Azərbaycanın Afrika ölkələri ilə əlaqələrində xüsusi yeri qitənin və İslam dünyasının ən nüfuzlu ölkələrindən biri hesab edilən Misir tutur. Ölkəmizin Misirlə əlaqələrinin dərin tarixi kökləri olduğuna istinad edərək, Azərbaycanın Afrika qitəsində ilk diplomatik nümayəndəliyinin məhz Misirdə açıldığını söyləmək olar.
Misirlə əlaqələr Azərbaycanın ərəb dünyasında həyata keçirdiyi xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu ölkənin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd etsək, bu əlaqələrin nə dərəcədə önəm daşıdığını vurğulamış olarıq. Belə ki, 1991-ci ilin dekabrın 26-da Azərbaycanın ərazi bütövlüyünü tanıyan Misir Azərbaycanın mövqeyini daim Birləşmiş Millətlər Təşkilatı (BMT) və İslam Əməkdaşlıq Təşkilatında (İƏT) dəstəkləyib. Misirin bu mövqeyi digər ərəb ölkələrinə də təsir göstərib və onların Azərbaycana qarşı bənzər addımlarına təkan verib.
Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ərəb ölkələri üzrə eksperti Lalə Xəlilzadə bildirib.
O xatırladıb ki, bu il 32 ili tamam olan Azərbaycan-Misir diplomatik əlaqələrinin təməli 1992-ci il martın 27-də qoyulub, bir il sonra – 1993-cü ildə Misirin Azərbaycanda səfirliyi açılıb.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə Qahirəyə rəsmi səfəri ilə iki ölkənin münasibətlərinin inkişaf strategiyası müəyyənləşib. Məhz bu strategiyanın davamı olaraq 1996-cı ildə Azərbaycan və Misir arasında təhlükəsizlik sahəsində əməkdaşlıq və bu sahədə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi üzrə anlaşma memorandumu imzalanıb.
Ekspert qeyd edib ki, 1997-ci ildə İranın paytaxtı Tehranda 53 ölkənin iştirakı ilə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində Azərbaycan nümayəndə heyətinə şəxsən başçılıq edən Prezident Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində yurdlarından didərgin olan qaçqın və məcburi köçkünlərə göstərilən humanitar yardıma görə Misir hökumətinə təşəkkür etmişdi. Ulu Öndər Heydər Əliyev dövründə təməli qoyulan əlaqələr İlham Əliyevin prezidentliyi dövründə qarşılıqlı səfərlər çərçivəsində bir sıra uğurlu addımların atılması ilə nəticələnib. Belə ki, 2007-ci il mayın 6-8-də Azərbaycan Prezidenti İlham Əliyevin Misirə səfəri çərçivəsində iki ölkə arasında iqtisadiyyat, enerji, turizm, kənd təsərrüfatı, elm və texnologiya sahələrini əhatə edən 12 saziş imzalanıb. Təsadüfi deyil ki, görüş çərçivəsində Qalubiyyə bölgəsi və Abşeron rayonlarının qardaş şəhərlər elan edilməsi iki ölkə arasında regionlararası əməkdaşlığın uğurlu inkişafında mühüm rol oynayıb.
2015-ci ildə isə Misirin Şarm Əl-Şeyx şəhəri ilə Azərbaycanın Qəbələ şəhəri qardaş şəhərlər elan edilmiş, İsgəndəriyyə ilə Sumqayıt, Qahirə ilə Bakı, Misirin Qırmızı dəniz regionu ilə Azərbaycanın regionlarından biri arasında qardaşlaşmış şəhər münasibətləri haqqında protokollar müzakirə edilib. Qalubiyyə rayonundakı Misir-Azərbaycan dostluğunun adını daşıyan parkda Ümummilli Lider Heydər Əliyevin abidəsi ucaldılıb ki, bu da iki ölkənin dostluğunun digər aspektdən təzahürüdür.
Azərbaycan-Misir əməkdaşlığında atılan önəmli addımlardan digəri 2019-cu ildə hər iki ölkənin diplomatik və xidməti pasport sahiblərinin vizasız səyahət edə bilmələri üçün sazişin imzalanmasıdır.
“Son bir neçə ilə nəzər yetirərkən, iki ölkənin rəsmiləri arasında keçirilən silsilə görüşlər və qarşılıqlı səfərlər nəticəsində imzalanan sazişlər və icra olunan işlər sayəsində Misir-Azərbaycan əlaqələrində nəzərəçarpacaq yüksəliş müşahidə olunur. İyunun 8-də Prezident İlham Əliyevin Misirə rəsmi səfərini bu baxımdan son dərəcə əhəmiyyətli hesab etmək olar. Bu səfər 2023-cü ilin yanvar ayında Misir Prezidentinin Azərbaycana rəsmi səfərinə cavab məqsədi daşıyaraq, ikitərəfli əlaqələrin inkişafında dönüş nöqtəsi oldu. Səfərdə Prezident İlham Əliyevi geniş tərkibli nümayəndə heyətinin müşayiət etməsi səfərə verilən xüsusi əhəmiyyətin göstəricisi sayıla bilər. Səfərin önəmli məqamlarında biri tərəflər arasında iqtisadiyyat, energetika, rabitə-nəqliyyat, informasiya texnologiyaları sahələrində altı müxtəlif anlaşma memorandumunun imzalanması oldu. Eyni zamanda, bir sıra digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi müzakirə olundu. Bu, həm də iki ölkə arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunun göstəricisidir.
