxtəlif rəy sorğularına və aparılan müşahidələrə görə, rəqabət əsasən 3 namizəd – Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Səid Cəlili, Təbrizin millət vəkili, sabiq səhiyyə naziri Məsud Pezeşkiyan və parlamentin sədri Məhəmməd Baqir Qalibaf arasında gedəcək. İran Konstitusiyasına görə Prezidentinin böyük səlahiyyətləri yoxdur, əsas səlahiyyət sahibi ali dini liderdir, onun istəyi əleyhinə siyasət yürütmək və qərar vermək mümkün deyil. Buna baxmayaraq, indiki halda İranda Prezidentin kim olacağına diqqət artıb. Bu ali dini liderin yaşlı və xəstə olması, o cümlədən İran iqtisadiyyatının artan problemləri ilə bağlıdır.
Bu arada, İranda yaşayan azərbaycanlılar arasında prezident seçkisi ilə bağlı maraqlı polemika gedir. İrandakı azərbaycanlıların bir qrupu hesab edir ki, seçkiləri əvvəlki illərdə olduğu kimi boykot etmək lazımdır, çünki İranda prezidentin islahatçı olması belə heç nəyi dəyişməyəcək, verilən vədlər yerinə yetirilməyəcək. İkinci qrup azərbaycanlılar isə əksinə, azərbaycanlı namizəd Məsud Pezeşkiyana dəstək verilməsini lazım bilirlər. Onların arqumenti belədir ki, 17-ci ildir Təbrizin millət vəkili Məsud Pezeşkiyan bölgənin, o cümlədən azərbaycanlıların problemlərinə yaxından bələddir, vaxtilə İran parlamentində Türk Fraksiyasının üzvü olub, çıxışlarında İranın xarici siyasətini kəskin tənqid edib. O heç bir ölkənin daxili işlərinə müdaxilə edilməməsinin vacibliyini vurğulayıb. Məsud Pezeşkiyanın sözlərinə görə, vəziyyət elə bir yerə çatıb ki, hər hansı bir hadisə baş verdiyi zaman digər ölkələr İranın onların daxili işlərinə müdaxiləsini hiss edirlər. “Hamı ilə dava-dalaşdayıq. Heç bir ölkəyə müdaxilə etməməliyik. Lakin istər-istəməz elə hadisələr baş verir ki, digər ölkələr bizim müdaxilə etdiyimizi hiss edirlər və bu, qonşu ölkələrin bizə olan düşüncələridir”, – deyə təblizli millət vəkili çıxışında vurğulayıb. Prezidentliyə namizədin fikrincə, ölkədə problemlər vaxtında həll edilmədiyi üçün üst-üstə yığılır və sonra onları həll etmək daha da çətinləşir. Buna görə də ölkə inkişaf edə bilmir. Bu çıxış Məsud Pezeşkiyanın azərbaycanlılar üçün nəsə etməyə çalışa biləcəyinin işarəsidirmi? Hər halda Məsud Pezeşkiyan azərbaycanlıların səsi hesabına qələbə qazanarsa, azərbaycanlılar qarşısında məsuliyyəti artacaq. Sınamağa dəyər.
Daha ətraflı: https://atlassam.org/az%c9%99rbaycanlilar-m%c9%99sud-pezeskiyana-s%c9%99s-ver%c9%99c%c9%99kl%c9%99rmi/