Rusiya-Azərbaycan Ekspert Şurasının V iclası keçirilib

Bakıda “Rusiya və Azərbaycanın çoxtərəfli layihə və təşəbbüslər çərçivəsində əməkdaşlığı” mövzusuna həsr edilmiş Ekspert Şurasının V iclası keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən iclasda Rusiya-Azərbaycan arasında ikitərəfli münasibətlər, regional və qlobal gündəmin müxtəlif məsələləri əsas müzakirə mövzuları olub.

Fərid Şəfiyev bildirdi ki, 2021-ci ildən fəaliyyət göstərən Ekspert Şurasının fəaliyyəti müsbət məqamlarla yadda qalıb. O, iki ölkə beyin mərkəzlərinin birgə əməkdaşlığı ilə hazırlanan ortaq layihə və məruzələrin qarşılıqlı əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib və Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməni ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan ardıcıl addımların məntiqi yekunu kimi xarakterizə edib.

Onun sözlərinə görə, ölkələrimiz arasında iqtisadi, humanitar və digər sahələrdə də əməkdaşlıq inkişaf etməkdədir.

“Qeyd edilənlərdə iki dövlət rəhbəri arasındakı yüksək səviyyəli qarşılıqlı anlaşmanın da payı böyükdür”.

Ekspert Şurasının fəaliyyətini müsbət qiymətləndirən Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi İqor Maslov 2022-ci ildə ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu, ikitərəfli gündəmin daha da genişləndiyini, regional və qlobal problematikanın bir çox məsələlərini əhatə etdiyini diqqətə çatdırıb.

Ekspert Şurasının toplantılarının praktiki nəticələr verdiyini vurğulayan Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlər üzrə müsbət dinamika üzrə inkişaf etdiyini qeyd edib, ikitərəfli münasibətlərin regional baxımdan da əhəmiyyətinə diqqət çəkib.

Daha sonra çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Rusiyanın Cənubi Qafqazda sülh və çiçəklənmədə maraqlı olduğunu, Bakı və İrəvan arasında normallaşmaya töhfə verməyə hazır olduğunu qeyd etdi.

Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru İvan Timofeyev isə iki ölkə arasındakı hökumətlərarası və parlamentlərarası münasibətlərin məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Ekspert Şurası öz işini “Rusiya-Azərbaycan müttəfiqlik qarşılıqlı əlaqələrinin prioritetləri” və “Rusiya və Azərbaycanın regional tərəfdaşlığının aktual formatları və aspektləri” mövzularında panel sessiyaları ilə davam etdirib.

Yekunda növbəti dövr üçün fəaliyyət planı müzakirəyə qoyulub və kommünike qəbul edilib.

Daha ətraflı: https://aircenter.az/az/post/rusiya-azerbaycan-ekspert-surasinin-v-iclasi-kecirilib-1491