Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin (Ermənistan toplantıda iştirak etməyib) xarici işlər nazirləri iyunun 21-də Almatıda Avrasiyada yeni təhlükəsizlik arxitekturasının yaradılması ideyasını müzakirə ediblər. Yeni ideyanın müəllifi şəksiz Kremldir. Ukrayna müharibəsinə görə Rusiyanın Qərblə münasibətləri pozulub, ABŞ və NATO ilə qarşıdurma içərisindədir. Buna görə də Rusiya ətrafında anti-Qərb və anti-NATO bloku formalaşdırmağa çalışır. Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya və Vyetnama səfəri də bununla bağlı idi. Yeri gəlmişkən, Şimali Koreyadan fərqli olaraq Vyetnam xarici siyasətdə balansa üstünlük verir. Putindən sonra Xanoya səfər edən ABŞ dövlət katibinin köməkçisinə bildiriblər ki, Vyetnam Amerikanı strateji tərəfdaşı hesab edir. Yəni Kreml Vyetnamı yanına çəkə bilməyib.
Buna baxmayaraq, Kreml Almatıda “Avrasiyada yeni təhlükəsizlik arxitekturasının yaradılması” ideyasının müzakirəsinə KTMT-dəki tərəfdaşlarını cəlb edə bilib. Toplantıda iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavron deyib ki, Avroatlantik təşəbbüslər özünü ifşa edib və bölgədə sabitliyi gücləndirmək üçün yeni təhlükəsizlik arxitekturasına ehtiyac var.
Nədir bu yeni “arxitektura” və yeni ideya KTMT-nin çərçivəsini aşacaqmı?
Kreml “yeni təhlükəsizlik arxitekturası” ideyasını hələ ötən ilin oktyabr ayında irəli sürüb. Belarusun paytaxtı Minskdə 2023-cü ilin oktyabrında KTMT çərçivəsində “Avrasiya təhlükəsizliyi: dəyişən dünyada reallıq və perspektivlər” adında konfrans keçirilib. Rusiya həmin konfransda Avrasiya qitəsində yeni təhlükəsizlik sisteminin müzakirəsini təklif edib. Almatıda bu mövzuya yenidən qayıdılması onu göstərir ki, Kreml irəli sürdüyü ideyanı reallaşdırmağa çalışır. Rusiya bu ideyanın reallaşması üçün birinci ondan başlamaq istəyir ki, bölgəyə aid olmayan (ABŞ və NATO-ya üzv digər dövlətlər nəzərdə tutulur) dövlətlərin Avrasiya qitəsində hərbi iştirakının qarşısı alınmalıdır.
Kremlin irəli sürdüyü konsepsiyaya görə, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ABŞ və NATO-nun digər üzvləri ilə hərbi sahədə əməkdaşlıq etməməli, onların təlimlərinə qatılmamalıdırlar. Mərkəzi Asiya ölkələrinin bir qismi KTMT-nin üzvü olsalar da, həmin dövlətlər Kremlin yeni “ideyasına” şərik çıxmayacaqlar, əlbəttə müzakirələrdə iştirak edəcəklər, ancaq Avrasiyada yeni təhlükəsizlik arxitekturasının qurucuları sırasında olmayacaqlar. Həmin ölkələr üçün KTMT kifayət edir. Rusiya isə həm KTMT-ni gücləndirmək, həm də bu təşkilatın sərhədini aşmaqla yeni hərbi blok formalaşdırmağa çalışır. Cənubi Qafqaz ölkələrinin də hər birinin bölgədən uzaq ölkələrlə hərbi əməkdaşlığı mövcuddur. KTMT üzvü Ermənistan Fransadan, Azərbaycan isə NATO üzvü Türkiyədən və İsraildən silah alır.
Bu arada, Türkiyə və Azərbaycan Mərkəzi Asiya ölkələri ilə hərbi əməkdaşlığı genişləndirməyə çalışırlar. KTMT üzvü Qırğızıstan nümayəndəsi Şuşadakı konfransda çıxışında “Türk NATO”su və ya “Türk KTMT”nin yaradılmasını təklif edib. Bu da türk dövlətlərinin yeni təhlükəsizlik arxitekturası ideyasıdır.
Daha ətraflı: https://atlassam.org/avrasiyada-iki-t%c9%99hluk%c9%99silik-arxitekturasindan-hansi-realdir/