Rumıniyanın Aleksandr İoan Kuza Universitetində fəaliyyət göstərən Azərbaycan Multikulturalizm Mərkəzi Azərbaycan ədəbiyyatına həsr olunmuş tədbirdə Azərbaycanın Müstəqillik Gününü qeyd edib. Tədbirdə universitetin professoru, Azərbaycan multikulturalizmini tədris edən Lyudmila Bejenaru məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycan müəlliflərinin müxtəlif dillərə tərcümələri sayəsində Azərbaycan mədəniyyəti və ədəbiyyatı haqqında bilik əldə etmək xalqları birləşdirməklə yanaşı, həm də fərqləri və stereotipləri aradan qaldırmağa kömək edən körpüdür. “Azərbaycan ədəbiyyatının tərcümələri mədəniyyətlərin sərhəddində ünsiyyət aktı kimi” mövzusunda təqdim olunan məruzədə Azərbaycan tərcümə məktəbinin tarixi, eləcə də Abbasqulu ağa Bakıxanov, Rəşid bəy Əfəndiyev, Abdulla Şaiqin əsərlərinin Azərbaycan Milli Tərcümə Mərkəzinin dəstəyi ilə bolqar, ispan, gürcü və digər dillərə tərcümə edilməsi haqda məlumat verilib. Tədbirdə həmçinin İon Kryange Dövlət Pedaqoji Universitetinin tələbələri “Azərbaycan poeziyası tərcümədə”, Azərbaycan Dillər Universitetinin müəllimi Günay Müslümova isə “28 May – Azərbaycanlıların Müstəqillik Günü” adlı məruzə ilə çıxış ediblər. Tədbir iştirakçıları Azərbaycan Respublikasının rəmzləri və Müstəqillik Gününün siyasi əhəmiyyəti ilə də tanış olublar.
Daha ətraflı: http://multikulturalizm.gov.az/az/post/2767/ruminiya-universitetinde-azerbaycanin-musteqillik-gunu-qeyd-edilib.html