Səfər çərçivəsində Prezidenti İlham Əliyevin Qahirədə Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl-Tayyib ilə görüşü səfərin digər diqqətçəkən məqamlarından oldu. Görüşdə Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələri yüksək qiymətləndirən Əl-Əzhər şeyxi Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində dini liderlərin toplantısının keçirilməsi üçün birgə işlərin aparıldığını deyib. Bu baxımdan tam əminliklə deyə bilərik ki, Misir ilə Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə və mötədil İslamın inkişafına mühüm töhfə verən dövlətlərdir. Tarix boyu hər iki ölkənin mühüm ticarət yolları üzərində yerləşməsi onları həm iqtisadi, həm də ticari baxımdan bir-birinə bağlayan amillər olub. İqtisadi sahədə böyük imkanlara malik Azərbaycan və Misir arasında əməkdaşlıq inkişaf etsə də, mövcud potensialdan tam istifadə edilməyib. Misirdə inqilabdan sonrakı ilk illərdə Azərbaycanla iqtisadi əlaqələrin əsasını neft sənayesi təşkil edirdi. Hazırkı zaman kəsimində isə biz iqtisadi əlaqələrin və ticarətin şaxələndiyinin şahidiyik. Ticarət dövriyyəsində xüsusi yeri kimya və əczaçılıq sənayesi məhsulları, kənd təsərrüfatı, tikinti materialları, sənaye yağları, yanacaq, ərzaq məhsulları, xalçalar və sair tutur”, – deyə Lalə Xəlilzadə vurğulayıb.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan və Misir arasında imzalanan sazişlər ikitərəfli iqtisadi əlaqələrdə kifayət qədər irəliləyişin olduğunu göstərir. Belə ki, həmin il fevralın 25-də Bakıda Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın beşinci iclası çərçivəsində iqtisadi-ticari sahələri əhatə edən iclas protokolu və bir sıra sənədlər imzalanıb.
İkitərəfli iqtisadi əlaqələrin turizm sahəsində də genişlənməkdə olduğunu qeyd edən ekspert deyib: “COVID-19 pandemiyasından əvvəlki dövrə nəzər saldıqda, 2019-cu ildə Misirdən Azərbaycana gələn turist sayı 2018-ci il illə müqayisədə dörd dəfə çoxalıb ki, bu da 84 faiz artım demək idi. Bu kontekstdə Bakı və Şarm-əl-Şeyx arasında birbaşa reyslərin açılması və viza rejiminin ləğv edilməsi turizm sahəsinin artan istiqamətlə irəliləməsində mühüm rol oynayıb. 2022-ci ilin fevral ayında Bakı-Şarm-əl-Şeyx aviareysinin bərpa edilməsi yenidən turizm sahəsinin canlanmasına səbəb olub.
Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıdığını və dəstəklədiyini bildirən Misir bu mövqeyini BMT-də, İƏT-də, Qoşulmama Hərəkatında, Ərəb Dövlətləri Liqasında açıq şəkildə bəyan edib. Eyni dəstəyi biz 44 günlük Vətən müharibəsi zamanı Misir mətbuatının Azərbaycan Ordusunun əks hücum əməliyyatlarını işıqlandırmasında gördük. Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilər haqqında mütəmadi xəbərlər dərc edən Misir mətbuatının ölkəmizin haqlı mövqeyini dəstəklədiyini aydın hiss edirdik. Müharibə zamanı olduğu kimi, işğaldan azad edilmiş ərazilərin bərpa işlərində iştirak məsələsində Misirdən Azərbaycana dəstək gəlib. Belə ki, Misirin Azərbaycandakı keçmiş səfiri Adel İbrahim əməkdaşlığın əsasən enerji və infrastruktur kimi sahələri əhatə edəcəyini bildirib, eləcə də bununla bağlı artıq bir Misir şirkətinin Azərbaycana gəldiyini və müzakirələrin aparıldığını vurğulayıb”.
Ərəb ölkələri üzrə ekspert sonda diqqətə çatdırıb ki, dövlətlərarası münasibətlərin inkişafında, əməkdaşlığın yeni perspektivlərinin müəyyən edilməsində intensiv əlaqələr böyük əhəmiyyət kəsb edir. Bu gün artıq əminliklə söyləmək olar ki, ortaq din və mədəniyyətə malik Azərbaycan ilə Misir arasında əməkdaşlıq möhkəm təməl üzərində qurulub və bu da onun səmərəli inkişafına etibarlı zəmin yaradır.
Daha ətraflı: https://aircenter.az/az/single/azerbaycan-prezidentinin-misir-seferi-emekdasligin-yeni-sehifesi-1485